MƏZHƏBLƏRARASI YAXINLAŞMA KONFRANSLARI

(2-ci müsahibə)

Seyid Fəzlullah:"Məzhəblərarası yaxınlaşma konfransları yalan məkanıdır!”

Cənab Seyid Mühəmmədhüseyn Fəzlullah öz araşdırmalarının II hissəsində demişdir ki, o, Aşurada şiələrin, istər fərdi, istərsə də, kütlə halında həyata keçirdiyi qan çıxarıcı hərəkətləri qadağan edir, çünki bədənə zərər vermək qadağandır, üstəlik İslamın obrazına xələl gətirir.

Şiə rəhbər öz araşdırmalarında sözü ilə belə bir əks-səda doğurmuşdur ki, qədimdən bəri məzhəblərarası yaxınlıq adı ilə konfrans keçirən alimlər bir-birini aldadırlar və sərt şəkildə onları müqəddəs ayədə deyilən ifadə ilə müqayisə etmişdir:"Onlar möminlərlə qarşılaşdıqları zaman: "Biz də iman gətirdik”– deyirlər. Halbuki öz şeytanları ilə təkbətək qalanda: "Biz də sizinləyik, biz ancaq istehza edirik”, – deyirlər”[1].

Çıxışlarının bu qismində cənab alim İrak mövzusuna toxunaraq hesab edir ki, oradakı hadisələr qətiyyən sünni və şiə arasındakı məzhəb fitnəsi deyil, yalnız və yalnız siyasi ixtilafdır. Onun görüşlərinin təfsilatına keçirik.

HƏR İKİ TƏRƏF CAVABDEHLİK DAŞIYIR

Əbdüləziz Qasım:Cənab Fəzlullah, sizinlə məzhəblərarası yaxınlaşma məsələsi ilə bağlı söhbətə başlayacağam. Dörd il əvvəl Şeyx Həsən Səffarla[2] söhbətlərimdə, ümumiyyətlə, şiələr və sünnilər arasındakı problemin həllinə toxunaraq dedi ki, hər iki tərəfin aqil və düşünən adamları dialoqlar aparmalı və bir nəticəyə gəlməlidirlər. Şiə alimləri əshabələrə həqarətlə yanaşmağı qadağan etdikləri bir vaxtda sələfilər və əhli-sünnə şiələri kafir hesab edirlər.

Seyid Fəzlullah:Biz on illərdir bu dəvəti etməkdəyik, çünki hesab edirik ki, müsəlmanı kafir hesab etmək məsələsi yolverilməz bir haldır. Habelə müsəlmanların küfr hesab etdikləri bəzi ictihadlar bu cür deyildir, mübahisəlidir və müzakirə edilməlidir.

Mən eşitmişəm ki, Seyid Əli Xamənei əshabənin təhqir edilməsinin yolverilməz olduğunu bildirmiş və bunu açıq elan etmişdir. Bəzi şiə alimləri də eyni hərəkəti etmişlər. Biz İslam vəhdəti yolçuları olaraq sünni, yaxud şiə kimi əməkdaşlıq etməli, küçələrdə mənfi şəkildə şiə və sünninin ziddinə hərəkətə gələn mövcud vəziyyətləri aradan qaldırmalıyıq.

Əbdüləziz Qasım:Cənab Fəzlullah, bu dəvət yolundakı neçə illərdən sonra məzhəblərarası yaxınlaşma məsələsinin adil və obyektiv şəkildə qiymətləndirilməsini sizdən istəyəcəyəm.

Seyid Fəzlullah:Problem bizdə ikiyə bölünmüşdür: birincisi: digər tərəfi dinləməyə imkan verməyən və bu sahədə geniş düşüncəyə doğru hərəkət etməyən zehni gerilikdir.

İkincisi odur ki, sünni və şiələrin problemi İslam dünyasında mövcud kəşfiyyat sisteminin oyuncağına çevrilmişdir. Amerika, Avropa və digər ölkələrin kəşfiyyat xarakterli işlərini misal göstərmək olar, çünki bu yol müsəlmanlara hakimlik etməyə, ixtilaflardan istifadə edərək böyük taleyüklü problemlər yaratmağa imkan verir.

QARA KÖLGƏLƏR

Əbdüləziz Qasım:Amma yeri gəlmişkən, belə deyirlər ki, Amerikanın İrakı işğalı, habelə İrakda sünnilər və şiələr arasındakı toqquşmalar bu proyektə öz kölgəsini salmış və onu dayandırmışdır.

Seyid Fəzlullah:Bu məsələni araşdırarkən görürük ki, ən çox gənclik illərini keçirdiyim İrakda sünni-şiə problemi olmamışdır. Əl-Qaidə və onun rəhbərliyinin açıqlamasında göstərilir ki, burada iki səbəb var:

Birincisi: İşğal müharibəsi;

İkincisi: Şiələrlə müharibə və onların öldürülməsi;

Şiələr sünnilərə qarşı heç bir mənfi əməliyyata başlamamışlar, əksinə şiə alimləri və dini rəhbərləri açıq-aşkar fitva veriblər ki, bir müsəlmanın başqa bir müsəlmanı qətlə yetirməsi haramdır.

Əbdüləziz Qasım:Cənab Fəzlullah, çox təəssüf ki, bu, hadisələrin əvvəlində belə idi. Çox keçmədi ki, vəziyyət dəyişdi və sünnilərə qarşı qırğınların şahidi olduq.

Seyid Fəzlullah:Düzdür, əvvəldən indiyədək, hətta bir neçə gün əvvəl Seyid Sistaninin "Həyat” qəzetindəki fitvası da dediklərimizi təsdiqləyir. Bu vəziyyət o yerə qədər davam etdi ki, İmam Əliyyənnəqi və İmam Həsən əl-Əskərinin türbəsi dağıdıldı və bəzi şiələr buna reaksiya verdilər. İrakdakı hazırkı mövcud reallıq şiə-sünni fitnəsi deyil. İrakdakı mövcud hərəkat siyasi məsələdir və hazırkı vuruşma sünnilərin özləri arasında baş verir. Gördüyümüz kimi, "Əl-Qaidə” və "Səhvə” bir-biri ilə vuruşur. Eləcə də şiələrin özləri arasında problemlər var. Deməli, İrakda şiə-sünni fitnəsi yoxdur.

CƏFƏRİLİK BEŞİNCİ MƏZHƏBDİR

Əbdüləziz Qasım:Sünni və şiələrlə bağlı başqa əsas bir söhbətə keçəcəm və sualım belədir: "Şiələr öz məzhəblərini dörd sünni məzhəblərindən sonra beşinci məzhəb hesab edirlər, yoxsa, öz məzhəblərini alternativ kimi irəli sürürlər?”

Seyid Fəzlullah:Şiələrin öz imamlarından nəql etdikləri bir fikir var. Bu, İmam Cəfər Sadiqdən rəvayət olunur. O buyurur:"Mənim sözüm atamın sözüdür. Atamın sözü babamın sözüdür. Babamın sözü Hüseynin sözüdür. Hüseynin sözü Həsənin sözüdür. Həsənin sözü Əmirülmömininin sözüdür. Əmirülmömininin sözü Rəsulullahın sözüdür. Rəsulullahın sözü isə Allahın sözüdür”[3]. Şiələr hesab edirlər ki, imamlar müctəhidlər kimi deyillər. Onlar şəri xətti (yəni şəri planları) Allah Rəsulunun dediklərindən götürürlər.

Lakin biz imamlar məsələsindən şiə müctəhidlər məsələsinə keçdikdə istər imamların sözlərindən, istərsə də, Peyğəmbərin hədislərindən istifadə edildikdə ictihadi fikir ayrılıqları ortaya çıxır. Məsələn, şiə nəzəriyyəsinə görə siqənin (etimadlı şəxsin) xəbəri (sözü) qəbul edilir, hətta o, şiə olmasa da belə. Sünni olan etimadlı bir şəxs bizə nəyi isə xəbər versə və Peyğəmbərdən bir söz nəql etsə, biz o sözü qəbul edərik. Nəticə etibarı ilə onlar da İslam məzhəbini təmsil edirlər, lakin dərinlik baxımından imamlar hesab edirlər ki, onlar birbaşa Peyğəmbərin özündən xəbər verirlər.

Əbdüləziz Qasım:Cənab Fəzlullah, burada bir vəziyyət var, dediniz ki, "Şiə nəzəriyyəsinə görə siqənin (etimadlı şəxsin) xəbəri (sözü) qəbul edilir, hətta o şiə olmasa da belə. Sünni olan etimadlı bir şəxs bizə bir şeyi xəbər versə və Peyğəmbərdən bir söz nəql etsə, biz o sözü götürərik”. Buradan belə bir sual ortaya çıxır; "Əgər şiə nəzəriyyəsinə görə məzhəbindən asılı olmayaraq etimadlı şəxsin verdiyi xəbər qəbul edilirsə, bəs Əbubəkr, Ömər, Osman, Aişə və ya Əbuhüreyrədən gələn Peyğəmbər hədislərinin verildiyi kitablarda şiələr hansı boşluğu görürlər?”

Seyid Fəzlullah:Artıq qeyd etdik ki, biz etimadlı və mötəbər xəbəri təsdiqləyirik. Bəziləri etimadlı şəxsin rəvayətlərini götürürlər, ola bilsin ki, bəzi alimlər bəzi xəbərlərin (hədisi-şəriflərin) etimadlı olmasına şübhə edirlər. Bir şəxs bəziləri üçün etimadlı, bəziləri üçün isə etimadsız ola bilər. Habelə sünnilərə görə etimadlı olan şəxs şiələrə görə mötəbər olmaya bilər, çünki etimad məsələsi şəxsiyyətin, yaxud xəbərlə əlaqədar məzmunun araşdırılmasından asılıdır. Biz belə hesab edirik ki, ravinin etimadı məsələsində sənədin, rəvayətin təbiəti məsələsində isə məzmunun araşdırılması lazımdır.

ŞİƏ VƏ RƏVAYƏTLƏR

Əbdüləziz Qasım:Madam ki məsələ sizin dediyiniz kimidir, izin verin açıq ifadə ilə təkrar soruşum: "Şiələr bu əshabələrin Peyğəmbər əleyhissəlamdan etdikləri rəvayətləri qəbul edirlərmi? Onlara əməl edirlərmi?”

