FİQHDƏ YENİLİK TƏTBİQ ETMƏK ORİJİNALLIĞA ZİDD DEYİLDİR

Tarix: h. q. 26 rəcəb, 1433-cü il, m. 16. 06. 2012

Fiqh sözünün lüğəvi mənası "mütləq anlayış”dır. Allah-Taala buyurmuşdur:"Dilimdəki düyünü aç ki, sözümü yaxşı anlasınlar (yəni sözümü fiqh etsinlər)!”[1]Fiqh sözünün istilahi (terminoloji) mənası"müfəssəl dəlillərindən istinbat edilmiş şəri hökmlərin bilinməsi”dir. Fiqh elmi ən mühüm şəri elmlərdəndir, çünki onunla Allahın halal-haramının və s. sərhədləri öyrənilir. Allah Rəsulu ilahi vəhylə danışan ilk fəqih olmuşdur. Belə ki, insanlar Allahın hökmlərini və sərhədlərini ondan öyrənirdilər. Hər hansı bir elm kimi fiqh də çoxsaylı dövr və mərhələlər keçmiş, bir çox siyasi və ideoloji şərait və təsirlərə məruz qalmış və bəzi qədim fəqihlərin fəaliyyətləri və əsərləri ilə bu elmin orijinallığını itirmədən müasir reallığa daha yaxın olacaq yeni bir üslubla insanlar arasında yaymaq üçün onu (yəni fiqh elmini) yenidən canlandırmağa və dirçəltməyə dəvət arasında qalmışdır.
"Təcdid”ə (yəni "yenilik tətbiq etmək”) gəlincə təcdid lüğəvi anlamda "bir işi yenidən etmək”dir. Məsələn, "dəstəmazını yenilədi”, "əhdini yenilədi”, yəni "onu yenidən yerinə yetirdi və onu təkrarən həyata keçirdi”. Fiqhdə yenilik tətbiq etmək deyildikdə onun təmizliyini və parlaqlığını yenidən ortaya çıxarmaq, onun itib gedən nişanələrini canlandırmaq və onun insanlar arasında yayılmasını həyata keçirmək nəzərdə tutulur. Habelə yenilik tətbiq etmək hər bir əsrdə ortaya çıxan yeniliklərin şəri hökmünü bəyan etməyə də şamil edilir. Biz bilirik ki, fiqh insanların həyatını, onların dünyəvi və üxrəvi məsləhətlərini hər bir zamana və məkana uyğun olaraq əhatə etməkdədir. ... Bəzilərinin təsəvvür etdiyi kimi fiqhdə yenilik tətbiq etmək orijinallığa zidd deyildir və orijinallıq da köhnəyə meyil etmək, onu müqəddəsləşdirmək və hər bir yeniliyi inkar etmək deyildir, çünki bu hal ümmətin yaradıcılıq və ictihad ruhunun ölməsi, onun gücünün və taqətinin məhv olması, elmi və mədəni yolunun sapması, müsbət və məhsuldar bəşəri fəaliyyətin ölməsi ilə nəticələnir. Bu da real həyatda durğunluğa gətirəcək problemlər yaradır.
Yenilik tətbiq etmək, yalnız təqlid və yamsılamanı inkar etməklə təkmilləşdirmə və inkişafı istəməkdir, irsin məhv olması demək deyildir. Yenilik tətbiq etmək inkişaf və tərəqqini təmsil edir, halbuki köhnəlik, gerilik və durğunluğu təmsil edir. Bu isə doğru deyildir, çünki hər bir zamanın öz ideologiyası, ideoloqları və şərtləri vardır. Necə ki, müəyyən bir zamanın yenisi sonrakı zamana görə köhnəlmiş olur. Həm də yenilik tətbiq etməyin sərhədi yoxdur, çünki bəşəri düşüncə tarix boyunca inkişaf etməkdədir. Bəzi müsəlman tədqiqatçılar hesab edirlər ki, yenilik tətbiq etmək İslam elmi təcrübəsi daxilində olması labüd olan elmi əməliyyat kimidir. Qeyri-islami elmi baxışların mənimsənilməsi yolu deyildir. Yenilik tətbiq etmək fiqh və üsuli-fiqhdə tələb olunur, bu iki elm arasında qarşılıqlı dərin əlaqə vardır. Bu tədqiqatçılar bildirirlər ki, məqsəd köhnə məsələlərdə məkan və zaman şərtlərinin dəyişməsi ilə ayaqlaşan yeni ictihadların ortaya qoyulmasıdır. İctihad daimi davamlı hərəkatdır. Müəlliflərinin – yəni fəqihlərin məqamından asılı olmayaraq ictihadi rəylərə hərəkətsizlik və dəyişməzlik şəkli vermək caiz deyildir. Dəyişməzlik yalnız Qurana və Sünnəyə məxsusdur. İctihada gəlincə daim dəyişkən reallıqla ayaqlaşmalıdır ki, şəriətin məqsədlərini həyata keçirə bilsin. İctihad etmək vacibi-kifaidir, yəni ümmət içərisində bu vəzifəni icra edəcək müctəhidlərin olması vacibdir. ...
İslam fiqhi insanların dünya və axirətdəki mənfəətlərini özündə toplayır və insan əlaqələrini üç yöndə tənzimləyir.
– Onun Rəbbi ilə olan əlaqəsini.
– Onun özü ilə olan əlaqəsini.
– Onun cəmiyyətlə olan əlaqəsini.
Buna görə də ictihad həssas və zəruridir və onun bu mənfəətləri təmin etməsi labüddür. Bu elə bir şeydir ki, əməl və baxışda, mütəxəssislərin yanında ictihadi üfüqün açılışında, bəndələrin və ölkələrin mənfəətlərinin təmkinlə düşünülməsində, insanların və cəmiyyətin reallıqlarına şüurla yaxınlaşmaqda diqqətə ehtiyac duyur.
Yenilik tətbiq etməyə ehtiyac təbiidir, çünki bu ehtiyac insan təbiətinin daxilindən gəlir. Belə ki, onlar yenilik tətbiq etməyi sevir və novatorların (yenilikçilərin) və hər bir yeniliyin ardınca gedirlər. Buna görə də yenilikçinin və müctəhidin, onun elmi, diaqnostik və şəxsi gücünün təsdiqi labüddür. Qəzali müctəhiddə iki şərti əsas görür:

1. Şəriət elmlərindən tam hali olmalıdır.
2. Onun fitvasına etimad etmək mümkün olsun deyə ədalətli olmalıdır.

Bu baxımdan Şatibi deyir: "İki sifəti özündə daşıyan şəxs üçün ictihad dərəcəsi hasil olur:
1. Şəriətin bütün məqsədlərini kamil şəkildə anlamalıdır.
2. Öz anlayış və fəhminə əsasən şəri məsələləri istinbat edə bilməlidir”.
Müasir fəqihlərin rəyinə keçməklə yenilikçi dini rəhbər Seyid Mühəmmədhüseyn Fəzlullahın fəqih, onun rolu və ictihadla bağlı dediklərini misal olaraq gətiririk: Seyid Fəzlullah hesab edir ki, fəqih iki dairədə hərəkət edir. Bu dairələrin bir-birilə uyğunlaşması və bir-birini kamilləşdirməsi lazımdır. Burada şəri nəslərin (mətnlərin) öyrənilməsi, şəri hökmün öz mötəbər mənbələrindən çıxarılmasında nəsx edilmə mərhələsinə çatmaq üçün məzmunun öz dəlalətində və yönlərində təhqiq edilməsi (araşdırılması) baxımından fiqh elmi ilə bağlı olan şəxsi dairə və çərçivə mövcuddur.
Bir də İslamın reallıqda insanın bütün hərəkətinə sirayət edəcək missiyaçı çərçivə mövcuddur, çünki İslam həyat üçün bir proqram, bu həyatın problemləri üçün bir həll üsuludur. Habelə ideal bir formanı həyata keçirmək, mübarizə səhnəsində başqa cərəyanlar qarşısında mətin durmağı bacararaq bir nümunəni reallaşdırmaq uğrunda İslam həyat perspektivlərinə açılan bir qapı və onun hədləri qarşısında bir sipərdir. Məhz bununla çox rəngli və çox şaxəli hərəkətli bir məqama malik olmaq olar. Seyidin fikrincə missiyaçılıq mənasında fəqih mərhələli bir rəsuldur, yəni missiyaçıdır. Və bu rəsulun (missiyaçının) hərəkətliliyinə sirayət edən dairədədir.
Seyid göstərir ki, fəqih öz şəxsiyyətində fiqhin şəxsi, xüsusi çərçivəsində qapanıb qalarsa, bu onun roluna, bir bütöv kimi ictihadi, əməli dərinliklərə uzanan missiyasına mənfi təsir edəcəkdir. Nəticədə onu həqiqi rolunu oynamaqdan uzaqlaşdıracaq bir buxov gözləyir.
Buna əsasən Seyid deyir:"Biz fiqhi ixtisas məsələsində fiqhi cəmiyyətlərimizdə ensiklopedist müsəlman fəqihi sifətini itirmişik. Bu da ümumi müsəlman reallığını bu və ya digər məzhəb təcrübəsində çoxşaxəli düşüncənin dəqiq təsəvvüründən uzaqlaşdırmışdır”.
Seyid fəqihin rolunun bu məhdud anlayışı içərisində ortaya çıxan mənfi təzahürə diqqəti cəlb edir. Bu da fəqihin dəvətin təbliği məsələsindən, yaxud ümumi şüurlandırma xətti əsasında fiqhi məsələlərə ayrı-ayrı verilən izahatdan uzaqlaşmasıdır, çünki bu fəqih alimin vəzifəsinə deyil, təbliğatçının vəzifəsinə uyğundur. Bu məqamda fəqihin vəzifəsi ilə təbliğatçı vaizin vəzifəsi arasında ayrılıq yaranır.


