15 Oktyabr 2019









SÜBH NAMAZININ VƏ ORUCUN BAŞLANMASI HAQQINDA
Jurnalımızda namaz vaxtları ilə əlaqədar verilən cədvəl bəzi möminlərin etirazına, bəzilərinin isə təəccüb və heyrətinə səbəb olur. Etiraz edənlər bu cədvəlin ölkədə buraxılan cədvəllərə uyğun olmadığınıdavamı>>
A+ Balacalaşdır A+ Böyütmək

«SADİQEYN»İN MÖVLUDU HAQQINDA

Rəbiüləvvəl ayının 17-si, yəni Allah Rəsulunun və İmam Cəfər Sadiqin mövludu günü biz hər yerdə xatirələrin dərinliklərinə nəzər salmalıyıq, çünki bu məsələ nəinki onların hər birinin şəxsi tərəfi ilə, hətta Allah Rəsulunun təbliğat, cihad, müxtəlif vasitələrlə hərəkət etdiyi əsil İslam dəst-xətti ilə bağlıdır. Bu dəst-xət, elmin dərinliklərini və yayılmasını ondan əxz etmiş o nəcib ailəyə (peyğəmbərin ailəsi) aiddir. Onlar bu dəst-xəttin aydınlığında missiyanın paklığına varmışlar. Bu dəst-xəttin cihadına vararaq bütünlüklə din yolunda vuruşmuşlar. İndi bütün bunlar vasitəsilə öz mövqeyimizə bir nəzər salaq, çünki məsələ təkcə tarixin problemi deyildir. Bu, çiyinlərində həmin missiyanın sədaqətini daşıyan bir nəsil olmağımız etibarilə reallığın bizim içimizə nüfuz etməsi problemidir. Ona görə ki, bizdən qabaqlar olmuş, İslam və Əhli-Beyt ab-havasında yaşamış həmin nəsillər müsbət və ya mənfi tərəfləri olmasına baxmayaraq, öz təcrübələrini yaşamışlar. Bizdən əvvəlki dövrlərdə yaşayanlar arasında İslama, onun əhlinə, o pak ailəyə sadiq olmuş, öz səylərinin və güclərinin çox hissəsini İslama sərf etmiş, müsəlmanlara öz mövqelərində şan-şöhrət, izzət mövqeyi əta etmiş insanlar olmuşdur. Onların içərisində yalnız özünü düşünərək yaşayanlar da olub. Belə ki, İslam onlar üçün şəxsi bir duruma çevrilmişdi. Onlar öz varlıqlarından kənara çıxa bilməmişlər. Əksinə, yerinə yetirdikləri fərzlərin içində özlərinə qapanaraq nə İslamda, nə də təbliğat yolunda hərəkət edə bilməmişlər. Burada elələri vardır ki, şəraitin imkan verdiyi bəzi mövqelərdən xeyir güdməyə başlamışlar, pisliklər etmişlər, insanlar üzərində haqsız olaraq ağalıq etmişlər, haqq yolundan sapmışlar. Bununla da İslamın zəiflədilməsində iştirak etmişlər. Habelə onlar İslama, onun əhlinə düşmənçilik bəsləyən insanlar tərəfindən göstərilən hədə-qorxular qarşısında İslamın məğlubiyyətində iştirak etmişlər. Beləliklə, bizi qabaqlamış tarix yeni nəsillərə imkan, macal vermək üçün tarixin dumanları içinə daxil olmuş müxtəlif nümunələrdə yaşamışdır.