Seyid Fəzlullah:Dedim ki, məsələ ümumi qanuna yox, müfəssəl tədqiqata bağlıdır. Onlar (yəni sünnilər) şiələrin bəzi rəvayətlərini, ələlxüsus Əbubəkr və xanım Fatimeyi-Zəhra arasında Fədək məsələsi ilə bağlı mübahisəni qəbul etmirlər. Belə ki, Əbubəkr Peyğəmbərdən belə rəvayət edir:"Biz peyğəmbərlər miras qoymuruq, qoyub getdiklərimiz sədəqədir”. Xanım Zəhra bu hədisi inkar etmiş və şiələr də hədis Qurana zidd olduğu üçün onu qəbul etməmişlər, çünki onlar Peyğəmbərin və ondan başqasının miras qoyma ayəsini hər şeydən əvvəl araşdırır və Allahın Zəkəriyyanın dili ilə dediklərindən istifadə edirlər:"… Mənə Öz dərgahından bir oğul bəxş et ki, o həm mənə, həm də Yəqub nəslinə varis olsun. …”[4] Bu maddi cəhətdən də ümumi varislikdir. Problem ictihadi problemdir, lakin sünnilər bunu inkar edirlər. Ələlxüsus rəvayət xanım Zəhranın özü ilə bağlıdırsa, xanımın özünün bunu bilməməsi, yaxud özünün bir parçası olduğu halda Peyğəmbərin bunu ona xəbər verməməsi, yaxud Əlinin bunu bilməməsi, yaxud Əbubəkrdən başqa digər müsəlmanların bundan bixəbər olması təbii bir şey deyildir[5].

Məsələnin təfsilatına vardıqda görürsən ki, fəcrin tülu etməsinə (yəni sübh azanına) qədər cənabət halında qalmaqla orucun batil olub-olmaması məsələsində olduğu kimi bəzi şəri məsələlərdə Aişə xanımdan rəvayət olunan hədisdən istiqamət götürülür. Belə ki, bizdə Əhli-Beyt imamlarından birinin Həzrət Aişədən rəvayət etdiyi bir hədis vardır ki, orada sübh azanına qədər cənabət halında qalmağın orucu batil etmədiyi qeyd olunur.[6] Əbuhüreyrənin rəvayət etdikləri ilə uyğun gələn rəvayətlər də vardır. Bu və yaxud digər rəyi qəbul etməkdə məsələ ictihada bağlıdır ki, bu da ziddiyyətlər olduqda nəssin (dəlilin) öz məzmununda qəbul edilməsi qaydalarından qaynaqlanır. Hər halda biz deyirik başqaları buna görə məsələyə sərt yanaşmasınlar, çünki onlar da əksər şiə ravilərini inkar edirlər. Belə olduğu halda ravi, yaxud rəvayətin məzmunu etimadlı olmadığı, yaxud dəlaləti olmadığı, yaxud nəss başqa bir nəssə zidd olduğu üçün bəzi əhli-sünnə rəvayətlərini inkar edən şəxslərə qarşı necə sərt ola bilərlər?

Əbdüləziz Qasım:Cənab Fəzlullah, bu cavab şiə məzhəbinin cavabıdır?

Seyid Fəzlullah:Mən ümumi şəkildə məzhəbin rəyi haqqında danışıram, çünki onlar (yəni şiələr) hədisi səhih, həsən, müvəssəq və s. olmaq üzrə bir neçə hissəyə təqsim etmiş və müvəssəq (inanılmış, etimadlı) rəvayət deyildikdə də şiə olmayan etimadlı şəxs tərəfindən nəql olunmuş rəvayəti nəzərdə tutmuşlar. Bu barədə hədis və rical elmlərində yazılmış kitablarda məlumat mövcuddur.

İBADƏTLƏRİ DÖRD MƏZHƏBƏ ƏSASƏN YERİNƏ YETİRMƏK

Əbdüləziz Qasım:Cənab Fəzlullah, izniniz olarsa, bütün bu geniş fikirlərinizlə bərabər sizin "Əqidə məsələləri” kitabınızın 110-cu səhifəsində oxuduğum və heyrətləndiyim bir məsələyə toxunacağam. Siz orada:"Firuüddində ibadətləri dörd sünni məzhəbinə, həmçinin şiədən başqa məzhəblərə əsasən yerinə yetirmək icazəlidirmi?”– sualına belə cavab vermisiniz:"Əhli-Beyt məzhəbindən başqa ibadətləri hər hansı İslam məzhəbinə əsasən yerinə yetirmək icazəli deyil, çünki bu məzhəb qəti dəlillərlə sübuta yetmiş yeganə məzhəbdir”. Sizin mənə verdiyiniz cavabla bu cavab arasında ziddiyyət yoxdurmu?

Seyid Fəzlullah:Məsələni şərh etmək istəyirəm. Fiqhi məzhəblər üsuli qaydalardan qaynaqlanır ki, o qaydalar barəsində fəqihlər ixtilafa varırlar. Biz görürük ki, hətta sünnilər arasında bəzi istinbat qaydaları haqqında ixtilaflar vardır. Habelə qiyas nəzəriyyəsini digər sünni alimləri qəbul etdiyi halda, İbn Həzm qəbul etmir. Həmçinin burada məsalihi-mürsələ və istihsan haqqında da bəzi məqamlar vardır. Buna görə də dəlil olma məsələsi fitvanın söykəndiyi əsasdan qaynaqlanır. Məsələn, biz indi şiədə mövcud olan təqlid fəaliyyəti üzərindəyik ki, onun barəsində mərcələr arasında ictihadi ixtilaflar vardır. Görürük ki, bəzi dini rəhbərlər başqa bir mərcə şiə olmasına baxmayaraq, ona rücu etməyə (qayıtmağa) icazə vermirlər. Burada bu il təsadüf etdiyimiz bir məsələ ortaya çıxdı ki, zilhiccə ayının başlanğıcı, Ərəfatda və Müzdəlifədə vüquf etmə məsələsində xəta vaqe olduqda, hətta xəta qəti şəkildə təsbit olsa belə bəziləri digər müsəlmanlarla hərəkət etməyi icazəli bilir, yaxud bəziləri burada xəta ehtimalı və ya gerçəkliklə uyğun gəlmə ehtimalı təsəvvür etsək də, bunun icazəli olduğunu deyirlər. Lakin bəziləri deyirlər ki, bu səhih deyildir, çünki biz Ərəfə günündə vüquf etməklə mükəlləfik, bu gün isə Ərəfə günü deyildir, yaxud da Müzdəlifə günü deyildir. Elə isə məsələ donuq və qapalı məzhəbi vəziyyətdən qaynaqlanmır, əksinə şiə məzhəbinin daxilində belə bu fitvada dəlil olmanın əsaslarının öyrənilməsindən qaynaqlanır. Məsələ müəyyən bir məzhəbin dəlil və höccət olması ilə verilən hökmdən qaynaqlanmır, əksinə söykəndiyi əsaslarda qənaətə sahib olmağından qaynaqlanır. Biz qiyası, məsalihi-mürsələni və istihsanı dəlil bilmirik, habelə bəzi sünnilər də qiyası dəlil bilmirlər. Buna görə ümumi çıxışımızda qeyd edirik ki, sünnilər və şiələr arasında fiqhdə 80% ortaqlıq var. Belə ki biz hənbəlilərlə ixtilafa varsaq da, hənəfilərlə fikrimiz üst-üstə düşür. Yaxud bir məsələdə hənəfilərlə ixtilafa varsaq da, şafeilərlə fikrimiz üst-üstə düşür. Lakin ibadətlərimizi mütləq şəkildə ona uyğun yerinə yetirmək məqsədi ilə fitva ortaya çıxarmaq üçün bir məzhəbi ümumi, yaxud ayrıntılı olaraq götürməyimiz elmi-üsuli araşdırmaya bağlıdır. İbadətləri bu müstəvidə yerinə yetirmək icazəli deyil, yəni məzhəb nümayəndələrinin tutduğu xətlərin söykəndiyi bir çox məsələləri müzakirə etdiyimiz vaxt bir məzhəbi mütləq şəkildə mötəbər hesab edib ibadətləri ona uyğun yerinə yetirmək icazəli deyil. Bilirik ki, Əbuhənifənin[7] şagirdi olan Əbuyusif[8] onunla fikir ayrılığındadır, lakin mən indi sənə deyirəm ki, əhli-sünnə bir çox fitvaların təfsilatında başqa bir məzhəblə ixtilafa varır. Bu da fitvanın söykəndiyi qaydanın nəticəsidir ki, onlardan biri o qaydanı bir dəlil kimi qəbul etdiyi halda, digəri bunu inkar edir. Biz də məhz bunun üzərində düşünürük.

Əbdüləziz Qasım:Bağışlayın, cənab Fəzlullah! Heç ixtilaf edənlər belə bu fitva ilə bağlı sizin kimi düşünmürlər. Deyirsiniz ki, alimlər arasında ixtilaf olduğu üçün hər hansı bir məzhəbin fitvasına əməl etmək olmaz.

Seyid Fəzlullah:Mən məsələni bu yolla təfsir edirəm ki, biz hər hansı bir məzhəbi mütləq şəkildə götürə bilmərik, çünki üsuli qaydalar baxımından fiqhi məzhəbin söykəndiyi qaydalar haqqında bu və ya digəri ilə fikir ixtilafımız var. Habelə biz şiə alimlərinin də bir çox fitvalarını götürmürük və ibadətləri onlara uyğun yerinə yetirmək icazəli deyil. Buna səbəb odur ki, ictihadların və fitvaların söykəndiyi əsaslarda onlarla ixtilafımız vardır.

QİYAS[9] VƏ İSTİHSAN

Əbdüləziz Qasım:Cənab Fəzlullah, burada sizinlə bir məsələnin üzərində dayanmaq istəyirəm; siz bu fitvanı 4 imamın əsaslandığı və hüquqi məsələləri onların üzərində qurduğu qiyas və istihsan kimi əsaslar və köklərlə razılaşmamağınızla əlaqələndirirsiniz, lakin belə bir sual ortaya çıxır: "Problem yalnız qiyas, istihsan və bunlar kimi üsuli qaydalarla əlaqədardır, yoxsa yalnız Əhli-Beyt məzhəbinə tabeçiliyin vacibliyi ilə əlaqədardır?”

