ZİNA (3-cü hissə)

ZİNANIN QARŞISINI ALAN NİZAM
Zina bəşərin ictimai quruluşunun korlanmasına və üxrəvi həlakətə səbəb olduğu üçün Allah bir neçə işi vacib buyurmuşdur ki, insan bunlara riayət edərsə, belə bir böyük günaha mübtəla olmaz. İslam şəriətində bunlar zinanın qarşısını alan nizami qanunlar olaraq dəyərləndirilməkdədir.
Hər şeydən əvvəl İslam dini insana gözəl əxlaq və mənəviyyata yiyələnməyi əmr etmiş və ona bütün çirkinliklərdən, o cümlədən zinadan çəkinməsini təmin edən "həya” duyğusuna sahib çıxmasını və həyalı olmasını göstəriş vermişdir. Peyğəmbərimiz buyurmuşdur: "Həya imandan bir şöbədir”[1] .
Başqa bir hədisində belə söyləmişdir: "Həyasız olduqdan sonra istədiyini et!”[2]
İmam Sadiq buyurmuşdur: "Həyası olmayanın imanı yoxdur”[3] .
Digər tərəfdən zinaya yol açılmasın deyə İslam dini insana onun xarici görünüşündə qarşı tərəfin cinsi hisslərini təhrik edə biləcək üzvlərinə nəzarət etməyi və ona haram münasibətləri qəlbdən keçirməmək və şəriətə zidd olan səhnələri düşüncə və xəyal dünyasında canlandırmamaqla qəlbinə, cinsi arzuları hərəkətə gətirən səslərə və cinsi duyğulara təsir edən musiqilərə qulaq asmamaqla qulağına, naməhrəm və özünə halal olmayan qadınlara baxmamaqla gözünə və onlara əl verməməklə isə əlinə sahib çıxmağı əmr etmiş və insanı zinaya (daha doğrusu, fərcin zinasına) doğru aparan yollardan çəkindirib, cinslər arasında zinaya səbəb olacaq təhriklərə sədd çəkərək zinanın qarşısını almağa çalışmışdır.
Qadınlara təsəttürü (örtünməni) əmr etməklə onları açıq-saçıq gəzməkdən çəkindirmiş və zinaya yol açan amillərdən biri olan çılpaqlığı yasaq etmişdir.
İslam insanı zinaya düçar olmamaq üçün gözəl əxlaqa və itaətə çağırdığı kimi, insan fitrətində olan şəhvani duyğuları qane edə biləcəyi halal yolları da ona göstərməklə onu zinadan çəkindirmişdir. Gənclərin yetkinlik yaşında evləndirilmələri şəhvani hisslərinin ən qüvvətli olduğu bir zamanda onları zina kimi çirkin bir işdən qorumaqda mühüm rol oynadığı üçün İslam dini insanı evlənməyə təşviq etmişdir, çünki belə olduqda halal bir yolla ehtiyacını aradan qaldıran bir insanın qeyri-qanuni yollara müraciət etməsinə səbəb qalmayacaqdır. Buna görə də şəriət evlənmək üçün müxtəlif asan qanunlar vermiş, evlənə bilməyən və yoxsul şəxslərə İslam büdcəsindən (beytül-mal) kömək etmək üçün dövlətin üzərinə xüsusi vəzifələr qoymuşdur. İslamın böyük alimi Qəzzali "Kimyayi-Səadət” adlı kitabında belə yazır: "Evlənməyin bir faydası da dinini qorumaqdır. Şeytanın pislik etmək aləti olan şəhvəti özündən uzaqlaşdırmaqdır. Bunun üçün Peyğəmbərimiz: "Evlənən dininin yarısını qorumuşdur” , – deyə buyruq vermişdir. Eylənməyən bir şəxs fərcini (cinsi orqanını) nə qədər qorusa da, bəzən gözünü baxmaqdan, qəlbini vəsvəsədən qoruya bilməz”.
Peyğəmbər buyurmuşdur: "Allah dərgahında evlənmə ilə abad olan evdən sevimli heç bir şey yoxdur”[4] .
