16 Oktyabr 2019









SÜBH NAMAZININ VƏ ORUCUN BAŞLANMASI HAQQINDA
Jurnalımızda namaz vaxtları ilə əlaqədar verilən cədvəl bəzi möminlərin etirazına, bəzilərinin isə təəccüb və heyrətinə səbəb olur. Etiraz edənlər bu cədvəlin ölkədə buraxılan cədvəllərə uyğun olmadığınıdavamı>>
A+ Balacalaşdır A+ Böyütmək

ƏLİ VYAÇESLAV POLOSİN

Müsəlman diyarındakı əksər insanlar İslam məmləkətində doğulub boya başa çatdıqları üçün onlara elə gəlir ki, islami düşüncələrə (İslam dəyərlərinə) özləri sahib olublar. Ancaq bu istiqamətdə islami mənimsəmə düşüncə və təfəkkürlə deyil, təqlidi yanaşma yolu ilə olduğu üçün bu mənimsəmə müəyyən qədər zəif mövqe tutur. Lakin insanların içərisində elələri də vardır ki, batil və ya təhrif olunmuş əqidələrdə mövqe tutmalarına baxmayaraq, öz daxili hisslərinin təfəkkür və düşüncələrinin sayəsində haqqı araşdırıb İslamın biçdiyi şərəf libasını əyinlərinə geyinmişlər. İndi sizin diqqətinizə çatdıracağım bu geniş düşüncə sahibi olan insan da belələrindəndir. O, Əli Vyaçeslav Polosindir.

Həyatı

Vyaçeslav Serqeyeviç Polosin 1956-cı ilin iyun ayının 26-da Moskva şəhərində dünyaya gəlmişdir. Milliyyətcə rusdur. Fəlsəfə elmləri üzrə doktor və politologiya üzrə isə namizəddir.

1978-ci ildə Moskva Dövlət Universitetinin fəlsəfə fakültəsini "sosiologiya” ixtisası üzrə bitirmişdir. Diplomu "Maks Veberin "kapitalizmin ruhu” konsepsiyasının tənqidi” olmuşdur.

Rus Pravoslav kilsəsində fəaliyyəti

1980-ci ildə pravoslav kilsəsində qiraətçi kimi işə başlamış, 1983-cü ildə isə Moskva Ruhani seminariyasını bitirmişdir. 1983-1985-ci illər arası Orta Asiyada keşiş kimi fəaliyyət göstərərək, Düşənbə şəhərindəki kilsələrin birində baş keşiş vəzifəsini icra etmişdir. 1985-ci ildən 1988-ci ilə kimi Rus Pravoslav kilsəsinin nəşriyyat şöbəsinin ştatdankənar əməkdaşı olmuşdur.

1988-ci ildən 1991-ci ilə kimi Kaluqa vilayətinin Obninsk şəhərindəki kilsədə protoierey (baş keşiş) vəzifəsində çalışmışdır. 1996-cı ildən isə kilsədə rəsmi fəaliyyətini dayandırmışdır.

Dövlət orqanlarında fəaliyyəti

1990-1993-cü illər arası Kaluqa vilayətindən RSFSR-in (RF) xalq deputatı seçilmiş, Rusiya Federasiyasının (RF) Ali Sovetinin üzvü, RF-nin Ali Sovetinin rəyasət heyətinin üzvü, RF-nin Ali Sovetinin vicdan, din azadlıqları, mərhəmət və xeyriyyəçilik Komitəsinin sədri olmuşdur. Rusiya Federasiyasının "Dini etiqad azadlığı” və "Vicdan azadlığı və dini qurumlar” haqqında qanunlarının və onlara edilən düzəlişlərin həmmüəllifidir. 1991-ci ildə Rusiya Federasiyasının Prezidentinin inaqurasiya mərasimini işləyib hazırlayanlardan biridir. 1993-cü ildə Rusiya Federasiyasının Xarici İşlər Nazirliyinin Diplomatik Akademiyasını bitirmiş və "1971-1991-ci illərdə SSRİ-də kilsə və dövlət” mövzusunda politologiya üzrə namizədliyini müdafiə etmişdir.

1994-cü ilin martından 2000-ci ilin noyabr ayınadək RF-nin Dumasının eksperti, Dini qurumlar və ictimai təşkilatlar üzrə Komitənin məsləhətçisi, 3-cü dərəcəli dövlət müşaviri olmuşdur.

1999-cu ildə 440 səhifəlik "Mif, din, dövlət” adlı kitabı işıq üzü görmüşdür. Kitabda dini əfsanə və miflərin cəmiyyətin siyasi inkişafına olan təsirindən bəhs edilmişdir. "Mifin dialektikası və siyasi mif yaradıcılığı” mövzusunda "Din fəlsəfəsi” üzrə doktorluq dissertasiyasını müdafiə etmişdir. Dini və dini-siyasi məzmunlu bir sıra publisistik yazıların müəllifidir.