Seyid Fəzlullah:Məsələ ondadır ki, şiələr elə hesab edirlər ki, İslam xəttindəki dəlilin əsası Əhli-Beytdən gəlməlidir. Hətta belə düşünürlər ki, onlar hədisləri birbaşa Peyğəmbər əleyhissəlamdan rəvayət edirlər. Necə ki, biz İmam Cəfər Sadiqdən rəvayət edirik. O buyurmuşdur:"Mənim sözüm atamın sözüdür …”Bu silsilə Peyğəmbərə və onun vasitəsi ilə Allaha qədər gedib çıxır. Artıq qeyd etdim ki, şiəyə görə imamlar müctəhid deyildirlər, lakin bütün sözlərində və qərarlarında Peyğəmbərin sözlərindən çıxış edirlər. Məsələ belədir; ümumi şəkildə İslamı ondan öyrənəcəyimiz dəlil kimdir? Ələlxüsus, elə işlər vardır ki, onlar barəsində hətta əshabələr arasında ixtilaflar olmuşdur. Xəlifə Ömərin mütəni[10] – istər həcc mütəsi olsun, istərsə də, qadınların mütə edilməsi olsun – haram etməsi məsələsini, Peyğəmbərin özündən sonra irs qoyması məsələsini, oul və təsib kimi irsin bəzi ayrıntıları ilə əlaqədar məsələləri və s. buna misal göstərmək olar.

Şiələr bu sahədə bidətçi deyildirlər. Bilirik ki, İbn Həzm Zahiri qiyası dəlil qəbul etmirdi. Həmçinin bilirik ki, bəzi sünnilər bu üsuli qaydaların bəzi ayrıntılarında bir-biri ilə ixtilaf edirlər. Burada məsələ duyğu, yaxud təəssübkeşlik məsələsi deyil, elmi məsələdir. Seyid Xomeyninin və keçmiş Qum alimlərindən çoxunun ustadı olmuş Seyid Bürucərdi deyirdi:"Bizimlə sünnilər arasındakı məsələ xilafət məsələsi olmamalıdır, çünki Əli də, Əbubəkr də Allahın dərgahındadırlar (yəni vəfat ediblər). Bu ixtilafın üzərində dayanmağın heç bir nəticəsi yoxdur, lakin məsələ ondadır ki, dinimizin dəyərlərini öyrənəcəyimiz dəlil (yəni dəlil olacaq şəxs) kim olmalıdır”.

Ola bilsin ki, biz yozum əsasında mülahizə yürüdürük. Bilirik ki, zaman keçib və hənəfilər şafei məzhəbinin qanuniliyini və şafeilər də ibadətləri maliki və hənəfi məzhəblərinə uyğun yerinə yetirməyin qanuniliyini qəbul etmirlər. Ola bilsin, bundan sonra sünnilər bəzi son ictihadlarda məzhəblərdən hər hansı bir məzhəbə əməl etməyin icazəli olması fikrində ittifaq ediblər, lakin digər məzhəbdə olanların bu və ya digər məzhəbə uyğun ibadət etmələrini inkar edirlər, hətta keçmiş zamanlarda məzhəbləri ayrı olan şəxslər bir-biri ilə evlənmirdi.

Şiələr və sünnilər arasında yaşanan bəzi problemlər sünnilərin özləri arasında da mövcud idi. Ola bilsin, bəzi şiələrlə digər bəziləri arasında bu, üsuli və əxbari məktəblər arasındakı ixtilaf məsələsindən qaynaqlanır. Belə ki, bu mədrəsənin bəzi nümayəndələri digər məktəbə müraciət etməyə icazə vermirlər. Ola bilsin ki, bu məsələnin həlli təhrikedici ünsürlər yolu ilə hissləri coşdurmaq istəyən mətbuatda yox, qapalı mövqelərdə alimlərin başlamaları zəruri olan elmi, teoloji (kəlami), üsuli və fiqhi dialoqdur. Onun ziddinə bir düyün yaratmaq üçün hər bir firqənin digəri üzərinə bir nöqtə qeyd etmək əsasında məsələnin irəli sürülməsi qeyri-elmi bir yoldur. Elmi yol odur ki, Allahın sözündən yola çıxaq:"... Əgər bir iş barəsində mübahisə etsəniz, Allaha və qiyamət gününə inanırsınızsa, onu Allaha və Peyğəmbərə həvalə edin!...”[11]

Əbdüləziz Qasım:Bu yöndə sizə təşəkkür edirəm, cənab Fəzlullah. Lakin bu nöqtədə yenə israrlıyam, çünki o sizinlə bizim aramızdakı incə nöqtədir. Məsələn, əhli-sünnədə İbn Həzm kimi alimlər istihsan və qiyası deyil, Peyğəmbərdən gələn rəvayəti əsas götürürlər. Sizcə və bütün şiələrin fikrinə görə onun məzhəbinə əsasən ibadət etmək olarmı?

Seyid Fəzlullah:Biz başqaları ilə fikir ayrılığında olduğu kimi İbn Həzmlə də fikir ayrılığındayıq. Hesab etmirik ki, şiələrdə və sünnilərdə hər hansı bir müctəhid başqa müctəhidin bütün fikirləri ilə razılaşsın, çünki ictihadların təbiəti budur ki, bu sahədə müxtəlif rəylər yaratsın.

Biz çox gözəl bilirik ki, sünni məzhəbləri dörd deyil, sünnilərdə başqa məzhəblər də var. Məsələn, əvzai, zahiri[12] və s. Bir çox sünni müctəhidləri vardır ki, fiqhi tarixdə onların adı çəkilmir. Habelə, şiələrə gəlincə on iki imamçı, zeydiyyə[13] və ismailiyyə[14] kimi məzhəbləri də görürük. Burada da bir-birindən fərqli fikirdə olan müctəhidlər vardır. Sünni ilə şiə arasındakı problemlər – sünnilərin və şiələrin öz aralarında da bu problemlər vardır – elm dairəsində yox, təəssübkeşlik dairəsində hərəkət edən işlərdir.

Əbdüləziz Qasım:Cənab Fəzlullah, siz hər hansı bir fitva və ya məsələdə dörd məzhəbə təqlid etməyi yox, bütünlüklə onlara təqlid etməyi qadağan etdiniz. Onların məzhəblərinə uyğun ibadət etməyə icazə vermədiniz. Bu hökmü bəzi böyük məsələlərdə sizinlə əks fikirdə olan şiə rəhbərlərə tətbiq edə bilərikmi? Sizdən ölülərdən yardım və hacət istəməyi icazəli bilən və onlara qeybi bildiklərini nisbət verən müctəhidlərə təqlid etməyi haram edən bir fitva eşidəcəyikmi? Sizdən Xomeyni və ondan əvvəl Xoyi kimi "təkvini vəlayət”i təsdiq edən müctəhidlərə təqlid etməyi qadağan edən bir fitva gözləmək olarmı? Sizdən "fəqihin ümumi vəlayəti”ni təsdiq edən bir müctəhidə təqlid etməyi yasaq edən bir fitva veriləcəkmi? Sizdən Əbubəkr, Ömər və Aişənin əleyhinə danışan və bundan təhlükəli məsələlərlə məşğul olan müctəhidə təqlid etməyi qadağan edən bir fitva eşidəcəyikmi?

Seyid Fəzlullah:Məsələ yuxarıda bəyan etdiyim ictihadi əsaslara tabedir. O ictihadi əsaslar ki, dörd məzhəb də onlardan qaynaqlanır və onlar sünni və şiə məzhəbləri arasında ixtilaf və müzakirənin mövzusudur. Eyni zamanda adları çəkilən fəqihlər də fiqhi və ictihadi əsasların özünə əsaslanırlar. Bəzi müfəssəl işlər bir müctəhidlə digəri arasında fərqlənir. Bizim fikrimizə görə, təqlid fiqhə (əməli məsələlər) aid olan bir məsələdir. Əqidəvi məsələlərə gəlincə onlarda təqlid yoxdur.

ƏSHABƏLƏRİN TƏRCÜMEYİ-HALI

Əbdüləziz Qasım:Cənab Fəzlullah, sizə aid bu xüsusi sualı da qəbul edin. "Mərifətur-Rical” ("Hədis ravilərinin tanınması”) və "əl-Müfid fil-ixtisar” ("İxtisarda faydalı”) kimi şiələrin kitabları İmam Cəfər Sadiq əleyhissəlamdan rəvayət edir ki, Peyğəmbər əleyhissəlamın vəfatından sonra Salman, Miqdad və Əbuzərdən başqa bütün əshabələr mürtəd oldular (dönük çıxdılar). Eyni zamanda qeyd olunur ki, Əmmar ibn Yasir də mürtəd olmuş, sonra təkrarən dinə qayıtmışdır. Məgər bu, haqsızlıq deyil ki, Fəzlullahın vebsaytında "Əshabələrin tərcümeyi-halı” adlı başlıq qoyulsun, lakin orada bu dörd əshabədən başqa heç bir əshabənin tərcümeyi-halı yazılmasın?

Seyid Fəzlullah:Biz əshabələrin İslamdan və Peyğəmbərdən döndüklərinə etiqad etmirik. Biz Əlinin əshabələrlə əlaqəsini, əməkdaşlığını, onların bəziləri ilə vida mərasimini və müsəlman olduqları üçün onlara nəsihətini əsas götürürük. Hətta Xəlifə Ömərə demişdir:"… Sən dəyirman daşının mili ol, döyüş dəyirmanını ərəblərlə fırlat. …”Bunu farslarla döyüş zamanı ondan məsləhət istədikdə demişdir. Həmçinin Zübeyrin cənazəsi üstündə dayanaraq:"Qatil cəhənnəmlikdir!”– dediyini, Təlhə və oğlunun cəsədi üzərində dayandığını görürük. Bu məqamda bəzi alimlər deyirlər ki, onlar (yəni əshabələr) İslama yox, Əlinin vəlayətinə dönük çıxdılar.