Digər bir hədisində belə demişdir: "İslamda rahiblik (tərkidünyalıq) yoxdur. Evlənin, mən sizin başqa millətlərdən çox olmağınızla fəxr edərəm”[5] .
Başqa bir hədisində belə söyləmişdir: "Heç bir mübah (icazə verilmiş) iş Allah yanında evlənmə qədər əziz deyildir, çünki mömin bir şəxs öz halalı ilə yaxınlıq etdikdən sonra qüsl edərsə, Şeytan ağlayıb belə deyər: "Vay olsun! Bu şəxs öz Pərvərdigarına itaət etdi və günahları bağışlandı”[6] .
Digər bir hədisində buyurmuşdur: "Ey gənclər, sizdən kim evlənə bilirsə, evlənsin; çünki o (yəni evlənmək), gözü və namusu haramdan qorumaqda bir qalxandır”[7] .
Başqa bir hədisində belə demişdir: "Hər kəs cavanlığın ilk çağlarında evlənərsə, Şeytan fəryad edib belə deyər: "Vay olsun! Vay olsun! Dininin üçdə ikisini mənim şərimdən qorudu”. Peyğəmbər buyurdu: "Bəndə dinin qalan üçdə birində də Allahın yasaq etdiyi şeylərdən qorunmalıdır”[8] .
Digər bir hədisində buyurmuşdur: "Mən sizin dünyanızdan ətir və qadından başqa heç bir şeyi götürmədim (bəyənmədim)”[9] .
Başqa bir hədisində buyurmuşdur: "Evlənmək mənim Sünnəmdir. Mənim Sünnəmdən üz çevirən şəxslər məndən deyildir”[10] .
İmam Sadiq buyurmuşdur: "İnsanlar dünya və axirətdə qadınlardan ləzzət aldıqları kimi heç bir şeydən ləzzət ala bilməzlər”[11] .
Lakin daimi nikah kişi və qadın, xüsusən kişi üçün məskən (yaşayış) və nəfəqə (yaşamaq üçün lazım olan pul və ya şey) kimi daha çox məsuliyyət yaratdığı və qarşıya müxtəlif vəzifələr qoyduğu üçün yetkinlik yaşına çatdığı vaxtdan cinsi duyğunun təsiri altında qalan qız və ya oğlanların çoxu bəzən evlənmə yükünün altına girə bilmirlər. Hətta yeni əsrin həyat şərtləri o qədər dəyişmişdir ki, əgər siz bu gün cinsi istəyi və duyğusu inkişaf etmiş on yeddi yaşlı bir oğlan, yaxud on altı yaşlı bir qıza evlənmə təklifi etsəniz, sizə gülər. Elə isə cavanlar daimi nikah imkanı yaranana qədər "müvəqqəti rahiblik dövrü”nü keçib özlərini ağır təzyiqlər altında qoymağa hazırdırlarmı? Belə fərz edək ki, bir cavan müvəqqəti rahibliyi qəbul etməyə hazırdır, görəsən, insan təbiəti cinsi yaxınlığın qarşısının alınması nəticəsində yaranan və özü də təhlükəli-psixoloji halların meydana çıxmasına göz yuma bilərmi? Bu cür yol əksər hallarda özünü doğrultmur. Baxmayaraq ki, barmaqla sayılacaq qədər az olan fərdlər uzun müddət subay yaşayaraq səbirlə özlərinin şəhvani və cinsi hissləri qarşısında dözə bilirlər, lakin belə bir iş hamı üçün mümkün deyildir. Deməli, cavanları öz başlarına buraxmaqdan başqa çarəmiz yoxdur, yəni bir oğlana yüzlərlə qızdan kam almağa və bir qıza da yüzlərlə oğlanla qeyri-qanuni cinsi əlaqəyə girib dəfələrlə abort etmələrinə icazə verməliyik. Bir sözlə, cinsi kommunizmi qəbul etməliyik.