İslamı qəbul etməsi

1999-cu ilin mayında rəsmi şəkildə İslam dinini qəbul etdiyini açıqlamış və Əli adını ikinci ad kimi götürmüşdür. 1999-cu ilin oktyabrından Rusiya Müftilər Şurasının müşaviridir.

2000-ci ildə "Tanrıya doğru düz yol” adlı kitabı çap edilmişdir. Kitabda xristian din mənsubunun İslamı qəbul etməsinin ilahiyyat nöqteyi-nəzərdən əsaslarından bəhs olunmuşdur. 2001-ci ildə isə "Yeni Rusiyanın manifesti: üçüncü yol – doğru yol!” kitabı və "Bütpərəstliyin aradan qaldırılması” monoqrafiyası işıq üzü görmüşdür. 2000-ci ilin oktyabrından Moskvada yeni yaradılmış "Doğru yol” adlı müsəlman dini icmasının sədridir.

2001-ci ildə Rusiya Müftilər Şurasının buraxdığı "Rusiya müsəlmanlarının sosial proqramının əsas müddəaları”nı işləyib hazırlayanlardan biridir. 2002-ci ilin fevralından "İslam haqqında hər şey” adlı müstəqil qəzetin baş redaktorudur.

2003-cü ilin mayında təsisedici qurultayda Rusiyanın müsəlman jurnalistlər Şurasının Sədri seçilmişdir.

Əli Polosin 10-dan çox kitabların, bir çox əlyazma və məqalələrin müəllifidir.

Və sonda sizin diqqətinizi Rusiyanın NTV kanalında gedən bir verilişdəki maraqlı məqam ilə tanış edəcəyəm. Bu veriliş Provaslav rahibi ilə Polosin arasındakı polemika mahiyyətini daşıyırdı.

Dini məzmunlu bu verilişdə rahib Əli Polosini öz dinini dəyişdiyi üçün Allaha xəyanət etdiyini bildirdi. Əli Polosin bu ittihamı səbirlə dinlədikdən sonra bu cavabı verdi: "Mən Allaha xəyanət etməmişəm, bunu bir-birindən ayırmadan üç istiqamətdə izah edə bilərəm:

1. Məntiqlə. Onu deyə bilərəm ki, İsa (ə) dövrü ilə Həzrət Mühəmməd (s)-in dövrü arasındakı fasilə təxminən 600 ildir ki, bu da İslamla müqayisədə xristianlığın mənafelərə uyğun dəyişdirilməsinin mümkünlüyü reallıqdan xaric deyil. Və yaxud vahid bibliyanın olmaması (İohanna, Luka, Matta, Matfey) olmaqla dörd hissəyə bölünməsi.

2. Xristianlıqla. İstər Əhdi-Əqiq, istərsə də Əhdi-Cədid olmaqla bütün bibliyanı mütaliə etdikdə sanki ilahi missiyanın bütün dünyaya nə vaxtsa möhürünü vuracaq bir subyektin təzahürünü duyursan. Bu iddiada təfəkkür və yaşam tərzi ilə bəşəriyyətə nümunə olacaq Həzrət Mühəmməd (s)-dən ləyaqətli kim ola bilər?

3. İslamla. "(Ya Rəsulum!) De: "Ey kitab əhli, sizinlə bizim aramızda eyni olan bir kəlməyə tərəf gəlin – "Allahdan başqasına ibadət etməyək. Ona şərik qoşmayaq və Allahı qoyub bir-birimizi Rəbb qəbul etməyək!” Əgər onlar yenə də üz döndərərlərsə, o zaman deyin: "İndi şahid olun ki, biz, həqiqətən, müsəlmanlarıq!” (Ali-İmran, 64).

Mən nə Allahdan başqasına ibadət edirəm, nə də Ona şərik qoşuram. Mən kökü Allaha sıx bağlı olan xristianlığın modern, mükəmməl, zahiri təhrif olmaqdan uzaq olan və insan fitrəti ilə ayaqlaşan formasına istiqamətləndim”.

Nadir Məmmədov




  Şərhlər / 0 Şərh




 Şərh yazın


Ad və soyadınız* :
E-mail* :
Ölkə / Şəhər* :
Şərhiniz* :


ƏLLAMƏ BURQUİ


11

free counters

Sabiqun 2011-2019 © Bütün hüquqlar qorunur
Məlumatlardan istifadə zamanı istinad zəruridir!
Telefon: (+994 50) 429-20-99
Site by: azDesign.ws
 

Yeniliklərə abunə olun