Əbdüləziz Qasım:Cənab Fəzlullah, sizin buradakı "bəzi” sözünüzdən belə başa düşmək olar ki, şiə alimləri içərisində əshabələrin dindən dönmələri barədə fikir ayrılığı var? Axı, biz uşaq-muşaq haqqında yox, böyük şiə alimləri haqqında danışırıq.

Seyid Fəzlullah:Hesab etmirik ki, imamət elə bir əsasdır ki, onu inkar edən insan dindən çıxmış olsun. Mən təkidlə qeyd etmişəm ki, İslamın əsasları üçdür: tövhid, nübuvvət və məad. Buna görə də şiə alimləri bu qənaətdədirlər ki, sünni müsəlmandır, ona qız vermək və ondan qız almaq olar. Sünninin kəsdiyi heyvanı şəri hesab edirlər və s. Buna görə də heç bir müsəlman hesab etmir ki, əshabələr Peyğəmbərdən sonra İslamdan dönmüşlər. Ən əsas bu fikir özünü doğrultsa belə burada onların Əlinin vəlayətindən döndükləri nəzərdə tutulur ki, onlar bu vəlayətə öncə tabe olmuşdular. Şiələrin etiqadı budur ki, Peyğəmbər xilafət məqamına oturmaqda insanların diqqətini Əlinin başqasına nisbətdə daha ləyaqətli olması məsələsinə doğru çəkən hədislər vasitəsi ilə bu barədə müsəlmanlar üzərində höccəti tamamlamışdır. Bu məqamda nəss kimi mötəbər olan Qədiri-Xum hədisini də göstərmək olar.

Əbdüləziz Qasım:Bəziləri deyir ki, burada bu hədisdə əqidə şübhələri vardır. Görürsünüzmü imamətə şübhə şiənin dediyi kimi mənfi mövqe tutmağa sövq edir?

Seyid Fəzlullah:Biz yüksək səslə demişik ki, üsuli-din üçdür; tövhid, nübuvvət və məad. Bunlara iman gətirən müsəlmandır. Kim onlardan birini inkar edərsə, kafirdir. İmamətə və ədlə (yəni ədalətə) gəlincə üsuli-dindən yox, üsuli-məzhəbdən hesab olunur. Buna görə də imamət məsələsi onun üçün qəti şəkildə sübuta yetmiş şəxsin, ona (yəni imamətə) etiqad etməsi vacibdir, lakin imamət məsələsi onun üçün qəti şəkildə sübuta yetmədiyinə görə ona etiqad etməyən şəxs İslama tabeçilik xəttindən sapmış olmaz, şiə onu yalnız bu məqamda xətakar olaraq görər.

Əbdüləziz Qasım:Xaricilərin məzhəbində olduğu kimi Əlini təkfir etməyə cürət edənlərin təkfir edilməsi məsələsində şiələr arasında ixtilaf yoxdur. Bəs Əbubəkr və Öməri təkfir edənlərə (kafir sayanlara) bu hökmü aid edərsə, əhli-sünnəni qınamazlar ki?

Seyid Fəzlullah:Əlbəttə ki, əshabənin təkfir edilməsi (kafir hesab edilməsi) qeyri-real, qeyri-düzgün və sağlam olmayan bir fikirdir. Buna görə də biz həmişə çıxışlarımızda və yazılarımızda deyirik ki, İmam Əli onu xilafətdən uzaqlaşdıran xəlifələrlə bir müsəlmanın islami rəhbərliyə davranışı kimi davranmışdır. Biz İmam Cəfər Sadiqdən belə rəvayət edirik:"Əbubəkr məni iki dəfə dünyaya gətirmişdir!”Çünki onun anası Ümmüfərvə, Əbubəkrin oğlu Mühəmmədin oğlu Qasımın qızıdır. Ümmü Fərvənin anası isə Əbubəkrin qızı Əsmadır. Buna görə də əshabəni təkfir etmək islami xətlə uyğunlaşmayan bir şeydir.

Əbdüləziz Qasım:Deyirlər ki, məzhəblərarası yaxınlıq mövzusu yalnız, siyasi qapılar arxasında tamamlanacaqdır. Əgər Səudiyyə və İran Məlik Abdullah[15] və İran rəhbəri Xatəmi[16] arasındakı razılaşmanın nümunəsi əsasında yaxınlaşarsa, yaxınlaşma mövzusu öz varlığını davam etdirə bilərmi?

Seyid Fəzlullah:Hesab edirəm ki, Məlik Abdullah birlik tərəfdarı və dialoqsevər adamdır. İranlılar da onunla yaxınlaşmağa çalışırlar, lakin problem dialoq istəyən tərəflər arasındakı təkfirçilərin və terroristlərin çoxluğundadır. Buna görə hesab etmirəm ki, məsələ təkcə siyasi yolla həllini tapa bilsin.

Əbdüləziz Qasım:Bəs məsələnin həlli istiqamətində aparıcı qüvvə nədir?

Seyid Fəzlullah:Mənim Şeyx Qərədavi və başqaları ilə əlaqəm vardır. Mən deyirəm ki, sünni və şiə alimləri bir araya gəlib öz tərəfdarlarına islami vəhdət haqqında məlumat verib onları maarifləndirməlidirlər. Problem ondadır ki, alimlər Allah-Taalanın dediyi kimi hələ də konfranslarda görüşüb bir-birini aldadırlar:"Onlar möminlərlə qarşılaşdıqları zaman: "Biz də iman gətirdik”, – deyirlər. Halbuki öz şeytanları ilə təkbətək qalanda: "Biz də sizinləyik, biz ancaq istehza edirik”, – deyirlər”[17].

Əbdüləziz Qasım:Cənab Fəzlullah, bu konfranslar məşvərət üçündür. Mən təəccüblənirəm ki, siz konfransları yalan məkanı adlandırırsınız və deyirsiniz ki, onlar vəhdətə aparmayacaq?

Seyid Fəzlullah:Amerika hakimiyyəti istər təhlükəsizlik, istər iqtisadi, istərsə də, siyasi sahədə İslam dünyasına qarşıdır, problemlərin köklü həllinə yönəldilmiş vahid İslam hərəkatının mövcudluğuna mane olur.

Əbdüləziz Qasım:Bəs fikrincə, bunu necə aşmalıyıq?

Seyid Fəzlullah:İlahi təqva ilə!

BAŞ YARMAQ QƏBULEDİLMƏZDİR

Əbdüləziz Qasım:Aşurada sinə vurmaq, yas saxlamaq və baş yarmaq barədə fikrinizi bilmək istəyirəm.

Seyid Fəzlullah:Bir neçə ildir ki, baş yarmağın qadağan olması barədə fitva vermişəm, çünki bədənə zərər vermək qadağandır, istər hüzn deyə ifadə edəcəyimiz bir vəziyyətdə olsun, istərsə də, bu məqamda hər hansı bir vəziyyətdə olsun. Bu bir tərəfdən, digər tərəfdən bu İslamın surətini zədələyir. Ona görə də biz bunu bütövlükdə və təfsilatı ilə rədd edirik. Mən bəzi söhbətlərimdə bildirmişəm ki, bu köhnənin qalığıdır. Habelə kürəyə zəncir vurmağı qadağan edən fitva vermişəm. Ələlxüsus qan çıxarmaq üçün zəncirlərin arasına bıçaqlar qoyurlar. Mən bütün yeni adətləri izləyirəm. Bəziləri bunları kədərin ifadə vasitələri hesab edirlər. Bildirmişəm ki, Hüseyn inqilabı məsələsi islami məsələdir. Aşura ilə bağlı iki kitab çap etdirmişəm və dəvət etmişəm ki, Aşuranın görüntüsünü İmam Hüseynin çıxışlarında ifadə etdiyi İslam formasına salaq.

Əbdüləziz Qasım:Cənab Fəzlullah, lakin xalq İmam Xomeyninin sözü ilə sizə əks cavab verdi. İmam Xomeyni deyir:"İş evində və otağında oturub öz-özünə Aşura ziyarətini oxuyan və təsbih çəkən müqəddəs şəxslə məhdudlaşsaydı, ortada heç bir şey qalmazdı. Çığırışa ehtiyacı olan hər bir məktəbdə sinə vurmaq vacibdir. Sinə vuranları, ağlayanları və başlarına vuranları olmayan heç bir məktəb öz varlığını qoruyub saxlaya bilməz!”Bu barədə nə deyərdiniz?

Seyid Fəzlullah:Dediyimiz kimi məsələ fiqhi rəydən – bədənə zərər verməyin haram olmasından, İslam və müsəlmanların simasını (surətini) çirkinləşdirən geridəqalmışlığın təmsil olunmasının ünvani-sanəvi[18] olaraq haram olmasından qaynaqlanır. Hətta hüzn və kədərin ifadə vasitələrindən olan sinə vurmaq haqqında deyirik ki, sillə sakit vurulmalı və kədəri ifadə etməlidir, sinənin qızarmasına və zədələnməsinə gətirib çıxartmamalıdır.

Əbdüləziz Qasım:Şeyx Həsən Səffar bir neçə il əvvəl qan çıxartmağa müasir bir yol göstərdi. Dedi ki, bu iztirablı mənzərənin yerini qan verməklə əvəz etmək olar. Bildirdi ki, qərb mediası bu görüntüləri İslam adı ilə təqdim edir.

Seyid Fəzlullah:Mən dəvət etdim ki, Aşura məsələsini İmam Hüseyn, onun Əhli-Beyti və əshabələrinin həyatındakı nümunəvi islami anlayışlara açıq olan sənətkarlıq yolu ilə bədii yaradıcılıqda nümayiş etdirək. Məsələni müəyyən şəraitlərə bağlayıb kiçiltməyək. İki il əvvəl dedim ki, əgər Hüseyn üçün qurban vermək istəyirsinizsə, İsrail qarşısında şəhid olanlara xidmət etmək üçün qan verin. Hətta media vasitəsi ilə də bunu bildirdim. Bəzi insanlar deyirlər ki, biz başımızı yarmaqla İmam Hüseynə yas tuturuq. İmam Hüseyn cihad edərək yaralanmışdır. Əgər İmam Hüseynə yas tutmaq istəyirsinizsə, İsrailə qarşı çıxın. Onlarla qarşıdurmada yaralansanız, bu da sizə yas olar, çünki yas tutmaq onun yaralandığı məqamda yaralanmaq mənasını verir. Bunu Hindistana səfərim zamanı açıq şəkildə söyləmişdim.