İslam dini bu müşkül və çətin məsələni də həll etmiş və müvəqqəti nikahla cavanların zinadan çəkinməsini təmin etmişdir. Xalq arasında siğə adlandırılan müvəqqəti nikah (buna "mütə nikahı” da deyilir) qadının eyni anda iki, yaxud daha çox şəxsə arvad olmasının qarşısını alır. Beləcə oğlan və qızlar (nəzərinizə çatdıraq ki, bakirə qızın siğə edilməsi haramdır) müvəqqəti rahiblik dövrü keçirib nəticədə ağır-psixoloji hallara mübtəla olmadan və cinsi kommunizm bataqlığına düşmədən özlərinin təhsil və iş dövrlərini başa vururlar.
Quranın "Nisa” surəsinin 24-cü ayəsinə görə belə bir evlilik icazəlidir. Ayədə buyurulur: "Mütə etdiyiniz qadınların muzdlarını verin ki, bu, vacibdir” . Əhli-sünnə məzhəbinə görə bu ayə nəsx edilmiş, yəni bu ayədəki qanun hökmdən düşmüşdür. Əhli-Beyt məzhəbinə görə isə bu ayə nəsx edilməmiş və müvəqqəti nikah qiyamətə qədər halaldır.
Təəssüb və inadı bir tərəfə qoyub əsas iki mənbə olan Quranı və Sünnəni diqqətlə araşdırsaq, müvəqqəti nikah qanununun nəsx olunmadığını görəcəyik. Hətta əhli-sünnənin mötəbər olaraq qəbul etdiyi "Səhihi-Buxari” və "Səhihi-Müslim” kimi hədis kitablarında da bu qanunun qüvvədən düşmədiyini sübut edən tutarlı dəlillər vardır.
Lakin çox təəssüflər olsun ki, müvəqqəti nikah şiə məzhəbinə mənsub olan müsəlmanlar tərəfindən də yaxşı qarşılanmır və onu özləri üçün bir növ təhqir hesab edirlər. Bir dəstə şəhvətpərəst insanın bu zəmində etdiyi sui-istifadələr müsəlmanlarda ilahi qanuna qarşı nifrət yaratmışdır. Qanunun qeyri-düzgün tətbiqi nəticəsində ortaya çıxan hərc-mərcliyə görə qanunu yox, onu qeyri-düzgün tətbiq edənləri ittiham etmək lazımdır. Belə hərc-mərcliklər qanunun götürülməsinə əsas verməməlidir, çünki belə olduqda qanunu düzgün tətbiq edib, maddi və mənəvi faydalara yetişə biləcək şəxsləri də bu faydalardan məhrum etmiş olacağıq. Bəzən qanunun ləğvi, həmin qanunun qeyri-düzgün tətbiqi nəticəsində ortaya çıxan fəsadlardan daha böyük fəsadlar meydana gətirir. Bunu heç bir zaman unutmamalıyıq.
Peyğəmbər və Əhli-Beyt İmamlarından nəql olunan hədislər də müvəqqəti kəbinin halal olduğunu isbat edir. Müslim ibn Həccacın "Səhih” adlı kitabının 4-cü cildinin 130-cu səhifəsində Cabir ibn Abdullah və Sələmə ibn Əkvədən belə nəql olunmuşdur: "Peyğəmbərin münadisi (carçısı) bizə doğru gəlib belə dedi: "Allahın Elçisi sizə istimta etməyi, yəni qadınlarla mütə etməyi icazə verdi”.
Təfsiri-Təbərinin 5-ci cildinin 9-cu səhifəsində "Nisa” surəsinin 24-cü ayəsi ilə əlaqədar Sədiyydən belə nəql olunmuşdur: "Bu ayə mütə nikahına aiddir. Mütə nikahı odur ki, kişi qadın ilə müəyyən bir müddət üçün nikah bağlayır. Həmin müddət qurtardıqdan sonra artıq onun o qadınla əlaqədar heç bir haqqı yoxdur. Həmin qadın o kişiyə naməhrəm hesab olunur. Müddət başa çatdıqdan sonra o qadının öz rəhimini istibra etməsi lazımdır, yəni o kişidən uşağa qalmadığını müəyyənləşdirmək üçün iddə müddəti gözləməlidir. Onlar bir-birindən irs aparmırlar”.