BUGÜNKÜ İSLAM ALƏMİNƏ BİR BAXIŞ

Bu gün Allah Rəsulunun doğumu ilə bağlı təntənəli şəkildə qeyd etdiyimiz İslam haqqında, İmam Cəfər Sadiqi xatırlamağımızla təmtəraqla təqdim etdiyimiz Əhli-Beytin yolu və xətti haqqında nə demək olar? Burada nələr vardır? Biz İslam gerçəkliyində müsəlmanların dünyanın beşdə birini təmsil etdiyini görürük. Onların sayı milyardı ötüb keçir. Lakin biz daxilə nüfuz etdikdə nə görürük? Görürük ki, müsəlmanlar çoxsaylı məzhəblərə bölünmüşlər. Fikir, şəriət, üslub cəhətdən İslam reallığını dərk etmə səviyyəsində onları birləşdirən bir məzhəb yoxdur. Bununla yanaşı görürük ki, bu məzhəbçilik onun daşıyıcılarının şüurunda daşlaşmış, donmuş bir hala çevrilmişdir. Hamısı belə bir qərar vermişlər ki, hər hansı bir fikrin daşıyıcısı ondan kənara çıxmamalı və digərləri ilə dialoqa girməməlidir.

İdeoloji məzhəbçilik onların şəriət və məzhəb dəst-xətlərində bir adətə çevrilmişdir. Belə insanlar öz hərəkətlərindəki bütün xətləri təfsilatı ilə təsəvvürlərinə gətirə bilmirlər. Buna görə də müsəlmanlar bir-biri ilə yaxınlıq qura bilmirlər. Onlar razılığa gəldikləri bir çox məsələlərdə belə birləşə bilmirlər. Əksinə, razılıq nöqtələri olmadan ixtilaf nöqtələri islami əlaqələrdəki görüntünün mərkəzində duran şeylərə çevrilir. Sünni ilə şiə bir yerə yığıldıqda, onlardan heç biri digərinə demir ki, İslam bizi bir yerə cəm etdi. Əksinə, biri o birinə deyir ki, mən bir qənaətdəyəm, sən isə başqa bir düşüncəyə maliksən. Bununla da məzhəbçilik dinə bənzər bir əşyaya çevrilir. Hətta o, öz məzhəblərini təmsil etmək məsələsində müsəlmanların hisslərinə daxil olmuşdur. Yəni bunun dini, digərinin dinindən fərqlənir. Ola bilsin ki, bu, onların arasındakı əlaqələri nifrət əlaqələrinə çevirə biləcək daşlaşmış psixoloji bir vəziyyətə gətirib çıxarmışdır. Əslində nifrətin İslam vasitəsilə, Allaha məhəbbət içində yaşayan, fikir ayrılıqları məsələsində bir-birini başa düşmək üçün əməkdaşlıq edən, bunu Allahın dediyinə cavab olaraq Allaha və Onun Rəsuluna aid edən müsəlmanlarla heç bir əlaqəsi yoxdur. O deyir: «Əgər bir iş barəsində mübahisə edirsinizsə, onu Allaha və Onun Rəsuluna həvalə edin» [1].


İSLAMİ BİRLİYƏ DAİR SÖHBƏTDƏKİ QEYRİ-CİDDİLİK

Ey əzizlərim, biz bunu dəfələrlə demişik. Biz İslam vəhdəti (birliyi) haqqında qeyri-ciddi, məsuliyyətsiz şəkildə danışırıq. Biz şiəyə demirik ki, birlik naminə sünni ol. Sünniyə də demirik ki, birlik naminə şiə ol. Lakin biz sünniyə deyirik ki, öz sünniliyində müsəlman ol, şiəyə də deyirik ki, öz şiəliyində müsəlman ol. Əgər biz İslamı bizi səciyyələndirən xüsusiyyətlər üçün əsas baza, dayaq götürsək, onda biz İslamda şiəliyin və sünniliyin dəsti-xəttini anlamaq üçün birlikdə çalışacağıq. Yaşadığımız gerçəklik ondan ibarətdir ki, müsəlmanların bir-biri ilə müzakirə və mübarizələrə sərf etdikləri mədəni cəhdlər onların Allahsızlığa, əqidə və şəriətinə görə İslamla üz-üzə dayanmış hədə-qorxulara sərf etdiklərindən daha çoxdur.