Əbdüləziz Qasım:Cənab Fəzlullah, Aşura günü sizin tərəfdarlarınız sizin məsciddə məsciddən çıxmadan sinə vururlar. Bu hal Livanda da yayılmışdır?

Seyid Fəzlullah:Düzdür, lakin sakit halda sinə vurmaqda problem yoxdur. Problem bədənə zərər verməkdədir.

14/09-2008

Tərcümə: Salman Süleymanov

Təshih: Xəyyam Qurbanzadə

[1] "Bəqərə”, 14

[2] Şeyx Həsən Səffar 1958-ci ildə (h. 1377) Səudiyyə Ərəbistanının şərqində yerləşən Quteyf şəhərində doğulmuşdur. Quran oxumağı Quteyfdəki yerli kiçik mədrəsədə öyrənmiş, ibtidai təhsilə oradakı Zeynalabdin adına məktəbdə başlamış və sonra təhsilini "Əmin Orta Məktəbi”ndə davam etdirmişdir. 1971-ci ildə (h. 1391) Hövzədə dərs almaq üçün İraka – Nəcəfi-Əşrəfə mühacirət etmiş, 1973-cü ildə (h. 1393) təhsilini "Qum Elmi Hövzəsi”ndə davam etdirmiş və 1974-cü ildə (h. 1394) Küveytin "Rəsuli-Əzəm” məktəbinə daxil olmuşdur.

Müxtəlif ölkələrdən olub din elmlərini oxuyan tələbələrin bir çoxu ondan dərs almışlar. Belə ki İbn Hişamın "Qətrun-Nəda” və "İbn Malikin "Əlfiyyə”sinə İbn Uqeylin şərhi” adlı kitabları dərs keçməklə ərəb dilini, Mühəqqiq Hellinin "Şərayiul-İslam”, Şəhid Əvvəl və Şəhid Saninin "Şərhul-Luməti-Diməşqiyyə” kitablarını dərs keçməklə İslam fiqhini, Şeyx Müzəffərin "Üsulul-Fiqh” və Şeyx Ənsarinin "Rəsail” kitablarını keçməklə üsuli-fiqh elmini tədris etmiş, eyni zamanda İslam iqtisadiyyatından, İslam əxlaqından, Quran təfsirindən, Nəhcülbəlağədən və xitabətdən dərs demişdir.

Onun məharətini qiymətləndirmək, dini və ictimai rolunu təsdiqləmək və gücləndirmək üçün bir çox dini rəhbərlər rəvayət etmək və dini vəzifələri öhdəsinə götürmək üçün ona sertifikatlar və icazənamələr vermişdir. Onların ən məşhurları aşağıdakılardır:

1. Ayətullah Seyid Əli Sistani (İrak – Nəcəfi-Əşrəf),

2. Ayətullah Seyid Mühəmmədrza Musəvi Qolpayqani (Qum – İran),

3. Ayətullah Seyid Mühəmmədhüseyn Şirazi (Qum),

4. Ayətullah Şeyx Mühəmməd İshaq Fəyyaz (İrak – Nəcəfi-Əşrəf),

5. Ayətullah Mühəmmədmehdi Şəmsəddin ("Ali Şiə Məclisi”nin sədri – Livan).

Onun müxtəlif dini və elmi maarif sahələrində 80-dən çox kitabı nəşr olunmuş və onların bəziləri müxtəlif dillərə tərcümə olunmuşdur. Hal-hazırda Səudiyyə Ərəbistanının Quteyf qəsəbəsində yaşayır.

[3] "Üsuli-Kafi”; c. 1, "Babu rivayətil-kutubi vəl-hədis və fəzlil-kitabəti vət-təməssuki bil-kutub”; 14-cü hədis

[4] "Məryəm”; 5-6

[5] Bu məsələ barəsində ətraflı məlumat almaq istəyənlər"Zəhraya edilmiş zülmlər”kitabına müraciət edə bilərlər. Müəllif: Seyid Mühəmmədhüseyn Fəzlullah

[6] İmam Rza (ə)-dan "Ramazan ayında boynuna cənabət halı gələn və sübhə qədər (sübh azanına qədər) qəsdən yatan şəxsin üzərində nə vardır?” – deyə soruşduqda İmam buyurdu:"Bunun ona heç bir zərəri yoxdur və bu, atam Musa əl-Kazimin dediyi məsələdir. O demişdir: "Aişə dedi ki, həqiqətən, Peyğəmbər – Allahın salamı ona və ailəsinə olsun! – möhtəlim olmadan sırf cinsi yaxınlıqla cünub olduğu bir halda sübhə çıxdı”("Camiu Əhadisiş-Şiə”; c. 9, s. 208).

[7] Müasir dövrdə əhli-sünnə yolunda dörd məzhəb mövcuddur. Bu məzhəblər hənəfi, maliki, şafei və hənbəli məzhəbləridir.

Hənəfi məzhəbinin təməli İmami-Əzəm Əbuhənifə həzrətlərinin ictihadına dayanır.

Əsl adı Numan olan Əbuhənifə hicrətin 80-ci ilində (m. 699) Kufədə doğulmuşdur. Atası Sabit Kufə zənginlərindən olan möhtərəm bir şəxs idi. Əbuhənifə doğulmamışdan əvvəl Həzrət Əli (ə)-ın duasına nail olmuşdu, çünki atası Sabit illər öncə Həzrət Əli ilə görüşmüş və ondan övladı üçün xeyir-dua almışdı. İmami-Əzəmin fiqhdə böyük bir şəxsiyyət olaraq yetişməsində bu duanın böyük bir rolu olmuşdur. Bundan başqa Həzrət Əli və Abdullah ibn Məsud kimi alim əshabələrin toplaşdığı Kufə şəhərinin də təsiri olmuşdur.

Numan ibn Sabit (Əbuhənifə) kiçik yaşlarından elmi dairələrdə iştirak etmiş, Quran-kərimi əzbərləmiş və bir çox alimlə görüşüb onların hər birinin elmindən ayrı-ayrı istifadə etmişdir. Ənəs ibn Malik (r.ə.) kimi uzun ömürlü bir neçə əshabə ilə görüşmüşdür. Hətta onlardan bəzi hədislər də rəvayət etmişdir. Tələbələri vasitəsilə Hz. Əli, Hz. Ömər və Abdullah ibn Məsudun elmini öyrənmişdir. "Elmi kimdən öyrəndin?” – sualını verənlərə belə cavab verərdi: "Tələbələri vasitəsilə Hz. Əlidən, tələbələri vasitəsilə Hz. Ömərdən və tələbələri vasitəsilə Abdullah ibn Məsuddan əldə etdim”.

İmami-Əzəm bir yandan elm öyrənir, bir yandan da atasının peşəsi olan ticarətlə məşğul olurdu. Lakin onun zəkası və elmə olan arzusu alimlərin diqqətini çəkdi. Onu ticarətlə məşğul olmaqdan qurtarıb elmə təşviq etdilər. İmami-Əzəm bundan sonra ticarət işlərini şəriki vasitəsilə idarə etdi. Özü artıq elmlə məşğul olurdu.

Cavanlığında bir müddət kəlam elmi oxudu. Lakin sonradan fiqh elminə yönəldi və bütün ömrünü bu elmə qurban verdi. Çox alimlərdən dərs aldı. Bunların arasında ən çox istifadə etdiyi şəxs müəllimi Həmmad ibn Əbusüleymandır. Əbuhənifə bu müəllimi ilə düz iyirmi səkkiz il bir yerdə fəaliyyət göstərdi.

İmami-Əzəm həzrətləri elmi, vüqarı, təvazökarlığı, təqvası, gülərüzlülüyü, təcrübəsi, şirin dili və hər şeydən əhəmiyyətlisi Allahın ehsanı ilə hamı tərəfindən sevilən, problemləri həll edən bir müraciət qaynağı oldu. İrak, Xorasan, Xarəzm, Türküstan, İran, Yəmən və daha bir çox yerdən gələn tələbələrlə ətrafı dolub daşdı.

İmami-Əzəm fiqh elmindən başqa təfsir, hədis, kəlam, münazirə (elmi mübahisə qaydaları) və digər elmlərdə də böyük nailiyyətlər əldə etmişdi.

İmami-Əzəm həzrətləri ibadət həyatında da müstəsna bir yerə sahib idi. Düz qırx il işa (xoftən, yatsı) namazının dəstəmazı ilə sübh namazı qıldı. Əlli beş dəfə həcc ziyarətinə getdi. Buna baxmayaraq əməlinə heç bir zaman güvənmədi. Düşünürdü ki, Allaha layiq olduğu şəkildə ibadət edə bilmir. Bir dəfə Kəbədə ikən "Ey Rəbim, Sənə layiq olduğu şəkildə ibadət edə bilmədim”, – sözü ilə bunu ifadə edirdi.

Əbuhənifə həzrətləri siyasi iqtidarlar qarşısında elmin izzətini həssaslıqla qoruyaraq da özündən sonrakılara nümunə oldu. Yaşadığı dövr boyunca iqtidarda olan hökmdarların heç biri ilə arasındakı məsafəni daraltmadı. Əməvi hökmdarlarının qazılıq təklifini qəbul etmədiyinə görə zindana atıldı, işgəncəyə məruz qaldı. Lakin yenə də məmurluq təklifini qəbul etmədi. Əməvilərdən sonra abbasi xəlifəsi Mənsurun "Baş Qazılıq” təklifini də bu vəzifəyə layiq olmadığı bəhanəsi ilə rədd etdi. Xəlifə əsəbiləşib: "Yalan danışırsan. Bu işə ən layiq olan sənsən!” dedi. Əbu Hənifə həzrətləri bu ittihama görə məntiq gücünü və mat etmə qabiliyyətini göstərən bu cavabı verdi:"Bax, mənim haqqımda hökmünü verdin. Əgər düz deyirəmsə, həqiqətən, bu vəzifəyə layiq deyiləm. Əgər yalan danışıramsa, bir yalançının qazılıq vəzifəsinə gətirilməsi düzgün deyil”.

