16 Oktyabr 2019









SÜBH NAMAZININ VƏ ORUCUN BAŞLANMASI HAQQINDA
Jurnalımızda namaz vaxtları ilə əlaqədar verilən cədvəl bəzi möminlərin etirazına, bəzilərinin isə təəccüb və heyrətinə səbəb olur. Etiraz edənlər bu cədvəlin ölkədə buraxılan cədvəllərə uyğun olmadığınıdavamı>>
A+ Balacalaşdır A+ Böyütmək

TƏBİƏT RİSALƏSİ – 3


 XATİMƏ

Küfr fikri olan materializmi (təbiətpərəstliyi) tərk edən və iman gətirən şəxs deyir ki: "Həmd olsun Allaha ki, heç bir şübhəm qalmadı. Yalnız məni maraqlandıran bir neçə sualım vardır.

Birinci sual : Çox tənbəllərin və binamazların belə dediyini eşidirik: "Cənabı-Haqqın bizim ibadətimizə nə ehtiyacı vardır ki, ibadəti tərk edəni Quranda çox şiddət və israr ilə danlayıb Cəhənnəm kimi dəhşətli bir cəza ilə təhdid edir? Mötədil, istiqamətli və ədalətli olan Quran ifadələrinə necə yaraşır ki, əhəmiyyətsiz bir kiçik xətaya qarşı son dərəcə şiddət göstərir?”

Cavab: Bəli, Cənab-Haqqın sənin ibadətinə, hətta heç bir şeyə ehtiyacı yoxdur. Lakin sənin ibadətə ehtiyacın vardır. İbadətin mənəvi yaralara qarşı dərmanlar hökmündə olduğunu çox risalələrdə sübuta yetirmişik. Bir xəstənin o xəstəlik haqqında şəfqətli bir həkimin ona faydalı dərmanlar içirmək üçün təkid etdiyi zaman bunun qarşılığında həkimə: "Sənin nə ehtiyacın vardır ki, məni məcbur edirsən?” – deməsinin nə qədər mənasız olduğunu başa düşərsən.

Quranın ibadəti tərk etməsi haqqında şiddətli təhdidləri və dəhşətli cəzalarına gəlincə, bir padşah xalqının haqlarını qorumaq üçün siravi bir adamı xalqının hüququna zərər verən bir xətasına görə şiddətlə cəzalandırdığı kimi, ibadət və namazı tərk edən adam da əzəli və əbədi Sultanın rəiyyəti hökmündə olan varlıqların haqlarına əhəmiyyətli bir təcavüz edir və onlara mənən zülm edir, çünki varlıqların mükəmməllikləri Sənətkara (Saneə) baxan üzlərində təsbih və ibadətlə təzahür edir. İbadəti tərk edən şəxs varlıqların ibadətini görməz və görə də bilməz. Bəlkə, inkar edər. O vaxt ibadət və təsbih nöqtəsində yüksək məqamda qərar tutan və hər biri bir Səmədani məktub və Allahın adlarına bir ayna olan varlıqları uca məqamlarından aşağı endirdiyinə və əhəmiyyətsiz, vəzifəsiz, cansız (camid), pərişan bir vəziyyətdə təsəvvür etdiyinə görə varlıqları təhqir edər, onların mükəmməlliklərini inkar edib haqlarına təcavüz edər.

Bəli, hər bir kəs kainata öz aynası ilə baxar. Cənabı-Haqq insanı kainat üçün bir miqyas, bir mizan (tərəzi) surətində yaratmışdır. Hər insana bu aləmdən xüsusi bir aləm vermişdir; o aləmin rəngini o insanın qəlbindəki etiqada görə göstərir. Məsələn, son dərəcə ümidsiz və matəm içində ağlayan insan bütün aləmi ağlar və ümidsiz şəkildə görər. Son dərəcə sevincli və nəşəli, müjdəli və mükəmməl nəşəsindən gülən hər bir adam kainatı nəşəli və gülər gördüyü kimi, varlıqlara baxaraq Allahın qüdrətini düşünən və ciddi bir şəkildə ibadət və təsbih edən adam da varlıqların, həqiqətən, var olan ibadətlərini və təsbihlərini bir dərəcə kəşf edər və görər. Qəflətlə və ya inkarla ibadəti tərk edən adam varlıqları həqiqi mükəmməlliklərinə tamamilə zidd, müxalif və xəta bir surətdə xəyal edər və mənən onların haqlarına təcavüz edər.

