YUSİF İSLAM

"Hər bir uşaq dünyaya İslam fitrəti ilə gəlir.
Bundan sonra isə valideynləri onu yəhudi,
xristian və ya atəşpərəst edə bilərlər”.
(hədisi-şərif)
Haqqında danışacağım bu qəhrəman da məhz belələrindəndir. Valideyinləri onu düzgün olmayan hədəfə istiqamətləndirdiyinə baxmayaraq, o, dərin zəkası, öz idrakı və mühakimə bacarığı ilə fitrətinin hayqırtısına hay verərək məxluqatın Xaliqə təslimçiliyini əsas prinsip tutan İslam dinini qəbul edir.
Demək olar ki, 29 yaşına kimi yüngül həyat tərzi keçirən Ket Stevens bu illərinin israf olunduğunu söyləyərək sonralar belə deyəcə¬k: "Bu illərə görə çox peşmanam. Kaş valideynlərim məni katolik kilsəsinə deyil, bəşəriyyətə əxlaqi nümunə olan Mühəmmədin (ə) qucağına ataydılar”.
21 iyul 1948-ci ildə Londonda əslən Kipr yunanı Stavros Georginin ailəsində Ket Stevens dünyaya gəlmişdir. Onun anası isə adi isveçli qadın İnqrid Uikman olmuşdur. Maraqlıdır ki, atasının pravoslav, anasının isə baptist olmasına baxmayaraq, valideynləri onu müqəddəs İosif adına katolik məktəbinə göndərirlər.
Ancaq Stevensin dərin xristianlıq duyğuları içərisində olduğunu demək mümkün deyildir. Belə ki, sonralar o: "Mən öz valideynlərimin əqidələrinə hörmət etmək məcburiyyətində olduğum üçün inanırdım”, – deyəcəkdi. Stevensin 8 yaşı olarkən valideynləri ayrılsa da, sahib olduqları Mulin Ruj restoranını birlikdə işlətməkdə davam edirlər.
Tezliklə küçə həyatı dini təlim-tərbiyəni üstələyir və katolik məktəbinin şagirdi Ket adi küçə xuliqanına çevrilir. Bir müddət sonra o, anası ilə İsveçə yollanır.
Ket Stevens 12 yaşında musiqi bəstələməyə başlayır və 16 yaşında isə Londonun müxtəlif kafe və pivəxanalarında konsertlərlə çıxış etməyə başlayır. 1965-66-ci illərdə onun mahnıları İngiltərənin ilk onluğuna daxil olur. 70-ci illərdə artıq İngiltərənin ən məşhur rok-musiqiçisinə çevrilən Stevensin 60 milyondan artıq musiqi albomu satılır.
Qeyri-ciddi həyat tərzi yaşayan və müəyyən neqotiv vasitələri həyat tərzinə qatan Ket tezliklə səhhətində ciddi problemlərlə üzləşir. Ket hal-hazırda dünyada ən təhlükəli infeksiyalardan biri olaraq qalan və əsasən əhalinin əmək qabiliyyətli hissəsini sıradan çıxaran vərəm xəstəliyinə tutulur.
Vərəm xəstəliyi Keti çox sarsıdır. O, bu bəladan qurtaracağı təqdirdə həyatını ancaq Allaha qulluqla keçirəcəyinə söz verir.
Ket uşaqlıqdan mütaliyəyə üstünlük verdiyi üçün demək olar ki, bütün katolik inancını bəyan edən kitabları oxuyur. Ancaq onun içindəki boşluğu bu mütaliələr doldura bilmir. O, daim yeni nəisə öyrənməyə çalışır.
Bir il xəstəxanada müalicə olunan musiqiçi orada qaldığı müddətdə Şərqin müxtəlif fəlsəfi-dini cərəyanları ilə maraqlanmağa başlayır. Bir il ərzində o, Dzen fəlsəfəsi, buddizm, Taro kartları, astrologiya ilə maraqlanır, bir müddət vegeterian olur, daha sonra "İncilə qayıtmağa” cəhd edir. Ancaq bunların heç biri onu təmin etmir. O, öz yolunu – istədiyini tapa bilmir. Xəstəxanada olarkən Ket sonralar şöhrətini daha da artıracaq 40-a yaxın mahnı bəstələyir.
Stevens 1978-ci ildə "Back to Earth” (Yerə doğru) albomunu çıxardıqdan sonra gözlənilmədən estrada səhnəsini tərk edir.
Uzun müddət xəstəxanada qalan Ket sağaldıqdan sonra verdiyi sözün üstündə dayanmadığına görə özünü daim məzəmmət edir. Artıq onun içində Həqiqi Məbudu tapmaq və ona abidlik etmək arzusu get-gedə daha da çoxalır. O, özü bu barədə belə deyir: "Mənim sözümün üstündə dayanmamağım mənə çox əziyyət verirdi, mən mənən sıxılırdım”.