İmami-Əzəmin baş qazılıq təklifini qəbul etməməsinin səbəbi özünün təqva sahibi bir şəxs olmasına baxmayaraq təklif edənlərin ədalətsiz insanlar olması idi. Xəlifələrin haqsız hərəkətlərinə fitva vermək istəmirdi. Həm də bu vəzifəni qəbul etdikdə onlara xəbərdarlıq etmək mümkün olmayacaqdı. Halbuki İmami-Əzəm kimi bir şəxsin haqsızlıqlar qarşısında susması düşünülə bilməz. Məhz bu səbəbə görə baş qazılıq təklifini qəbul etmədi. Onun bu davranışı əməvi xəlifəsini qəzəbləndirdiyi kimi abbasi xəlifəsi Mənsuru da qəzəbləndirdi. Onu həbsə atdı. Beləcə İmami-Əzəm ömrünün son günlərini həbslərdə keçirdi.

İmami-Əzəm öz dövründəki dinsizlik axımı ilə də böyük bir mübarizə apardı. "Dəhri” (zamanın yaradıcı və öldürücü olduğuna inananlar) deyilən dinsizləri dəfələrlə məğlub etdi. Onların fikirlərinin yayılmasına üstün elmi və zəkası ilə mane oldu.

İmami-Əzəm gənc yaşlarında dəhrilərlə etdiyi mübahisələrinin birində onları öz sözləri ilə belə məğlub etdi:"Bir adam sizə desə ki: "Mən yüklə dolu bir gəmi gördüm. Tamamən yüklənmiş bu gəmi dənizdəki azğın dalğalara qarışmışdır. Onu idarə edən hər hansı bir şəxs və ya gəmiçi olmadığı halda müntəzəm olaraq yoluna davam edir. Buna nə deyirsiniz? Ağıl bunu qəbul edərmi?”

İmami-Əzəmin bu sualına dəhrilər: "Xeyr! Bunu ağıl deyil, xəyal belə qəbul etməz”. Bu cavabdan sonra İmami-Əzəm onları cavab verə bilməyəcək şəkildə belə susdurdu:"Sübhanəllah! Ağıl başsız yoluna davam edən bir gəminin varlığını qəbul edə bilmədiyi bir halda bu böyük dünyanın müxtəlif halları, çeşidli işləri, dağları, obaları və dənizləri ilə yaradıcısız və idarəçi olmadan meydana gəlib ayaqda durmasını necə qəbul edə bilər?”

İmami-Əzəmin əsərlərindən bizə qədər gəlib çatanlardan bəziləri bunlardır: "Risaleyi-Rəddi Xəvaric və Rədi-Qədəriyyə” ("Qədəriyyə və Xaricilərə cavab Risaləsi”), əl-Fiqhul-Əkbər ("Böyük Fiqh”), "əl-Fiqhul-Əbsət”, "Kitabul-Alim vəl-Mütəəllim” ("Alim və mütəəllim (elm öyrənən) kitabı”), "Qəsideyi-Numaniyyə”, "Mərifətul-Məzahib” ("Məzhəblərin tanınması”), "Əl-Əsl”, "əl-Müsnədul-İmamil-Əzəm li Əbi Hənifə”. Dünya müsəlmanlarının təxminən üçdə ikisi İmami-Əzəmin məzhəbinə mənsubdur. Hənəfi məzhəbinə görə əməl edən ölkələrdən bəziləri bunlardır:

Türkiyə, Balkan ölkələri, Polşa, Türküstan, Əfqanıstan, Xorasan, Pakistan, Kazan, Sibir, Çin, Mancuriya, Qafqaz, Dağıstan, Albaniyanın əksəriyyəti hənəfidir. Hicazda, Misirdə, Fələstində, Yəməndə, Ədəndə az, Suriya və İranda çox sayda hənəfi vardır.

İmami-Əzəm Əbu Hənifə həzrətləri h.q. 150 (m. 767)-ci ildə vəfat etdi. Türbəsi İrakın Bağdad şəhərindədir. Allah ondan razı olsun.

[8] İmami-Əzəmin tələbələrinin və hənəfi məzhəbində yetişən müctəhidlərin ən böyüyü olan İmam Əbuyusifin əsl adı Yaqubdur. Hicrətin 113-cü (m. 731) ilində Kufədə doğulmuşdur. Bir çox alimlərdən dərs almışdır. Mühəmməd ibn Əbdürrəhman ibn Əbuleylanın dərslərində iştirak edərkən xocasının bəzi müşkül məsələlərdə İmami-Əzəmə müraciət etdiyini gördü. Beləcə İmami-Əzəmin böyüklüyünü başa düşüb ona tələbə oldu.

İmam Əbuyusif İmami-Əzəmin dərslərində elə iştirak edirdi ki, atası vəfat etdikdə onun dərsində iştirak etməyi atasının cənazə mərasmində iştirak etməkdən üstün tutdu. İmam Əbuyusif özü bunu belə ifadə edir:"Atam vəfat etdikdə cənazə mərasimində iştirak etmədim. Qohumlarımın və qonşularımın cənazə və dəfn işləri ilə məşğul olmasını təmin etdim. Əgər bu işlərlə mən özüm məşğul olsaydım, İmami-Əzəmin bir dərsində iştirak edə bilməyəcəkdim. Əgər o gün dərsi buraxsaydım, o dərsdəki məlumatları əldə edə bilməməyimin həsrəti ölüncəyə qədər davam edərdi”.

İmam Əbuyusif yetim idi. Ailəni o dolandırmalı idi. İmami-Əzəmin dərslərində iştirak etmək istəyirdi, lakin dolanışıq dərdi buna mane olurdu. Nəticədə işləmək məcburiyyətində qaldı. İmami-Əzəm onun dərslərə gəlmədiyini gördükdə yanına çağırtdırdı və ondan "Dərslərdə iştirak etməyinin qarşısını alan nədir?” – deyə soruşdu. Əbuyusif: "Dolanışıq dərdi”, – deyə cavab verdi. İmami-Əzəm gözləməsini söylədi. Tələbələri yanından dağıldıqdan sonra ona bir qədər ehsan etdi. "Bunları ehtiyacların üçün xərclə, pulun qurtardıqda mənə xəbər ver. Lakin dərsləri buraxma”, – dedi. İmam Əbuyusif deyir: "Verdiyi pul qurtardığı gün mənə ona vəziyyəti bildirmədən təkrarən pul verirdi. Düşünürdüm ki, mənim vəziyyətimi ona Allah bildirir və kəraməti ilə başa düşürdü. Xocamın bu ehsan və ikramına qovuşduğuma görə hüzurunda elmdə də məqsədimə çatdım. Allah ona ən gözəl mükafat, bağışlanma və qarşılıq versin”.

İmami-Əzəm onun zəkasını və elmini təqdir edər və "Bu gənc həyatda ikən onunla müxalifət edən tapılmaz”, – deyərdi. İmam Malikdən də dərs alma şərəfinə yetişən İmam Əbuyusif on altı il İmami-Əzəmin dərslərində iştirak etmişdir. Elmdə yüksək bir dərəcəyə yüksəldi və müctəhid oldu. Ustadı İmami-Əzəmin vəfatından sonra Kufədə elm kürsüsünə gətirildi. İmami-Əzəmin tələbələrini artıq o yetişdirməyə başladı. İmam Əbuyusif bəzi məsələlərdə Ustadı ilə müxalifət etməklə bərabər onun məzhəbinə bağlı qaldı.

İmam Əbuyusif təfsir, fiqh və hədisdə çox yüksək bir elmə sahib idi. Üç yüz min hədisi əzbər bilirdi. Öz dövründəki alimlərdən olan üstünlüyünü görən xəlifə Mehdi onu qazılığa təyin etdi. Sonrakı xəlifələrdən Hadi və Harun ər-Rəşidin dövründə də bu vəzifəsini davam etdirdi. Harun ər-Rəşid dövründə bütün hakimlik işlərində hökm verdiyi üçün İslam tarixində ilk "Baş Qazı” adını aldı. İmam Əbuyusif 16 il bu vəzifədə qaldı. Bu müddət ərzində xalqın suallarını cavablandırdı, problemlərini həll etdi. İmam Əbuyusif xəlifədən çəkinməz, zaman-zaman ona nəsihət verərdi.

İmam Əbuyusif Harun ər-Rəşidin istəyi ilə dövlət maliyyəsinin əsaslarını, dövlətin gəlir və xərclərini açıqlayan "Kitabul-Xərac” adlı məşhur əsərini yazdı. İmam Əbuyusifin bundan başqa yazdığı əsərlərdən bəziləri bunlardır:

"İxtilafu Əbihənifə və İbn Əbileyla” ("Əbuhənifə və İbn Əbuleylanın ixtilafı”), "Kitabul-Asar” ("Rəvayətlər kitabı”), "əl-Əmali” ("İmlalar”).

Bu böyük alim hicrətin 182-ci ilində (m. 798) Bağdadda vəfat etdi. Allah ondan razı olsun.

[9] Lüğətdə "bir şeyin başqa bir şeylə ölçülməsi”, "iki şeyi bir-birinə birləşdirmək” mənasını verən "qiyas” üsuli-fiqh alimlərinin istifadə etdiyi bir termin olaraq"Kitab, Sünnə, yaxud İcmada hökmü olmayan məsələyə aralarındakı illət (səbəb) birliyi səbəbinə görə bu qaynaqların birində olan məsələnin hökmünü vermək”, – mənasını verir.

Bunu bir qədər açıqlayaq: Təsəvvür edək ki, Kitabda, Sünnədə və ya İcmada bir məsələnin hökmü göstərilmişdir. Bir müctəhid də illəti (səbəbi) müəyyənləşdirmə metodlarından biri ilə bu hökmün hansı xüsusiyyətə əsasən qoyulduğunu sübuta yetirmişdir. Daha sonra müctəhid bu üç qaynaqdan birində hökmü olmayan bir məsələ ilə qarşılaşdıqda, bu məsələdə eyni illətin (səbəbin) olduğu, yəni hər iki məsələnin illət baxımdan bir olduğu qənaətinə gələrsə, nəsdə mövcud olan hökmü bu yeni məsələyə tətbiq edir, hər iki məsələni hökm baxımdan bərabər hala gətirir. Bu əməliyyata üsuli-fiqh termini olaraq "qiyas” deyilir. Hökmü nəss tərəfindən müəyyənləşmiş məsələyə "əsl”, yaxud "əl-məqisu əleyh” ("hökmü məlum olan”), hökmü nəslərdə müəyyənləşməmiş məsələyə "fər”, yaxud "məqis” ("hökmü məchul olan”), nəsdəki hökmün ortaya qoyulmasına səbəb olan xüsusiyyətə "illət” (səbəb, yəni əsl ilə fər arasındakı müştərək cəhət), nəss ilə sübuta yetmiş hökmə "əslin hökmü”, qiyasla müəyyənləşən hökmə isə "fərin hökmü” deyilir (yəni əsl üçün sabit olan şeylə fər üçün də sübut etmək istəyirik).