Həmçinin o binamaz öz-özünə sahib olmadığı üçün öz Malikinin bir qulu olan öz nəfsinə zülm edər. Onun maliki o qulunun haqqını onun nəfsi-əmmarəsindən (çirkinlikləri əmr edən nəfsindən) almaq üçün onu dəhşətli şəkildə təhdid edər. Həmçinin xilqətin və yaradılışın nəticəsi və qayəsi olan ibadəti tərk etdiyinə görə ilahi hikmətə və Rəbbani məşiyyətə qarşı bir təcavüz hökmünə keçər. Ona görə də cəzalandırılar.

Nəticə: İbadəti tərk edən şəxs Cənabı-Haqqın qulu və mülkü olan öz nəfsinə zülm edər. Bu iş həm də kainatın mükəmməl hüququna qarşı bir təcavüz və zülmdür. Bəli, küfr (kafirlik və inkar) varlıqlara qarşı bir həqarət (təhqir) olduğu kimi, ibadətin tərk olunması da kainatın kamilliklərini inkar etmək deməkdir. Həmçinin ilahi hikmətə qarşı bir təcavüz olduğuna görə dəhşətli və şiddətli təhdidə layiqdir.

Bax, bu ləyaqəti və qeyd edilən həqiqəti ifadə etmək üçün ifadələri açıq möcüzə olan Quran möcüzəvi bir şəkildə o şiddətli ifadə tərzini seçərək, tam bir bəlağət olan vəziyyətin tələbinə uyğun hərəkət edir.

İkinci sual: Təbiətdən (materiyadan) vaz keçən və iman gətirən insan deyir ki: "Hər bir varlığın hər cəhətdən, hər bir işində, hər bir əməlində ilahi iradəyə və rəbbani qüdrətə tabe olması çox böyük bir həqiqətdir. Böyüklüyü səbəbi ilə dar zehinlərimiz bunu qəbul edə bilmir. Halbuki gözümüzlə gördüyümüz bu sonsuz dərəcədə bolluq, həmçinin əşyanın yaradılması və var edilməsindəki hədsiz asanlıq, həm keçmiş sübutlarınız ilə həqiqəti meydana çıxan, əşyanın var edilməsində vəhdət yolundakı son dərəcə asanlıq, həm Quranın nəssi (mətni) ilə təyin edilən "Sizi yaratmaq və diriltmək ancaq bir nəfəri (nəfsi-vahidə) yaratmaq və diriltmək kimidir...”[29], "... Qiyamətin qopması (əmri) bir göz qırpımında, yaxud daha tez olar. ...”[30] kimi ayələrin açıq şəkildə göstərdikləri sonsuz dərəcədə asanlıq o böyük həqiqətin ən məqbul və ən əqli bir məsələ olduğunu göstərirlər. Bu asanlığın incəliyi və hikməti nədir?”

Cavab: İyirminci məktubun Onuncu Kəlməsi olan "O, hər şeyə qadirdir!” ifadəsində o incəlik çox aydın, qəti və qaneedici bir tərzdə bəyan edilmişdir. Ələlxüsus, o məktubun əlavəsində daha artıq izahla sübut edilmişdir ki, bütün varlıqlar Sanei-Vahidə (Vahid və Tək olan Sənətkara) nisbət verildikdə bir tək varlıq hökmündə asanlaşır. Əgər Vahidi-Əhədə nisbət verilməzsə, bir məxluqun var edilməsi bütün varlıqlar qədər çətin olar. Əgər həqiqi Sənətkarına (Saneinə) nisbət verilsə, kainat bir ağac kimi, ağac bir çəyirdək kimi, Cənnət bir bahar kimi və bahar bir çiçək kimi asanlaşır, asanlıq meydana gəlir. Gözlə görünən sonsuz bolluq və ucuzluğun, hər bir növün asan bir şəkildə çoxlu fərdlərinin olmasının, çox asan, sürətli, müntəzəm, sənətli və qiymətli mövcudatın asan şəkildə var olmasının incəliklərinə vəsilə olan və incəliklərini göstərən yüzlərlə dəlillərdən başqa risalələrdə geniş olaraq açıqlanan bir-ikisinə qısa şəkildə olsa da, nəzər salacağıq.