Ancaq musiqiçi tezliklə ikinci dəfə ölümlə üz-üzə qalır. Stevens Malibu sahillərində dənizdə çimərkən dalğalarla mübarizə apara bilmir. Dalğalar onu sahildən getdikcə kənarlaşdırır. Taqətdən düşən və boğulmağa başlayan Ket baş verənləri belə xatırlayır: "Mən artıq sahildən uzaqlaşdığımı və boğulduğumu hiss edirdim. Əlim hər yerdən üzülmüşdü. Artıq batmağa başladığımı gördükdə: "Ey Allah! Əgər məni bu çətinlikdən xilas etsən, bundan sonra mən ancaq Sənin üçün çalışacağam”, – dedim”.
Elə həmin an sanki bir möcüzə baş verir və dalğalar onu sahilə atır. Ket xilas olduqdan sonra Allaha verdiyi sözünün üstündə durmaq qərarına gəlir. Məhz bu hadisədən sonra Ket müxtəlif dinlərlə maraqlanmış və Quran-kərimi oxuduqdan sonra son seçimini İslam dini üzərində qərarlaşdırmışdır. Onu daha dəqiq desək, "Yusif” surəsindəki 105-111-ci ayələr daha cox cəlb edir.
"Göylərdə və yerdə (Allahın birliyini sübut edən) neçə-neçə əlamətlər (nişanələr) vardır ki, insanlar onların yanından üzlərini çevirib keçərlər (onlara baxıb ibrət almaz, onların həqiqi mənaları haqqında düşünməzlər).
Onların əksəriyyəti ancaq şərik qoşaraq Allaha inanarlar. (Allah təklikdə deyil, Ona qoşduqları şəriklər-bütlər və tanrılarla birlikdə ibadət edərlər).
Məgər (müşriklər) Allahın əzabından onlara bir bəla gəlməyəcəyinə və ya qiyamətin, özləri də bilmədən, qəflətən başlarının üstünü almayacağına əmindirlərmi?
(Ya Rəsulum!) De: "Bu mənim (təbliğ, də’vət) yolumdur. Mən və mənə tabe olan (mö’minlər) açıq-aşkar bir dəlillə (insanları) Allaha çağırırıq. Allah pakdır, müqəddəsdir (bütün eyib və nöqsanlardan xalidir, Onun heç bir şəriki yoxdur). Mən isə müşriklərdən deyiləm!”
Səndən əvvəl də (səhra əhlindən deyil) ancaq şəhər əhlindən olub özlərinə vəhy etdiyimiz neçə-neçə kişilər (qadın, mələk yox, məhz kişi peyğəmbərlər) göndərdik. Məgər (bu müşriklər) yer üzündə gəzib dolaşmırlarmı ki, özlərindən əvvəl gəlib-gedənlərin (məhv olmuş xalqların, tayfaların) aqibətinin necə olduğunu görsünlər? Həqiqətən, axirət yurdu Allahdan qorxub pis əməllərdən çəkinənlər üçün daha xeyirlidir. Məgər dərk etmirsiniz?
Nəhayət, peyğəmbərlər ümidsizliyə qapıldıqda və özlərinin yalançı hesab edildiklərini gördükdə (yəqin etdikdə) köməyimiz onlara yetdi, dilədiyimizə nicat verildi. Bizim əzabımız günahkarlardan əsla dəf olunmaz!
(Peyğəmbərlərin) hekayətlərində ağıl sahibləri üçün, sözsüz ki, bir ibrət vardır. (Bu Qur’an) uydurma bir söz deyildir. Ancaq özündən əvvəlkilərin (ilahi kitabların) təsdiqi, (Allahın bəndələrindən ötrü) hər bir şeyin (bütün hökmlərin, halal-haramın) müfəssəl izahıdır. O, iman gətirən bir tayfa üçün hidayət (doğru yolu göstərən rəhbər) və mərhəmətdir!)”
Yusif İslam: Ket Allaha necə ibadət edəcəyini bilmirdi. Katolik ayinlərini də icra etmək istəmirdi. Qüdsdən qayıdan qardaşı Devid Ketə bir Quran tərcüməsi hədiyyə edir. Məhz Ket Yusif surəsini də bu Qurandan oxuyur. Quranın ecazkarlığına valeh olan Ket heyrətlənir və Qüdsə üz tutur. Onun ağlına belə gəlməzdi ki, müsəlmanlar tək bir Allaha ibadət edirlər. Uzun saçlı, cins geyinmiş gənci məsciddə görən Qüds müsəlmanları ondan kim olduğunu soruşurlar. Ket qeyri-ixtiyari olaraq: "Mən müsəlmanam və mənim adım Yusifdir”, – deyə cavab verir. Onun kim olduğunu bilən müsəlmanlar həyəcanlanırlar.
1977-ci ildə Ket Quranı diqqətlə oxuduqdan sonra cümə günlərinin birində Londondakı Nyu Ricent məscidinə gedir və kəlmeyi-şəhadət gətirərək İslamı qəbul edir. O, bir il sonra adını dəyişərək Yusif İslam olur.
Yusif sonuncu dəfə Londonun məşhur Uembli stadionunda xeyriyyə məqsədi ilə konsert verir.