Buna Qurandan bir misal vuraq:

Quran-kərimdə "xəmr”in (şərabın) haram olduğu hökmü qeyd olunmuş və Allahın şərabı nə üçün haram etdiyi də həmin ayədə müəyyənləşdirilmişdir:"Ey iman gətirənlər! Şərab da, qumar da, bütlər də, fal oxları da Şeytan əməlindən olan murdar bir şeydir. Bunlardan çəkinin ki, bəlkə, nicat tapasınız!

Şübhəsiz ki, Şeytan şərab və qumarla aranıza ədavət və kin salmaq, sizi Allahı yada salmaqdan və namaz qılmaqdan ayırmaq istər. Artıq bu işə son qoymayacaqsınızmı?”("Maidə”, 90-91)

Bu nəss şərabın haram olduğunu göstərməkdə və eyni zamanda bu haramlıq hökmünün hansı əsasa dayandığını açıqlamaqdadır. Bu əsas şərab içməyin ortaya çıxardığı dini və dünyəvi mənfi nəticələrin qarşısının alınmasıdır. Həqiqətən, insanlar arasında düşmənçilik salıb onların içinə kin salmaqdan daha böyük çirkinlik ola bilərmi? Şərab mənasını verən "xəmr”, hənəfi fəqihlərinə görə üzüm suyundan odda qaynadılmadan əldə edilən xüsusi bir içkinin adıdır. Buna görə müəyyənləşən həmin içkinin xaricində qalan viski və s. sərxoşedici maddələr ayənin əhatəsnə daxil deyildir, lakin bu içkilərin içilməsi də Quranın "xəmr” (şərab) haqqında açıqladığı çirkin nəticələri ehtiva etməkdədir. Bu halda bu içkilərə də qiyas yolu ilə xəmrin hökmü tətbiq olunur.

Bu misalda xəmr əsl (və ya əl-məqis əleyh), viski fər (və ya məqis), insanlar arasında ədavət və kin salmaq illət, xəmrin haram olması (yəni haramlıq) nəssin bildirdiyi hökm, viskinin haram olması isə qiyas yolu ilə fər üçün müəyyənləşən hökmdür.

Nəzərinizə çatdıraq ki, yuxarıda qeyd etdiymiz fikirlər əhli-sünnə məzhəbinə aid fikirlərdir. Əhli-sünnənin fiqhi qolları, yəni hənəfi, şafei, maliki və hənbəli məzhəbləri arasında İmam Əbuhənifə qiyası dördüncü dəlil hesab edir. Hənəfilərə görə fiqhin mənbələrinin sayı dörddür: Kitab, Sünnə, İcma və Qiyas. Malikilər və hənbəlilər, ələlxüsus hənbəlilər qiyasa qətiyyən diqqət etmirlər, lakin şafeilər imamları Mühəmməd ibn İdris Şafeiyə tabe olaraq orta bir yolla gedirlər, yəni hənəfilərdən çox hədisə, malikilər və hənbəlilərdər də çox qiyasa diqqət edirlər. Qədim fəqihlərin istilahında "qiyas”a bəzən "rəy”, yaxud "ictihadi-rəy” də deyilir. Əhli-Beyt məzhəbinin alimlərinə görə qiyas açıq-açığına zənn, güman və xəyala tabe olmaqdan ibarət olduğuna və müqəddəs İslam şəriəti və onun canişinləri tərəfindən gəlib çatan külliyyat (ümumi qaydalar) ehtiyaclara cavab verdiyinə görə qiyasa müraciət etmək heç bir vəchlə icazəli deyil. Maraqlananlar üsuli-fiqh kitablarına müraciət edə bilərlər.

[10] Həzrət Ömər (eynilə bu gün olduğu kimi – X.Q.) öz zamanında mütə nikahının bəzi qarışıqlıqlara səbəb olduğunu görmüş və bunu zamanın məsləhətinə və vaxtın mənfəətinə uyğun olaraq öz rəyi və ictihadı ilə yasaq etmişdir. Buna görə də"Rəsulullahın vaxtında iki mütə vardı. Mən onları haram edirəm və onları yerinə yetirəni cəzalandıracağam”, – dediyi mütəvatir şəkildə rəvayət edilmişdir. Göründüyü kimi "Rəsulullah onları haram, yaxud nəsx etdi”, – demir, işin yasaq edilməsini özünə nisbət verir, "Onları yerinə yetirəni Allah cəzalandıracaq”, – demir, "cəzalandıracağam”, – deyir.

Əbuhəfs (yəni Xəlifə Ömər), dinin əsaslarına çox riayət edərdi, şəriət hökmlərini tətbiq etməkdə çox şiddətli idi. Ağlı üstün, İslamiyyəti isə xalis idi. Belə olduğu bir halda dində olmayan bir şeyi dinə necə daxil edə bilər?"Mühəmmədin halalı qiyamət gününə qədər halal, haramı isə qiyamət gününə qədər haramdır!”sözünü bildiyi halda bu işi necə görə bilər? Allah-Taala kəramət sahibi peyğəmbərinə buyurur:"Əgər (Peyğəmbər) özündən bəzi sözlər uydurub Bizə isnad etsəydi, Biz ondan mütləq şiddətli intqam alardıq! Sonra onun şah damarını qoparardıq! Və heç biriniz də (Bizim əzabımızı) ondan dəf edə bilməzdiniz”("Haqqə”, 44, 47). Belə başa düşülür ki, Həzrət Ömərin məqsədi o zamana aid bir şeydi. Yasaq qoyması zaman və şəraitə görə idi, dini deyildi (yəni Həzrət Ömər bu işin icra edilməsinə yasaq qoymuşdu, hökmü inkar etməmiş və onu qüvvədən salmamışdır). Lakin onun müasirlərinin bir qismi və sonra gələnlər bu nöqtəni başa düşə bilmədilər və dini qorumaqda çox böyük bir əzm sahibi olan belə bir şəxsin şanının, Allahın halal etdiyini haram etməkdən uca olduğunu idrak edə bilmədilər. Peyğəmbər tərəfindən nəsx edildiyini (qüvvədən salındığını) iddia etdilər. Dediyimiz kimi Həzrət Ömərin bunu zamana görə etdiyini başa düşsəydilər, belə bir təhlükəli vəziyyətə düşməzdilər.

[11] "Nisa”, 59

[12] Əvzailiyin qurucusu Əmr əl-Əvzaidir. İmam Əvzai fitvasında Quran və hədisdən başqa əsaslara müraciət etməzdi. Daima Sünnəyə tabe olmağı və camaatdan ayrılmamağı tövsiyə edərdi. Əvzainin məzhəbi Şam və Beyrut bölgəsində yayılmışdı. Hicrətin üçüncü əsrində bu məzhəbin yerini Şamda şafei məzhəbi, Əndəlüsdə isə maliki məzhəbi aldı.

Zahiri məzhəbi ayələri məcazi mənalarına görə yozmayıb olduğu kimi qəbul edən bir məzhəbdir. Bu məzhəbi 883-cü ildə vəfat edən Davud ibn Əli adlı bir şəxs yaratmışdır. Əvvəl Şafeinin tələbələrindən dərs oxuyan, sonra Quran və hədisin zahiri mənalarına tabe olmağı əsas götürüb rəy və qiyası rədd edən, hər bir şəxs üçün ictihadı şərt bilib bir müctəhidə tabe olmağı qəbul etməyən bu şəxsin yaratdığı yola "zahiriyyə” ("zahirilik”) deyilmiş, bu məzhəb bir müddət İrak və İranda yayılmış, sonra itib getmişdir. Bu məzhəbə görə Kitab və Sünnədə hökmü olmayan hər bir şeydə "ibaheyi-əsliyyə” ("mübah olma prinsipi”) tətbiq olunmalıdır. Yəni haramla nəticələnmədikcə hər bir şey əslən və zatən mübahdır. Zahiri məzhəbi 994-cü ildə Kordovada (Qurtubə) doğulub 1063-cü ildə vəfat edən İbn Həzm tərəfindən Əndəlüsdə yenidən bərpa edilmişdir. Zahiri məzhəbi hicri VI əsrin sonunda Şimali Afrikada, Mərakeşdə və Əndəlüsdə yayılmışdır, lakin sonralar maliki məzhəbinin mənimsənilməsi ilə öz təsirini itirmişdir.

Əvzailik və zahirilik varlığını davam etdirməyən fiqhi məzhəblərdəndir.

[13] Zeydilik İmam Zeynulabidinin oğlu İmam Zeydin fikirləri əsasında formalaşan və şiəyə mənsub olan bir qoldur. Əhli-sünnə alimlərinə görə şiələr içərisində əhli-sünnəyə ən yaxın məzhəbdir. Əməldə bir neçə məsələ istisna olmaqla İmami-Əzəmin fikirlərini mənimsəyirlər. İmamət məsələsində də Həzrət Əlinin fəzilətdə digərlərindən daha üstün olduğunu müdafiə etməklə bərabər, ilk üç xəlifənin xəlifəliyinin qanuni olduğunu müdafiə edirlər. Bu barədə İmam Zeydin fikri budur:"Daha fəzilətli ola-ola ondan daha aşağı olanın imaməti icazəlidir”.