Səhihi-Buxari və Səhihi-Müslimdə, Əbdürrəzzaq və İbn Əbişeybə böyük əshabə İbn Məsuddan belə rəvayət etmişlər: "Biz Peyğəmbərlə döyüşdə idik. Bu döyüşdə qadınlarımız bizimlə deyildi. Peyğəmbərə belə ərz etdik:
– Biz özümüzü axtalaya bilərikmi?
Peyğəmbər öz cavabında bizi bu işdən çəkindirdi və bir parça paltar müqabilində qadınlarla müvəqqəti nikah etməyimizə icazə verdi”. Sonra İbn Məsud bu ayəni oxudu: "Ey iman gətirənlər! Allahın sizə halal buyurduğu pak nemətləri (özünüzə) haram etməyin!”[12]
"Kafi”nin "Füru” bölməsinin 5-ci cildinin 448-ci səhifəsində Əbibəsirdən belə rəvayət olunmuşdur: "Mən İmam Mühəmmədbaqirdən mütə məsələsi haqqında soruşduqda: "Bəli, Quranda bu məsələ nazil olmuşdur” – deyə cavab verib, "Mütə etdiyiniz qadınların muzdlarını verin ki, bu, vacibdir. Muzd müəyyən edildikdən sonra aranızda razılaşdığınız şeydən ötrü sizə heç bir günah yazılmaz” , – ayəsini oxudu”.
Həmin kitabda Əbdürrəhman ibn Əbiəbdillahdan belə rəvayət olunmuşdur: "Mən Əbuhənifənin İmam Sadiqdən mütə məsələsi haqqında soruşduğunu eşitdim. Həzrət buyurdu: "Hansı mütə haqqında soruşursan, qadınların mütəsi haqqında, yoxsa həcc mütəsi haqqında?” Əbuhənifə dedi: "Məqsədim həcc mütəsi idi, lakin indi mənə qadınların mütəsi haqqında xəbər ver. Bu doğru əməldirmi?” İmam belə cavab verdi: "Sübhanəllah! Allahın Kitabındakı "Mütə etdiyiniz qadınların muzdlarını verin ki, bu, vacibdir”, – ayəsini oxumamısanmı?”
Əbuhənifə dedi:
– And olsun Allaha! Sanki bu, indiyə qədər oxumadığım bir ayədir”.
Əhli-Beyt məzhəbinin böyük alimi Kaşifulğita müvəqqəti nikahın əxlaqi və ictimai faydalarını belə izah edir: "Müvəqqəti nikahın əxlaqi və ictimai cəhətinə gəlincə bunu deyə bilərik ki, İslam hər dövrə uyan, zamanın dəyişməsilə dəyişməyən, hökmləri baqi qalan, hər zaman bəşərin ehtiyaclarına cavab verən və yaşayışını təmin edən və nizamlayan ilahi bir din və ilahi bir rəhmətdir. İslam dinində bəşərə ağır gələn və yük olan bir şey yoxdur. Bu din aləmlərə rəhmət və bütün xalqa bərəkət olaraq gəlmişdir. Bəşərin hüzurunu təmin etdiyinə, qanunları asan olduğuna, nemət və lütf vəsilələrini hazırladığına görə dinlərin ən kamili və şəriətlərin sonuncusudur.
İnsanların məruz qaldığı çətinliklərdən biri də qürbətdə yaşamaqdır. İnsan döyüş, ticarət, təhsil, yaxud gəzmək üçün yurdundan ayrıla bilər. Bu işlərə düşənlərin çoxu da, bədəni qüvvətli və sağlam olan gənclərdir. Hikmət sahibi Yaradıcı nəslin artması və insan növünün bəqası üçün insana şəhvət duyğusunu da vermişdir. Bu növ qürbətə düşənlər daimi nikahla evlənə bilməz və cariyə də ala bilməzlər. Allah Quranın "Bəqərə” surəsinin 185-ci ayəsində belə buyurur: "Allah sizin üçün ağırlıq deyil, yüngüllük istər ”.