Məsələn, yüz əsgərin bir zabitin idarəsinə verilməsi bir əsgərin yüz zabitin idarəsinə verilməsindən daha asan olduğu kimi, bir ordunun hərbi təchizatı bir mərkəz, bir qanun, bir fabrik və bir padşahın əmrinə verildikdə, adətən, say etibarilə bir əsgərin təchizatı qədər asanlaşdığı kimi, bir əsgərin hərbi təchizatının müxtəlif mərkəzlərə, müxtəlif fabriklərə, müxtəlif komandirlərə həvalə olunması da, adətən, say etibarilə bir ordunun təchizatını təmin etmək qədər çətin olur, çünki bir tək əsgərin təchizatı üçün bütün orduya lazım olan fabriklərin olması lazımdır.

Həmçinin bir ağacın həyatı üçün lazım olan maddələr vəhdətin (tövhidin) incə yönləri baxımından bir kökdən, bir mərkəzdən və bir qanunla verildiyinə görə, minlərlə meyvə verən o ağacın bir meyvə qədər asan olduğu göz önündə meydana gəlir. Əgər təklikdən çoxluğa (vəhdətdən kəsrətə) gedilsə, hər bir meyvənin olması üçün lazımlı olan maddə başqa yerdən verilsə, hər bir meyvənin yaranması bir ağac qədər çətin olar. Hətta ağacın nümunəsi və mündəricatı olan bir tək çəyirdəyin yaradılması belə o ağac qədər çətin olar, çünki bir ağacın həyatı üçün lazımlı olan bütün həyati maddələr bir tək çəyirdək üçün də lazımlıdır.

Bu misallar kimi yüzlərlə misallar göstərmək olar. Hamısı bunu göstərir ki, vəhdətdə (bir olana nisbət verildikdə) son dərəcə asanlıqla vücuda gələn minlərlə mövcud, şirk və kəsrətdəki (çoxluqda) bir tək mövcuddan daha çox asan olur.

Digər risalələrdə bu həqiqət iki vur iki dördə bərabərdir dərəcədə sübut edildiyinə görə, o risalələrə həvalə edib burada sadəcə bu asanlığın elm, ilahi qədər və rəbbani qüdrət baxımından son dərəcə əhəmiyyətli olan bir incə cəhətini açıqlayacağıq. Belə ki:

Sən bir varlıqsan. Əgər öz varlığını Qədiri-Əzəliyə nisbət versən, kibrit çəkərcəsinə, heçdən, yoxdan, bir əmrlə, sonsuz qüdrəti ilə səni bir anda yaradar. Əgər sən öz varlığını Ona nisbət verməsən, əksinə maddi səbəblərə və təbiətə isnad etsən, sən kainatın müntəzəm bir xülasəsi, meyvəsi və kiçik bir mündəricatı və siyahısı olduğuna görə səni yaratmaq üçün kainatı və ünsürləri incə bir ələk ilə ələyib vücudundakı maddələri həssas ölçülərlə aləmin dörd bir tərəfindən yığmaq və toplamaq lazımdır, çünki maddi səbəblər sadəcə bir araya gətirib toplayır. Özlərində olmayanı heçdən, yoxdan ortaya qoya bilmədikləri bütün ağıl tərəfdarlarının yanında təsdiq olunmuşdur. Elə isə kiçik bir canlının cismini aləmin hər tərəfindən toplamağa məcbur olarlar. Bax, vəhdətdə və tövhiddə nə qədər asanlıq, şirkdə və zəlalətdə isə nə qədər çətinliklər olduğunu anla.

İkincisi: Elm baxımdan hədsiz bir asanlıq vardır. Belə ki, qədər elmin bir növüdür ki, hər şeyin mənəvi və məxsus qəlibi hökmündə bir miqdar (ölçü) təyin edər[31]. Və o təyin edilən miqdar o şeyin vücudu (varlığı) üçün bir plan, bir model hökmünə keçər. Qüdrət yaratdığı zaman son dərəcə asanlıqla, o plan və model üzərində var edər. Əgər o şey hər şeyi əhatə edən, sonsuz və əzəli bir elm sahibi olan Qədiri-zülcəlala nisbət verilməzsə, daha əvvəl deyildiyi kimi, minlərlə çətinlik deyil, bəlkə, yüz qeyri-mümkünlük ortaya çıxar, çünki o qədərin təyin etdiyi plan və elmdəki təqdir (təyin etmə) olmazsa, minlərlə görünən maddi qəliblərin, kiçik bir heyvanın cəsədində istifadə edilməsi lazım olar.