Seyid hesab edir ki, məhz bu, dövrünün ehtiyaclarından uzaq hərəkətsiz fəqihi ortaya çıxarır.
Seyid sözünə davam edərək missiyaçı çərçivədə fəqih məsələsindən danışır və bildirir ki, İslama açılan geniş perspektivlər mövcuddur. Habelə ən böyük islami hədəflər istiqamətində uzanan geniş zəmin vardır. Eyni zamanda insanın ehtiyacları istiqamətində hərəkət edən, Allaha, Onun elçilərinə, axirət gününə iman əsasından çıxış edən İslam fiqhi mövcuddur. Bunun işığında fəqihin rolu Peyğəmbərin missiyasını daşımaq və qorumaq etibarilə onun roluna çevrilir. Habelə fəqih, fəqihlərin bütün reallığa və bütünlüklə insana yüksəkdən baxdığı bir pəncərəyə çevrilir. Belə olduqda fəqih yalnız şəri hökmlərdə savadlı şəxs olmayacaq, nəzəri xəttdə əqidə, şəriət, metod və hədəf baxımından, hökmü yerinə yetirmək və həyata sirayət etmək xəttində də hərəkət, cihad, dəvət və hakimiyyət baxımından bütünlüklə İslamda savadlı olmaq üçün çalışacaqdır. Seyid ictihad və Peyğəmbər Sünnəsinin seçilməsi əməliyyatında bır əsas kimi Quran mətninə əsaslanmağın zərurətindən danışır. Belə ki, biz Qurana müraciət etməklə müsəlmanların həyatında geniş yer tutan ümumi fiqhi qaydaları əldə edə bilərik. Fikrimcə biz – bu fikir Seyidə məxsusdur – İslamda qanunvericilik şüurunun əsası kimi Qurana əsaslana bilsək və təsəvvürün nəsdən başa düşülməsində yeni üslublara tabe olsaq, olduqca yeni şeylər əldə etməyimiz mümkündür. ...
Habelə Seyid mütləq ictihada, onun xüsusilikdə qərq olmuş məhdudiyyətdən uzaqlaşdırılmasına və sərbəstliyinə, üsuli məsələlərdə reallıqla və həyatla heç bir əlaqəsi olmayan məsələlərdə fəlsəfi dərinliyə səsləyir. ...
Seyid deyir ki, mən ictihad məsələsinə yenidən baxmağa çağırıram, çünki hesab edirəm ki, Quran və Sünnədəki nəssin (mətnin) başa düşülməsi yolu ümumi insani reallıqdakı hər hansı digər bir mətnin başa düşülməsi yolundan fərqlənmir. ... Biz artıq görürük ki, mətnin başa düşülməsi məqamları dünyada inkişaf etmiş və şaxələnmişdir. Buna görə də mən belə təsəvvür edirəm ki, bu vasitələri əxz etmək olduqca mümkündür. Ola bilsin ki, bizi yeni anlayışa apara bilən yeni bir şey tapa bilərik[2].
Fiqh və onda yenilik tətbiq etmək mövzusu dəqiq və həssas mövzulardandır, çünki o həyat və insanlarla birbaşa bağlıdır. Fiqh həyatın bütün sahələrini əhatə edir. Onda yenilik tətbiq etmək reallıqda mövcud olan əngəllərə qarşı durmaq üçündür. Bu isə insan və həyatın problemləri ilə yaxından maraqlanan, uzaqgörən, dəqiq, İslamın böyük missiyası və məqsədlərindən çıxış edə bilən müctəhidlərin mövcudluğunu tələb edən böyük həyati məsuliyyətdir. Allah-Taala Öz Kitabında buyurur:"De: (İstədiyinizi) edin. Allah, Onun Rəsulu və möminlər əməlinizi görəcəkdir!”[3]

Müəllif: Mühəmməd Fəzlullah
Mütərcim: Salman Səfəralı oğlu Süleymanov
Müsəhhih: Xəyyam Əliağa oğlu Qurbanzadə
Redaktor və korrektor: Məhbubə Hüseynbala qızı Kərimzadə


[1] "Taha”, 27, 28
[2] "Keçmişin bağları ilə gələcəyin üfüqləri arasında ictihad” adlı kitab. Ziyadəsini istəyən bu mənbəyə müraciət etsin.
[3] "Tövbə”, 105






Bu yazını ÇAP ET

.