16 Oktyabr 2019









SÜBH NAMAZININ VƏ ORUCUN BAŞLANMASI HAQQINDA
Jurnalımızda namaz vaxtları ilə əlaqədar verilən cədvəl bəzi möminlərin etirazına, bəzilərinin isə təəccüb və heyrətinə səbəb olur. Etiraz edənlər bu cədvəlin ölkədə buraxılan cədvəllərə uyğun olmadığınıdavamı>>
A+ Balacalaşdır A+ Böyütmək

ƏRBAKAN XOCADAN BİR XATİRƏ

USTAD XOSROVŞAHİNİN QƏLƏMİ İLƏ NƏCMƏDDİN ƏRBAKANDAN BİR XATİRƏ

NƏCMƏDDİN ƏRBAKANLA İLK GÖRÜŞÜ
İslam İnqilabının qələbəsindən əvvəl dəfələrlə Türkiyəyə – Ankara və İstanbula – səfər etmişdim. İlk səfərdə "Meyhən Tur”un avtobusu ilə Tehrandan Fransaya və Almaniyaya qədər Türkiyə yolu ilə getmişdim. Sonralar isə təyyarə ilə... Ankarada bir neçə qəzetə, o cümlədən çoxtirajlı həftəlik "İttihad” və "Zaman” qəzetlərinə də müsahibələr vermişəm və bu, onların ilk səhifəsində nəşr olunmuşdur.
Bir gecə Ankarada qardaşlardan birinin məsləhəti ilə Molla Səid Nursinin "Nurcular” deyə tanınan tərəfdarlarının məclisində iştirak etdim. Onlar bundan çox sevindilər və türkcə bəzi sözlər də bəyan etdim ki, bu da məclis iştirakçıları tərəfindən yaxşı qarşılandı və xoş təsir bağışladı. Lakin sonrakı gün Saleh Özcan adlı başqa bir qardaş – bu qardaş "Hilal” adlanan aylıq jurnalın təsisçisi idi və o jurnalı həmişə mənə göndərərdi – mənə xəbərdarlıq etdi ki, nurçuların gecə toplantıları qadağandır və bəzən polislər basqın edib məhkəmənin qərar verməsinə qədər bütün iştirakçıları tutub saxlayırlar...
"Zaman” qəzetinin rəhbəri Mühəmməd Şövkət Eygi ilə görüşdüm və naharda Məkkədə yerləşən "Rabitətul-Aləmil-İslami”nin üzvü olan və onunla oradan tanış olduğum Saleh Özcanın qonağı oldum. Daha nurçuların dərslərində iştirak etmədim.
Lakin İrana qayıtdıqdan sonra onlarla yazışmalar və fikir mübadilələri başlandı və bu, uzun müddət davam etdi. Həmin vaxtdan etibarən əlimdə onların mürşidindən gələn onlarla məktub vardır ki, o məktublarda Molla Səid Nursinin salam və tərifini mənə çatdırmışlar... Bu yazışmaların mərkəzi Urfa şəhəri idi və çox məktublar "Nur tələbələri” imzası ilə yazılırdı... Molla Səid Nursinin rotator maşınında çoxaldılan və çoxu ərəb hərfləri ilə yazılmış kitablarını və risalələrini mənim üçün göndərirdilər. Həmin kitablar və risalələr hələ də köhnə kitabxanamda saxlanılır.
... Bu əlaqələr İslam İnqilabının qələbəsindən sonra daha da genişləndi və biz Peyğəmbərin besətinin (peyğəmbərliyinin) 1500 illiyi ilə əlaqədar keçirilən bayrama onlardan bir qrupu da İrana dəvət etdik və onlar da sevinclə bu bayramda iştirak etdilər... Nurçular Molla Səid Nursinin vəfatından sonra ayrı-ayrı qruplara ayrıldılar. Qruplardan hər birinin rəhbəri özünə məxsus bir təşkilat yaratdı ki, bunların da hər biri öz növbəsində çox fəaldır. Onlar Molla Səidin metodunu və yolunu əsas götürüb özlərinin əsasən Molla Səidin risalələrindən ibarət olan nəşriyyatını müxtəlif dillərdə çap edirlər.
İnqilabın qələbəsindən və Vatikan səfirliyinə təyin olunduqdan sonra İrakın İrana təcavüzünə görə İrandan Avropaya ardıcıl uçuşlar olmadığı üçün səfir kimi fəaliyyət göstərdiyim dövrdə İtaliyaya səfər etmək üçün iş yerimə bəzən Türkiyə yolu ilə İstanbuldan getməyə məcbur olurdum və təbii olaraq bir-iki gün İstanbulda qalırdım. Bu zaman təhsil sistemi ilə əlaqədar işlərimi görür və türk dostlarım və qardaşlarımla görüşürdüm.
Belə səfərlərdən birində türk qardaşların əvvəlcədən gəldikləri qərara uyğun olaraq "Milli Səlamət Partiyası”nın rəhbəri Nəcməddin Ərbakanın görüşünə getdim. O, məni Partiyanın binasında qarşıladı. Partiyanın üzvləri və tərəfdarları onu Xoca – mürşid, yaxud ustad – deyə çağırar və ona çox ehtiram edib əlini öpərdilər. Hətta onlar Xocanın məni qarşılamaq üçün qapıya qədər gələrək özü müşayiət etməsinə təəccüb etdilər. O, bu hərəkətindən ətrafdakıların təəccübləndiyini gördükdə dedi: "Bu, xoca əfəndi bizim iranlı qardaşımızdır. Biz onun görüşünə getməliydik, lakin o, məhəbbət göstərib bizim görüşümüzə gəlmişdir... Biz onun ehtiramına və əxlaqına görə ona təşəkkür etməliyik...”

