MÜSƏLMAN CƏNAZƏNİN YARILMASININ HÖKMÜ

Bəzi hallarda müsəlmanın cəsədinin yarılmasına ehtiyac yaranır. İstər universitetlərdə dərs və təlim məqsədilə, istərsə də başqa vacib səbəblərdən cənazənin yarılması zərurəti yaranır. Bəzən cinayətin aydınlaşdırılması və həqiqətin ortaya çıxarılması üçün cəsədin qəbirdən çıxarılmasına və yarılmasına ehtiyac yaranır. Bununla bağlı şəriətin rəyi nədir?

Bəzi sünni fəqihlər belə hesab edirlər ki, müsəlmanın qanı, malı və namusu haramdır. Müsəlman sağlığında möhtərəm olduğu kimi ölümündən sonra da möhtərəmdir. Buna görə də Peyğəmbər buyurmuşdur: "Meyitin (cənazənin) sümüyünü qırmaq onu sağlığında sındırmağa bərabərdir!” Buna görə də müsəlman cənazənin yarılması zərurət olmadıqca icazəli deyildir. Ehtiyac yarandıqda ehtiyac təmin olunur, sonra cəsəd əvvəlki vəziyyətinə qaytarılır.

Bəziləri isə təlim və canlıların xeyri niyyətilə cəsədin yarılmasına nisbətdə belə iddia edirlər ki, əgər onsuz (bədəni yarmadan) keçinmək mümkündürsə, heç bir vəziyyətdə müsəlman cənazənin yarılması icazəli deyil. Əgər mümkün olmasa və iş cənazənin yarılmasına bağlı olarsa, tibbin öyrənilməsi məqsədilə müsəlmanın cənazəsinin yarılması icazəli deyil, çünki Peyğəmbər buyurmuşdur: "Müsəlman şəxsin cənazəsi diri müsəlman kimi möhtərəmdir!” Müsəlman şəxsin müsəlmanın cənazəsi ilə oynaması və onun bədənini yarması icazəli deyil, əksinə onu dəfn etməsi və ona diri insana ehtiram etdiyi kimi ehtiram etməsi vacibdir. Lakin bəzi alimlərin icazəsinə uyğun olaraq tibbi təlim görmək məqsədilə kafirin bədənini yarmaq icazəlidir.

Cənazənin bədəninin yarılması məsələsinə Seyid Fəzlullahın fikri belədir: "Cənazənin hörmətinin aradan getməsinə səbəb olduğu üçün bu iş icazəli deyil. Lakin haqqın sübuta yetməsi, yaxud cinayətin üstünün açılması, yaxud ölüm səbəbinin öyrənilməsi və bu kimi bir məsləhətə görə olması istisnadır ki, bu hallarda icazəlidir. Tibbi təlim məqsədilə çarəsiz vəziyyətdə cənazənin sahiblərinə bəxşiş verməklə cənazənin yarılması da icazəlidir. Bu vəziyyətdə cənazəyə əlcəklə toxunduqda qüsl vacib olmaz. Əgər cəsədə cənazə qüslü verilibsə, əlcəksiz toxunmaqla da qüsl vacib olmaz”.

Cənazənin yarılmasının icazəli olmasına nisbətdə müsəlman cənazə ilə qeyri-müsəlman cənazə arasındakı fərq barəsində verilən suala Seyid belə cavab vermişdir: "Çarəsiz vəziyyətdə və hər ikisinin yarılmasının mümkün olması ilə onlar arasında heç bir fərq yoxdur. Lakin qeyri-müsəlmanın cəsədinin yarılması önə atılmalıdır”[1].  

"Orqanların öyrənilməsi məqsədilə universitetlərdə cəsədin yarılması icazəlidirmi?” sualına Seyid belə cavab vermişdir: "Prinsip etibarilə insanın ölüsünün və dirisinin ehtiramı vardır. Lakin tibbin inkişafının əsasını təşkil edən tədqiqat buna bağlıdırsa, bu vəziyyətdə bu icazəlidir”[2].



[1] "əl-Məsailul-Fiqhiyyə”, s. 623

[2] "Yəsuiyyə” Universitetində "Tibbi və Həyati Etika Məsələləri” adı altında söylənmiş mühazirədən 





Bu yazını ÇAP ET

.