Zeydi firqəsinin zühuru belə olmuşdur:

İmami-Əzəmin "Zeyd ibn Əlini gördüm. Dövründə ondan savadlı, ondan daha hazırcavab, ondan daha açıq danışan birini görmədim. O, misilsiz bir insandı”, – dediyi İmam Zeyd elmli və fəqih bir şəxs idi. Dövrün ziyalıları kimi o da əməvilərin zülmündən şikayətçi idi. Lakin müqavimət göstərməyi düşünmür, elm yaymaqla məşğul olurdu. Ancaq xəlifə Hişam ibn Əbdülməlik onun nüfuzundan çəkinir, davamlı olaraq onu nəzarət altında saxlayırdı. Buna görə də istər Mədinə valisi, istərsə də Zeydin getdiyi yerlərdəki valilər onun üçün çətinlik yaradırdılar. Nəhayət, xəlifənin yanına gedib Mədinə valisindən şikayət etməyə məcbur olur, lakin xəlifə onu alçaltmaq istədiyi üçün hüzuruna qəbul etmir. Lakin Zeydin bunu israr etməsindən sonra onu qəbul edir, lakin oturmaq üçün bir yer göstərmir. Zeyd də salonun sonunda bir küncdə ilişib qalır. Sonra xəlifəyə belə xitab edir:"Ey möminlərin əmiri, heç kim təqva barəsində Allah qarşısında özünü böyük göstərə bilməz. Heç kim də təqvanın xaricində Allah qarşısında özünü kiçildə bilməz”. Xəlifə onun bu sözündən çox əsəbiləşir. "Sus, ey anasını itirmiş adam. Bir cariyənin oğlu olduğun halda xəlifəlik məsələsində özünü yeyib bitirəcəksən!” – deyir. Buna cavabında Zeyd: "Əgər mənə qəzəblənməzsənsə, sənə əsaslı bir cavab verəcəm, lakin qəzəblənəcəksənsə, susacam”, – deyir. Xəlifə qəzəblənməyəcəyini söylədikdə belə deyir: "Analarının azad, yaxud kölə olması insanların öz məqsədlərinə çatmasına qətiyyən maneə deyildir. Necə ki Həzrət İsmayılın və Həzrət İshaqın analarının kölə olması Allahın Hz. İsmayılı peyğəmbər olaraq göndərməsinə və onun ərəblərin babası olmasına və yenə insanların ən xeyirlisi olan Həzrət Mühəmmədin onun nəslindən gəlməsinə mane olmadı. Vəziyyət belə ikən Həzrət Fatimənin və Hz. Əlinin oğlu olduğum halda qalxıb mənimlə bu şəkildə danışırsan”.

Hz. Zeyd daha sonra bir şeir oxuyur. Hişam qəzəblənir: "Çölə çıxın!” – deyir. Zeyd belə cavab verir: "Çıxıram, lakin bundan sonra sənin istəmədiyin yer haradırsa, orada olacağam”.

İmam Zeyd bundan sonra da istər Mədinədə, istərsə də, İranda müxtəlif zülmlərə məruz qaldı. Vəziyyətini xəlifəyə bildirmək istədikdə yenə əziyyət gördü. Hüzurundan qovuldu. Buna görə də Hz. Zeyd "Ya haqq, ya da ölüm!” – deyərək meydana atıldı. Beləcə Əhli-Beyt içərisində Hz. Hüseyndən sonra əməvilərə qarşı müqavimət göstərən ilk şəxs oldu. Zeydə Kufədə on beş min şəxs beyət etdi. Sonra bu say qırx minə çatdı, lakin qəti qərara gəlmə zamanı çatdıqda bunların çoxu onu tərk etdi. Bu, təbiidir, çünki beyət edib sözündən dönmək kufəlilərin xasiyyətinə çevrilmişdi. Necə ki daha əvvəl Həzrət Əliyə qarşı həmin cür hərəkət etmişdilər. Həmçinin çağırdıqları halda Həzrət Hüseyni müxaliflərin qarşısında tək buraxmışdılar.

Həzrət Zeyd adamlarının onu tərk etməsi ilə çətin vəziyyətdə qaldı. Yanında yalnız 400 əsgər qalmışdı. Qəhrəmanca döyüşdükdən sonra uzaqdan atılan bir oxla şəhid edildi. Adamları işgəncə ediləcək deyə onu kiçik nəhrin yatağına basdırdılar. Lakin bəzi kölələr onun qəbrini əməvi ordusunun komandiri Yusif ibn Ömərə göstərdilər. O da qəbri qazdırdı. O mübarək insanın nəşini çılpaq olaraq asdırdı, sonra cəsədi yandırıb külünü Fərat çayına atdı. Tarix 122/740-cı ili göstərirdi.

Həzrət Hüseynin şəhadəti əməvi dövlətində süfyanilərin hakimiyyətinə son qoyduğu kimi Zeydin şəhadəti də əməvi dövlətinin sonunu hazırladı. Onun şəhadətindən çox deyil, on il kimi qısa bir zaman sonra Əməvi Dövləti tarix səhnəsindən silindi. İdarəçiliyi ələ keçirən Abbasilər əməvi xəlifələrinin çoxunun qəbrini açıb onların sümüklərini belə yandırdıqları kimi Hz. Zeydə bu zülmü rəva görən Hişamın qəbrini də açaraq onun cəsədini yandırdılar.

Zeydin oğlu Yəhya döyüşdən sonra Xorasana qaçdı. Atasının fikirlərini davam etdirdi. Yəhya atasının şəhadətindən üç il sonra Xorasanda Əməvilərə qarşı hərəkətə keçdi. Lakin əməvi valisi tərəfindən 125/743-cü ildə şəhid edildi, onun da atası kimi cəsədi yandırıldı.

Zeydin digər oğullarından Mühəmməd Mədinədə, İbrahim də Bəsrədə əməvilərə qarşı hərəkətə keçdilər. Lakin hər ikisi tutularaq edam edildi.

Uzun bir zaman dağınıq halda qalan zeydilər Abbasi xəlifələrinin siyasi nüfuzunun zəifləməsindən istifadə edərək şimalda Təbəristan, cənubda Yəməndə üsyan etdilər və iki ayrı dövlət qurdular. Təbəristandakı zeydi xanədanı 305/917-ci ilə qədər hakimiyyətini davam etdirdi. Yəmən zeydiliyi isə h. 6-cı yüz ildən etibarən sərhədlərini genişləndirərək Təhaməyə qədər uzandı, lakin Misirin osmanlıların əlinə keçməsi ilə onların hakimiyyəti altına girmək məcburiyyətində qaldılar, lakin hicri 13, miladi XIX əsrin sonlarına doğru müxtəlif hərəkətlərə girişib osmanlı həkimiyyətindən qurtularaq müstəqilliklərini qazandılar. Zeydilik günümüzdə Yəmənin rəsmi məzhəbidir.

Zeydilər də bir müddət sonra müxtəlif firqələrə ayrıldılar. Əsas zeydi məzhəbləri bunlardır: Carudiyyə, Salihiyyə və ya Butriyyə, Süleymaniyyə, Qasimiyyə.

[14] İsmailiyyə İmam Cəfər Sadiqin (148/765) vəfatından sonra ortaya çıxmışdır. Şiələrdən bir qrup (imamiyyə) Cəfər Sadiqdən sonra imam olaraq onun oğlu Musa əl-Kazımı tanıdığı bir halda, başqa bir qrup Cəfər Sadiqin böyük oğlu İsmayılı imam olaraq tanıyırlar. İsmayılı imam olaraq tanıyan bu qola ismailiyyə deyilir.

[15] Səudiyyə Ərəbistanının kralı Məlik Abdullah ibn Əbdüləziz 1924-cü ildə doğulmuşdur. 2005-ci ilin avqustunda ögey qardaşı Kral Fəhdin ölməsi ilə taxta oturmuşdur. 1995-ci ildə Kral Fəhdin iflic olmasından bəri ölkənn əsl idarəçisidir. Başda neft məhsulları olmaqla, bir çox şirkət və cəmiyyətin öndə gələn adlarındandır. Dünyanın ən böyük neft resurslarının başında gəlir. Amerika meyilli bir siyasət yeridir. 11 sentyabr hadisələrindən sonra ABŞ və digər NATO ölkəlri ilə yaxın əlaqələr quraraq mülayim bir xarici siyasət izləmişdir. Ölkəsindəki bir çox radikal qrup və təşkilat tərəfindən düşmən olaraq elan edilmişdir.

[16] Seyid Mühəmməd Xatəmi 1943-cü il 29 sentyabrda doğulmuşdur. 1997–2005-ci illər arasında vəzifədə olmuş İran İslam Respublikasının 5-ci prezidentidir.

[17] "Bəqərə”; 14

[18] "Ünvani-əvvəli” (yəni birinci dərəcəli başlıq) təbii varlığı baxımından mövzunun öz adı üzərində sabit olan bir hökmdür. Məsələn, şərabın haram və suyun mübah (halal) olması. "Ünvani-sanəvi” (yəni ikinci dərəcəli mövzu) isə"Allah dində üzərinizə heç bir çətinlik qoymadı…”("Həcc”, 78) və"Zərər vermək və zərərə zərərlə qarşılıq vermək yoxdur”hökmü kimi müsəlmanların çətinliyini həll etmək üçün qoyulmuş şəri hökmdür. Bu cür qaydalar bəzən (diqqət edilsin – X.Q.) "hökmi-əvvəli”ni (yəni birinci dərəcəli hökmü) dəyişir. Məsələn, şərab içmək haram olmasına baxmayaraq, çarəsizlikdən, yəni insanın nicat tapması onun içilməsinə bağlı olduğu hallarda, nəinki icazəli, bəlkə vacib olur. Suyun içilməsi də insanın həlakına səbəb olacaqsa, haramdır. İnsanın su ilə dəstəmaz alması vacibdir. Əgər dəstəmaz almaq insan üçün zərərli olarsa, bu halda bu vəzifə onun boynundan düşür. Həmçinin, bir çox işlərin yerinə yetirilməsi insan üçün çətinlik yaratdığı üçün həmin işin yerinə yetirilməsi təklifi onun boynundan düşür. Bir sözlə, "ünvani-sanəvi”, hökmü sabit olan bir işin hökmünü dəyişdirən şəri hökm və qaydadır. Hökmi-sanəvi özünə məxsus olan yerlərdə hökmi-əvvəl kimi Allahın hökmüdür. Hər bir yerdə Allahın hökmünə itaət etmək lazımdır.


















Bu yazını ÇAP ET

.