NƏCMƏDDİN ƏRBAKAN İRAN İSLAM İNQİLABININ VURĞUNU İDİ
Təxminən bir saat Ərbakanın yanında oldum. Heç bir riyakarlıq etmədən, mürşid və xoca qiyafəsinə bürünmədən mənimlə səmimi söhbət etdi və mən İstanbul türkcəsində danışa bildiyimə görə çox xoşhal oldu. (İstanbul türkcəsi sözlər, bəyan keyfiyyəti və kəlmələrin tələffüz olunması baxımından bizim azəri türkcəsi ilə fərqlənir. – Müə.)
İslam İnqilabı haqqında danışdıq... Nəcməddin Ərbakan inqilabın çox vurğunu və məftunu idi və onu məntəqədə İslamın qələbəsi və digər qalibiyyətlərin başlanğıcı bilirdi. İmam Xomeynini xeyirlə və yaxşılıqla yad edirdi. Mən Türkiyədə sekularizmin (laikliyin) davam etməsi və Atatürkçülüyün bir dinə çevrilməsi barəsindəki nigarançılığımı üstüörtülü şəkildə dilə gətirdim. O, ölkəsinin şəraitini müfəssəl şəkildə bəyan etdi və dedi: "Qərbin və laiklərin (dünyəvilərin) köməyi ilə təxminən 60 ildir ki, idarə olunan quruluşda onlar bütün işlərdə kök salıblar. Bütün zəminlərdə İslam hakimiyyətinə doğru ehtiyatla və tədricən addımlamaq lazımdır. Qərbin bu işə havadarlıq etməsinə diqqət etməklə aydın olur ki, hər cür tələskənlik generalların bu işi yatızdırması ilə üzbəüz gələcəkdir. Lakin mən ümidvaram ki, Allahın köməkliyi ilə tədricən öz hədəflərimizə çatacağıq. Bu yolu Adnan Menderes başladı. Lakin gördünüz ki, onu bir mənasız ittihamla edam etdilər. Onun əsl günahı İslamı istəmək idi. Biz ümidvarıq ki, keçmiş təcrübələrdən istifadə etməklə bu yolu davam etdirəcəyik. Hətta məclisdə əksəriyyəti ələ alıb sonra baş nazir və prezident təyin edə bilmək üçün bu yolda laiklərlə belə ittifaq bağlamağa hazırıq” .
Mən Ərbakanın salamatlığı üçün dua edib müvəffəqiyyət arzulayaraq ondan ayrıldım və İtaliyaya getdim. Bir müddət keçdi və onun öz qanuni fəaliyyətini davam etdirə bilməsi üçün sonralar "Rifah” adını aldığı partiyası qələbə çaldı və xanım Çillərin partiyası ilə ittifaq bağlayıb güc əldə etdi. Bir neçə ay sonra generalların çevrilişi ilə dövlət devrildi və laiklər yenidən səhnəyə gəldilər. Ərbakan və dostları mənasız ittihamlarla məhkəməyə cəlb olundular.