Bax, hər şeyin yaradılmasını Allaha nisbət verməkdə sonsuz asanlıq, zəlalətdə və şirkdə sonsuz çətinliyin bir incəliyini başa düş, "Qiyamətin qopması (əmri) bir göz qırpımında, yaxud daha tez olar. ...”[32] – ayəsinin nə qədər həqiqətli, doğru və yüksək bir həqiqəti ifadə etdiyini bil.

Üçüncü sual: Əvvəllər düşmən, indi isə dost olan və hidayətə qovuşan şəxs deyir ki: "Bu zamanda çox irəli gedən filosoflar belə deyirlər: "Yoxdan heç bir şey var olmur, heç bir şey də yox olmur, yalnız ortada bir tərkib (bir neçə şeyi quraşdırıb birləşdirməklə mürəkkəb bir şey əmələ gətirmə) və təhlil (bir şeyi tərkib hissələrinə ayırma) vardır ki, kainat fabrikini işlədir”.

Cavab: Quran nuru ilə varlıqlara baxmayan filosofların ən yüksək səviyyədə olanları təbiət və səbəblər vasitəsi ilə bu varlıqların meydana gəlməsini və var olmasını – daha əvvəl isbat etdiyimiz kimi – qeyri-mümkünlük dərəcəsində çətin gördüklərinə görə iki hissəyə ayrılmışlar.

Onlardan bir hissəsi səfsətəçi olub insanın ən önəmli xüsusiyyəti olan ağıldan istifadə edərək və axmaq heyvanlardan daha aşağı düşüncə ilə yanaşaraq kainatın varlığını inkar etməyi, hətta öz varlıqlarını da inkar etməyi, zəlalət məsləyindəki səbəblərin və təbiətin var etmə qüdrəti olmasından daha asan gördüklərinə görə həm özlərini, həm də kainatı inkar edib mütləq bir cəhalətə düşmüşlər.

İkinci qrup isə baxmışdır ki, zəlalətdə səbəblər və təbiətin varedici olmalarını qəbul etmə vəziyyətində bir milçək və bir çəyirdəyin var edilməsinin sonsuz çətinlikləri vardır. Və ağılın vəziyyəti xaricində bir iqtidar tələb edir. Buna görə də məcburi olaraq var etməni inkar edirlər. "Yoxdan var olmaz”, – deyirlər və yox olmağı da qeyri-mümkün görürlər. "Var yox olmaz”, – deyə hökm edirlər. Var və yox olan şeyləri yalnız atomların (zərrələrin) hərəkətləri ilə, təsadüf küləkləri ilə tərkib, təhlil, dağılma və toplanma surətində etibari bir vəziyyət (məsələn, ekvator xətti etibaridir) olaraq xəyal edirlər.

Bax, sən gəl, axmaqlığın və cəhalətin ən aşağı dərəcəsində, özünü ən ağıllı zənn edən adamlara bax! Və zəlalətin insanı nə dərəcədə gülünc, aşağı və çox cahil bir vəziyyətə saldığını gör. Əcəba, hər il dörd yüz min növü birdən yer üzündə var edən, göyləri və yeri altı gündə yaradan, altı həftədə, hər baharda, kainatdan daha sənətli, hikmətli, canlı bir kainatı vücuda gətirən əzəli bir qüdrət, əzəli bir elm dairəsində planları və ölçüləri müəyyənləşən elm dairəsindəki varlıqları, gözə göstərməyən bir maddə ilə yazılan və görünməyən bir yazını göstərmək üçün sürtülən bir maddə kimi, son dərəcə asan olaraq, o xaricdə var olmayan elm dairəsindəki varlıqlara görünən bir varlıq verməyi o əzəli qüdrətdən uzaq görmək və yoxdan yaratmağı inkar etmək, birinci qrup olan səfsətəçilərdən daha çox ağılsızlıq və cahillikdir.

Bu bədbəxtlər mütləq bir acizlik və kiçik bir tərcihdən (cüzi-ixtiyaridən) başqa əllərindən bir şey gəlməyən fironlaşmış nəfsləri heç bir şeyi yox edə bilmədiklərinə, həmçinin heç bir zərrəni və bir maddəni yoxdan var edə bilmədiklərinə, güvəndikləri səbəblərin və təbiətin əlindən də yoxdan var etmək gəlmədiyinə görə, axmaqlıqlarından "Yoxdan var olmaz, var olan da yox olmaz”, – deyib bu batil və xətalı düsturu (prinsipi), Qədiri-Mütləqə də şamil etmək istəyirlər.