Ölkələri və bölgələri dolduran zinanın pisliyini və zərərini söyləməyə ehtiyac yoxdur. Müvəqqəti nikah qanunu zinanın qarşısını alır, pisliyin qapısını bağlayır və nəsli çoxaldır. İnsanlar övladlarını küçələrə atmaqdan və içki kimi böyük əxlaqsızlığa mübtəla olmaqdan qorunurlar”.
Həzrət Əli (ə) belə buyurmuşdur: "Həqiqətən, mütə (müvəqqəti nikah) rəhmətdir. Allah onunla Öz qullarına rəhm etmişdir. Əgər Ömər onu qadağan etməsəydi, xəbis və sapqın şəxsdən başqa heç bir kəs zina etməzdi” . Həqiqətən, hansı rəhmət bundan daha yaxşı ola bilər? Tüğyan etdikdə istəp kişi olsun, istər qadın insanı bir heyvan halına gətirən azğın şəhvətin atəşi bu hökmün tətbiqi sayəsində söndürülə bilər.
Xüsusilə, gənclər daxil olmaqla bütün müsəlmanlar bilməlidirlər ki, Allah istər qadın olsun, istərsə də kişi bir insanın zinaya düşməsinin cəzasını bəzi hallarda qırmanclanmaq və bəzi hallarda da daşqalaq edilərək öldürülmək şəklində təyin etmişdir. İnsanları və onların nəfsi istəklərini yaradan və onları islah edəcək şeyləri də bilən sadəcə Allahdır. O halda rəhmət yolunu açmadan onlara ağır cəzaları təyin etməz. Buna görə də Rəhman, Rəhim Allah qullarına rəhm edərək müvəqqəti nikahı halal etmişdir ki, tamamilə yolunu azanlardan başqası zinaya düşməsin. Necə ki oğurluq edən şəxsin də əlinin kəsilməsini əmr etmişdir. Lakin digər tərəfdən Beytülmaldan fəqir və möhtac olanların ehtiyaclarının təmin edilməsini əmr etmişdir ki, sapqın olanlardan başqası oğurluq etməsin.
Göründüyü kimi, İslam dini öz sistemi içində əmrləri və yasaqları ilə fərdin daxili və xarici tərbiyəsindən başlayaraq yaşadığı ətrafı da ehtiva edən bir nizamlama ilə pak və əxlaqlı bir cəmiyyət meydana gətirmək istəmişdir. Belə bir cəmiyyətdə fərdlər duyğu, düşüncə və əməldə zina kimi çirkin davranışlardan da çox-çox uzaqdırlar.
 
RƏCM (DAŞQALAQ ETMƏK) VƏ
CƏLD (ŞALLAQ VURMAQ) CƏZALARI
Zinanın qarşısını almaq üçün şəriət tərəfindən qoyulan bu nizami qanunlara baxmayaraq, bəzi imanı zəif şəxslər yasaq olaraq bildirilən, eyni zamanda zərəri hər bir şəxsə, ailəyə və cəmiyyətə aid olan zina kimi böyük bir günahı yenə də icra etməkdədirlər. Belə bir böyük günahın cəmiyyətdə yayılaraq qarşısıalınmaz təhlükələrə yol açmaması üçün İslam dini ən son çarə olaraq təsirli və vazkeçirici cəza növləri qoymuşdur ki, əxlaqı və imanı zəif olan insanlar özlərində günaha cəsarət etmə gücünü tapmasınlar. İslam dini zina, livat (kişinin kişi ilə cinsi münasibətə girməsi; homoseksualizm), müsahəqə (qadının öz şəhvətini qadınla təmin etməsi), qəzf (başqa bir müsəlmana zina günahını isnad etmək), məstedici içkilər içmək, oğurluq etmək və müharəbə (camaatı qorxutmaq və yer üzündə fitnə-fəsad salmağa çalışmaq məqsədi ilə soyuq, yaxud odlu silah götürmək) kimi günahlar üçün təyin etdiyi cəzalarla aşağıdakı nöqtələri hədəf almışdır:
a) Günah edən insanı islah etmək və bir daha ictimai nizamı pozan günahı təkrar etməməsini təmin etmək.
b) Fərdin, ailənin və cəmiyyətin əxlaqını və hüququnu qorumaq.
c) Cəmiyyətdə günaha olan meyilin qarşısını almaq.