NƏCMƏDDİN ƏRBAKANIN CÜMƏ NAMAZINA DİQQƏTİ
İrakın İrana təcavüzü böhranında Misir, Türkiyə, Sudan İslam hərəkatlarının rəhbərliyinin və Əfqanıstan cihad rəhbərlərinin əməkdaşlığı ilə Pakistanın paytaxtı İslamabadda "Müsəlmanların Vəhdəti” adlı konfrans təşkil olundu. Dəvətlər general Ziyaulhəqq vasitəsi ilə həyata keçirilmişdi. Lakin sonralar eşitdik ki, konfransın xərcini Səud Ailəsi çəkmişdir. Bu konfransda demək olar ki, İslam dünyasındakı bütün islami hərəkatların rəhbərləri fəal iştirak etdilər. Misir "Müsəlman Qardaşlar Cəmiyyəti”nin mürşidi Mühəmməd Hamid Əbunnəsr, "Sudan İslam Hərəkatı”nın mürşidi Şeyx Həsən ət-Türabi, "Misir Cihad Hərəkatları”nın rəhbəri Şeyx Ömər Əbdürrəhman, Əfqanıstan cihad hərəkatlarının bütün rəhbərləri, "Pakistan İslam Camaatı”nın əmiri Qazı Hüseyn və Nəcməddin Ərbakan...
İranın bu konfransla – Londonda onun əsl çəyirdəyi mənim iştirakımla Doktor Əzzam Misrinin evində təşkil olunmuşdu – əlaqəsini yaradan mən olmuşam və İrandan bu konfransda Ayətullah Cənnəti, Ayətullah Təsxiri, Pakistandakı səfirimiz Ağa Seyid Mahmud Musəvi, Xarici İşlər Nazirliyindən Ağayi-Əlborzi və mən iştirak edirdik. Konfrans işinin macərasının və İrakın təcavüzkar tanınması barəsində qətnamə qəbul olunmasına təşəbbüs göstərilməsinin başqa bir dastanı vardır. ... Bu konfransdan indiyə qədər yadımda qalan xatirə Nəcməddin Ərbakanla əlaqədar xatirədir. Bir qrup qonaq İslamabadda "Hilton” mehmanxanasında yerləşdirilmişdi. Digərləri isə başqa mehmanxanalarda yerləşdirilmişdi. Nəcməddin Ərbakan və onunla gələn heyət, həmçinin iranlılardan ibarət olan qrup bu mehmanxanada yerləşmişdilər.
Bir gün Nəcməddin Ərbakanla mehmanxananın foyesində oturub söhbət etdik. Bir neçə il keçəndən sonra məni gördüyü üçün xeyli xoşhal oldu. Müharibənin davam etməsindən çox narahat idi. Yumşaqlıqla, dərin təəssüratla İrakın təcavüzünü və müsəlmanların qətl-qarət edilməsini tənqid edirdi və müharibənin sona çatmaq istəyində olduğunu bildirirdi. İslam Nizamının Türkiyə ilə əməkdaşlığı mövzusu barəsində söz açıldı. Nəcməddin Ərbakan mənim: "Nə etmək lazımdır?” – deyə verdiyim suala duzlu bir təbəssümlə belə cavab verdi: "Çox işlər görmək olar, lakin İslam Respublikasındakı dostlar öz vədlərinə əməl etmirlər. İranlı dostlar çox yaxşı danışırlar, amma danışıqlara əməl olunmur!” Əlbəttə ki, mən bu sözləri o vaxt İrana qayıtdıqdan sonra Ağayi Doktor Vəlayətiyə çatdırdım... Mənim üçün çox əhəmiyyətli və dəyərli olan digər diqqətimi cəlb edən bir hadisə bu idi ki, bir gecə konfransın işi sona çatdıqdan sonra mehmanxanaya qayıtdıq... İrana uçuş vaxtımızı təyin etmək üçün Ağayi Əlborzi ilə sakit bir guşədə oturmuşduq. Qarşımızdakı sütunun arxasında Nəcməddin Ərbakan bir neçə dostu ilə əyləşmişdi və sözsüz bizi görmürdü... Onun işlərinə başçılıq edən şəxs qonaqların gedişi üçün məsul olan şəxsin yanından ayrılıb ona yaxınlaşdı və İslamabaddan İstanbula olan uçuşların sayı haqqında məlumat verdi. Nəcməddin Ərbakan yalnız bir məsələyə görə narahat olduğunu bildirərək dedi: "Təyyarə şirkətinin növü və uçuşun gecə, yaxud gündüz saatlarında olması mühüm deyil, işləri elə nizamlayın ki, sabah cümə günü olduğu üçün mən cümə namazına çata bilim” .
Bu fikir olduqca dəyərlidir və bu şəxsin dini etiqadlara olan imanının göstəricisidir. O, səfərdə idi və cümə namazı ona vacib deyildi. Bir neçə gün idi ki, konfranslarda iştirak edirdi və müxtəlif görüşlər keçirmişdi. "Evə tez çatıb istirahət etməliyəm”, – deməkdənsə, cümə namazını düşünürdü və səfərin ona görə tənzimlənməsinə çalışırdı.
Ağayi-Əlborzi türk dilini bilmədiyinə görə mənim heyrətlənməyimdən və üz cizgilərimdən təəccübləndi və "Ərbakan nə dedi ki?” – deyə soruşdu. Mən baş verənləri ona danışdım və təəccübü daha da artdı. İman və əqidə nələr etmir ki... Bu, mənim Ərbakanla son görüşüm oldu. Artıq o vəfat etmişdir. Ümidvaram ki, Türkiyədə onun yolu davam edəcək və özünə yeni dostlar qazanacaqdır...
www.sedayeshia.com
www.khosroshahi.ir
Mütərcim: Xəyyam Qurbanzadə




  Şərhlər / 0 Şərh




 Şərh yazın


Ad və soyadınız* :
E-mail* :
Ölkə / Şəhər* :
Şərhiniz* :


ƏLLAMƏ BURQUİ


11

free counters

Sabiqun 2011-2019 © Bütün hüquqlar qorunur
Məlumatlardan istifadə zamanı istinad zəruridir!
Telefon: (+994 50) 429-20-99
Site by: azDesign.ws
 

Yeniliklərə abunə olun