O, gözlənilmədən şou-biznesi tərk etdiyini bildirir.
Artıq populyar rok-musiqiçisi Ket Stevens yoxdur. Onun yerini müsəlman olan Yusif İslam tutur. O, Quranın "Yusif” surəsindən çox təsirləndiyi üçün bu adı götürür. "Mən bu surəni oxuyarkən ağlamağa başladım. Dərk etdim ki, bu bəşər sözü ola bilməz, bu, Allahın sözüdür” – deyə Yusif müsahibələrinin birində qeyd edir.
Yusifin islamı qəbul etməsi İngiltərə cəmiyyətində böyük bir əks səda yaradır. Heç kim nə baş verdiyini başa düşə bilmir, çünki o vaxtadək heç bir musiqiçi musiqi dünyasının zirvəsində olarkən belə kəskin şəkildə öz karyerasını başa çatdırmamışdı.
İslamı qəbul edən Yusif əməkdaşlıq etdiyi səsyazma studiyasına müraciət edərək, bir daha onun albomlarının buraxılmamasını tələb edir. Ancaq rədd cavabı alan Yusif bütün sərvətini İslam yolunda xeyriyyəçilik və təhsil işlərinə sərf etmək qərarına gəlir.
Öz musiqi alətlərini hərraca çıxarıb satan Yusif əldə edilən vəsaiti xeyriyyə tədbirlərinə sərf edir.
"Small Kindness” (Kiçik Xeyirxahlıq) adlı xeyriyyə təşkilatı yaradan Y. İslam 1981-ci ildə Londonun Kilbern rayonunda ilk ibtidai islam məktəbi "İslamiyyə”ni açmağa müvəffəq olur. Y. İslam 1985-1993-cü illərdə "Muslim Aid” təşkilatına rəhbərlik edir. Xeyriyyə tədbirləri çərçivəsində o, Afrika ölkələrində, İndoneziyada və İraqda aclıqdan əziyyət çəkən insanlara kömək edir.
1989-cu il fevralın 21-də Yusif İslamın Kinqston Universitetindəki çıxışı böyük qalmaqala səbəb olur. Belə ki, o, "Şeytan ayələri” əsərinə görə Salman Rüşdinin öldürülməsi fikrini dəstəkləyir.
Yuqoslaviyada törədilən müsəlman soyqırımı onu dərindən kədərləndirir. Buna görə də o, müharibə nəticəsində zərər çəkmiş Bosniya müsəlmanlarına yardımla bağlı xüsusi bir layihə hazırlayır. 1995-ci ildə "Sonuncu peyğəmbərin həyatı” adlı musiqi albomu hazırlayan Y. İslam albomdakı mahnılarla Qərb dünyasına İslamı çatdırır. 1997-ci ildə o, canlı olaraq və musiqinin müşayiəti olmadan Sarayevoda 10 min nəfərin qarşısında çıxış edir. Bundan bir müddət sonra o, Bosniya müsəlmanlarına həsr olunmuş "Mənim gurultulu toplarım yoxdur” adlı musiqi albomunu buraxır.
2004-cü il sentyabr ayının 21-də Amerikaya getmək istəyən Yusif İslamı ABŞ-a buraxmırlar. Belə ki, Birləşmiş Ştatlar hökuməti onu Fələstinin HƏMAS təşkilatı ilə əlaqəsi olmaqda ittiham edir. Buna görə İngiltərənin Daxili İşlər Naziri Cek Strou şəxsən öz etirazını Kollin Pauelə və BMT-yə bildirir.
Yusif İslam 2005-ci ildə "Hind okeanı” adlı musiqi albomu hazırlayır. Albom 2004-cü ildə baş verən sunamidən bəhs edir. Albomun satışından əldə edilən vəsaiti isə o, "Small Kindness” təşkilatının xətti ilə sunamidən zərər çəkmiş Banda Ase rayonundakı yetim uşaqlara yardım üçün göndərir.
Yusif İslam İslam dünyasında tanınmış şəxsiyyətlərdəndir. Hal-hazırda o, özünün təsis etdiyi dörd İslam məktəbini idarə edir. Maraqlıdır ki, Yusif İslamın xahişini nəzərə alan Böyük Britaniya hökuməti onun açdığı İslam məktəblərindən birinə maliyyə dəstəyi ayırıb.
Yusif İslamın demək olar ki,boş vaxtları olmur. O, daim İslam dininin genişlənməsi və müsəlman ölkələrindəki insanların rifahı üçün fəaliyyət göstərir.
Sonda Yusif İslamın bir etirafını sizin diqqətinizə çatdırmaq istəyirəm. O deyir: "Şükürlər olsun ki, mən özümü – öz yolumu tapmışam. Bu yol İslamdır. O İslam ki, mənə nə maliyyənin, nə də şöhrətin verə bilmədiyini verir. O, mənə izzət, şərəf və xoşbəxtlik verir.

Nadir Məmmədov







Bu yazını ÇAP ET

.