Bir çox insanların qətl, zina və oğurluq kimi günahlara aludə olmaları və bunu rəva bilmələri cəmiyyətdə təcavüz və haqsızlıqlara yol açmaqdadır. Ümumiyyətlə, belə insanlara veriləcək cəzaların vazkeçirici olması lazımdır. Vazkeçirici cəzalar insanları günah etməkdən çəkindirdiyi kimi, təsirli və vazkeçirici olmayan cəzaların da günaha təşviqedici mahiyyətdə olduğu bir həqiqətdir. Bu cəzalar qarşısında günaha meyil etməyi düşünən şəxslər əldə edəcəkləri mənfəət yanında, qarşılaşacaqları cəzaları düşünərək, psixoloji olaraq belə çirkin işlərdən vaz keçəcəklər, çünki insan psixologiyası özünə əziyyət verən şeylərdən qaçma meyilindədir.
Etdiyi günah qarşısında ciddi bir cəza görən şəxs bir daha o günahı təkrar etməkdən çəkinəcəkdir. Və beləcə günaha meyilli şəxslərin günah etmələrinin və cəmiyyət üçün zərərli olan hərəkətlərinin qarşısı alınacaqdır. Buna görə də daşqalaq və şallaq cəzaları hüquqi olaraq tam yerində olan cəzalardır. Ayədə buyurulur: "Zinakar qadın və zinakar kişidən hər birinə yüz taziyanə (şallaq) vurun. Allaha və axirət gününə iman etmisinizsə, Allahın dinində (yəni hökmün tətbiq olunmasında) ürəyiniz onlara yumşalmasın və möminlərdən bir dəstə də onların əzabına şahid olsun”[13] .
Bu gün bəzi şəxslər: "Cəzaların xalqın önündə tətbiq edilməsi zamanın ruhuna uyğun deyildir” – deyərək Allahın "Möminlərdən bir dəstə də onların əzabına şahid olsun”, – əmrinə etiraz etməkdədirlər.
Halbuki zinaya verilən cəld (taziyanə vurmaq) və rəcm (daşqalaq etmək) cəzalarına xalqın şahid olmasının ibrətamiz özəlliyi vardır. Bu cəzaların xalq qarşısında tətbiq edilməsi insanların günaha düşmədən onların günahdan vaz keçmələrini təmin edir. Bu əmrin hikmətlərindən biri də cəzanın ümumən vazkeçirici olmasını təmin etməkdir.
Cəzanın xalqın önündə tətbiq edilməsinin digər bir əhəmiyyətli cəhəti də odur ki, cəzası açıqda tətbiq edilən günahkarı zülm və işgəncə kimi yasaq olan ifratçılıqlardan qorumaqdır. Bu gün dünyanın fərqli, həm də demokratik tanınan ölkələrində gizli yerlərdə tətbiq olunan cəzalarda günahkarlara işgəncə edilmədiyini kim iddia edə bilər?
Böyük müfəssir Əlmalılı Mühəmməd Həmdi Yazır cəzanın xalqın önündə tətbiq edilməsinin hikmətini belə açıqlayır: "(Cəzanın xalqın önündə tətbiq edilməsi) intiqam tərzində bir sui-istifadəyə meydan açmamaq üçün zəmanətdir, çünki gizli vurmaların (yəni cəzanın gizli tətbiq olunmasının) qəzəblənməklə işgəncə halını alması, yaxud bir himayə və havadarlıqla nəticələnməsi təsəvvür oluna bilər. Necə ki tarixən zalımların verdiyi ən böyük işgəncələr həmişə gizli şəkildə icra olunmuşdur. Buna görə də Avropa cəzaçılarının vurmaqla bədənə verilən cəzaları xoşlamamaları heç də səbəbsiz deyildir, lakin həbs kimi, ümumiyyətlə, izin verilən cəzaların çoxu bədənlə əlaqədar olmaqdan qurtulmayacağı kimi, gizli vurma qədər sui-istifadəyə əlverişli olduğu da inkar oluna bilməz. Bir məhbusun və özü də tək buraxılmış bir məhbusun başına nələr gətirilməz. Halbuki hər kəsin gözü qarşısında icra olunan vurma işi təsirli olmaqla yanaşı həddi aşmağa da imkan vermir. Deməli, taziyanə vurmağa yalnız bu nəzarət altında açıq olmaq şərti ilə icazə verilmişdir”[14].