Bəli, Qədiri-Zülcəlalın iki şəkildə yaratması vardır; Biri ixtira və ibda yoludur, yəni heçdən, yoxdan yaradır və ona lazım olan şeyi də heçdən yaradıb ona təqdim edir.

Digəri isə inşa, sənət yoludur, yəni kamil hikmətini və çox adlarının təcəllilərini göstərmək kimi çox dəqiq hikmətlər üçün kainatın ünsürlərini bir araya gətirərək bəzi varlıqları inşa edir; hər əmrinə tabe olan atomları (zərrələri) və maddələri, rəzzaqiyyət qanunu ilə onlara doğru göndərir və onlarda işlədir.

Bəli, Qədiri-Mütləqin iki şəkildə; həm ibda, həm də inşa şəklində yaratması vardır. Varı yox etmək və yoxu var etmək ən asan, bəlkə, daimi və ümumi bir qanunudur. Bir baharda, üç yüz min müxtəlif canlı növünün şəkillərini, sifətlərini, hətta hüceyrələri ilə yanaşı bütün vəsflərini və hallarını yoxdan var edən bir qüdrətə qarşı "Yoxu var edə bilməz”, – deyən adam yox olmalıdır!

Təbiəti (materializmi) tərk edən və həqiqətə tabe olan şəxs deyir ki, Cənabı-Haqqa atomların sayı qədər şükr, həmd-səna edirəm ki, mükəmməl imanı qazandım, şübhə və zəlalətlərdən xilas oldum və heç bir şübhəm də qalmadı. İslam dininə və kamil imana qovuşdurduğu üçün bütün həmdlər Allaha məxsusdur!

"Sən hər cür eyib və naqislikdən uzaqsan! Sənin bizə öyrətdiklərindən başqa biz heç bir şey bilmirik. Həqiqətən, Sən Əlimsən (hər şeyi bilənsən)!”[33]

SON

MÜTƏRCİM: XƏYYAM QURBANZADƏ

REDAKTOR: ƏFRUZƏ HƏSƏNOVA

[29] "Loğman”, 28

[30] "Nəhl”, 77

[31] Məsələn, bir nar ağacını nəzərdən keçirək: Rəbbimiz o ağacın çəyirdəyini, harada yetişəcəyini, kimin əli ilə torpağa basdırılacağını, nə qədər budaq və yarpaq çıxaracağını, budaq və yarpaqlarının formalarını, o çəyirdəyin nə qədər meyvə verəcəyini, ömrü boyunca o ağacdakı narların nə qədər çəyirdəyi olacağını, o meyvələri kimlərin yeyəcəyini, o çəyirdəklərin insandakı hansı hüceyrələrə necə bir fayda verəcəyini əzəli elmində proqramlaşdırmışdır. Bunu da Lövhi-Məhfuzda, yəni nəzdində olan mahiyyətini bilmədiyimiz qorunmuş lövhədə yazmışdır. Bütün bu plan və proqram zamanı gəldikcə saniyə belə keçmədən işə düşər. Bunu bütün nar çəyirdəklərinə, bütün meyvələrə, bütün ağaclara, göyərtilərə, bütün quş, balıq və digər heyvan yumurtalarına, milçəklərə, böcəklərə, arılara, qarışqalara, bütün heyvan cinslərinə, bütün ulduzlara, bütün insanlara, bütün mələklərə, bütün bitkilərə, bütün qar və yağış damcılarına da şamil edə bilərik.

Eyni zamanda bu proqramı qiyamətdən sonrakı zamana, insanların yenidən dirilməsinə, hesaba çəkilməyə, mizanda əməllərin çəkilməsinə, siratdan keçməyə, Cənnətə və Cəhənnəmə getməyə, Cənnətdəki bütün meyvələrə, Cəhənnəmdəki bütün əzablara aid edə bilirik.

[32] "Nəhl”, 77

[33] "Bəqərə”, 32





  Şərhlər / 0 Şərh




 Şərh yazın


Ad və soyadınız* :
E-mail* :
Ölkə / Şəhər* :
Şərhiniz* :


ƏLLAMƏ BURQUİ


11

free counters

Sabiqun 2011-2019 © Bütün hüquqlar qorunur
Məlumatlardan istifadə zamanı istinad zəruridir!
Telefon: (+994 50) 429-20-99
Site by: azDesign.ws
 

Yeniliklərə abunə olun