Beləliklə, İslam dini cəzanın xalq qarşısında tətbiq edilməsini əmr etməklə cəza anında belə ədaləti güddüyü kimi, insanların günaha olan meyilini də qırmaqdadır.
 
Hidayətə tabe olanlara salam olsun!
 
İstifadə olunmuş ədəbiyyat:
1. Quran-kərim. Ərəb dilindən tərcümə edənlər: Z.M. Bünyadov, V.M.Məmmədəliyev, 1991.
2. Şeyx Mühəmməd ibn Yəqub Kuleyni Vəramini Razi. "əl-Kafi fil-Üsul vəl-Füru”.
3. Mühəmməd ibn əl-Həsən ibn Əli ibn Mühəmməd ibn əl-Hüseyn. Hürr Amuli adı ilə tanınmışdır. "Vəsailuş-Şiə”.
4. Mirza Hüseyn; "Müstədrəkül-Vəsail”.
5. "Nəhcülfəsahə”. Hədisləri toplayan və tərcümə edən: Əbulqasim Payəndə.
6. Ayətullah Əli Meşkini. "Vacib və Həram”.
8. Molla Mühəmmədhüseyn Təbatəbai. "əl-Mizan fi Təfsiril-Quran”. Ərəbcədən farscaya tərcümə edəni: Höccətül-İslam vəl-Muslimin Seyid Mühəmmədbaqir Musəvi Həmədani.
9. Şəhid Mürtəza Mütəhhəri. "İslamda qadın hüququnun nizamı”.
10. Ayətullah Kaşiful-Ğita. "Cəfəri məzhəbi və əsasları”. Ərəbcədən tərcümə edəni: Əbdülbaqi Gölpınarlı. 5-ci buraxılış, Qum, İran İslam Respublikası 1412/1992.
11. Əlmalılı Mühəmməd Həmdi Yazır. "Haqq Dini Quran dili”.
12. Mühəmməd Qəzzali. "Kimyayi-Səadət”. 1410/1989. İslambol.
13. "Düşüncə kaymaları”. Yılmaz Yiğit. "Zina”. İzmir, 1996.
XƏYYAM QURBANZADƏ
REDAKTOR: ƏFRUZƏ HƏSƏNOVA


[1] Müslim, İman, 57
[2] Buxari, Ənbiya, 54, İbn Macə, Zöhd 17
[3] "Üsuli-Kafi”; "Babul-Həya”; 5-ci hədis
[4] "Vəsailuş-Şiə”; "Əbvabu Müqəddimatin-Nikah”; 4-cü hədis
[5] "Mustədrəkul-Vəsail”; "Əbvabu Muqəddimatin-Nikah”; f. 2, 2-ci hədis
[6] "Mustədrəkul-Vəsail”; "Əbvabu Muqəddimatin-Nikah”; b. 1, 24-cü hədis
[7] "Buxari”; "Nikah”; 2, "Müslim”; "Nikah”; 1
[8] "Mustədrəkul-Vəsail”; "Əbvabu Muqəddimatin-Nikah”; f. 1, 2-ci hədis
[9] "Vəsailuş-Şiə”; "Əbvabu Muqəddimatin-Nikah”; f. 3, 27-ci hədis
[10] "Mustədrəkul-Vəsail”; "Əbvabu Muqəddimatin-Nikah”; f. 1, 14-cü hədis
[11] "Rövzətul-Muttəqin”; c. 8, s. 88
[12] "Maidə”; 87
[13] "Nur”, 2
[14] "Haqq dini Quran dili”; c. 5, s. 358





Bu yazını ÇAP ET

.