Yəqin biz daxili məzhəbçilik nifrətində ifrata vardığımızdan hiss etmirik ki, şəriət və əqidə dəsti-xəttinə, bəşəri gerçəkliyinə, iqtisadi sərvətlərinə, strateji mövqelərinə, siyasi və təhlükəsizlik dayaqlarına görə burada şərq-qərb dünya müharibəsi vardır. Eyni zamanda, burada SSRİ-nin süqutundan sonra NATO-nun və hakimiyyətinin axırıncı dövrlərində Britaniyanın baş naziri M.Tetçerin elan etdiyi müharibə vardır. Onlar demişlər ki, «NATO-nun ona qarşı hazırlaşması lazım olan yeni düşməni İslamdır» . Biz isə üzərindən 1400 ildən artıq vaxt keçmiş bu ixtilaflarla məşğuluq. Biz onun sözlərini dəyişirik və təzə heç nə demirik.

İndi aktual məsələ odur ki, bizdə İslam ruhu olmalıdır. Budur, sən şiə olmusan, çünki sən əminsən ki, şiəlik əsl İslam yoludur. Digəri sünni olub. O da əmindir ki, sünnilik əsl İslam yoludur. Əgər siz hər ikiniz İslama sadiqsinizsə, bir-birinizə qarşı daşıdığınız nifrət hissi ilə yox, İslam ruhu ilə dialoqa girin. İxtilaf etdiyimiz məsələlərdə nəticəyə varmaq üçün ağlın açıq olması kifayət etmir. Əksinə, lazımdır ki, eyni zamanda qəlb açıq olsun. Ağıllarımızı nəzəriyyələr ilə doldurmağımıza baxmayaraq, qəlblərimizi bir-birimizin üzünə bağlasaq ağıl nə səni, nə də məni inandırmağa əmin etməyə nail olmayacaq, çünki qəlb – ürək «əsas»dır. Biz keçən mühazirələrimizdə də demişdik ki, Rəsulullah insanları ağlı ilə qazanmamışdan (ələ almamışdan) əvvəl qəlbi ilə qazanarmış, çünki onun qəlbi hamı üçün açıq idi. Əli (ə) bizə öz hikmətli kəlamı ilə bunu öyrətmişdir: «Şəri öz qəlbindən çıxartmağınla başqasının qəlbindən çıxart!» [2]

Ey sünni, səni eşitmək üçün şiənin sənə yaxınlaşmasını istəyirsənsə, qəlbini ona aç. Ey şiə, əgər sünninin səni dinləməsini istəyirsənsə və dialoqda sənə imkan verməsini istəyirsənsə, öz qəlbini ona aç. Qəlblər bir-birinə açıldıqları zaman onlar ağıla parlaq bir işarə verirlər ki, o da açılsın. Lakin biz hər zaman bağlı və nifrət bəsləyən qəlblərə uymuşuq. Biz Peyğəmbərin (s) iman və məhəbbət arasında bağlılıq yaradan sözlərini eşidirik: «Özü üçün istədiyini qardaşı üçün də istəyənədək və özü üçün istəmədiyini qardaşı üçün istəməyənədək sizdən heç biri mömin sayılmaz (hesab olunmaz)» . Məhz bu, müsəlmanlar arasında mövcud olan islami bir reallıqdır.

SİYASİ REALLIQ ÇƏRÇİVƏSİNDƏ

Siyasi reallığa gəlincə, müsəlmanlar haradadırlar? Onlar hər tərəfə səpələnmiş qrupları təmsil edirlər. Və yalnız beynəlxalq istismarçılar istədikləri zaman bir yerə yığışırlar. Biz İslam Konfransı Təşkilatına (İKT) – (Allaha şükür) – malikik. Lakin bu təşkilatı tədqiq etdikdə öyrənirik ki, o, başlanğıcda (əvvəlcə) Amerikanın istəyi ilə yaranmışdı ki, hər yanda Amerikanı qanuni dəstəkləmək və ya qanuni təxribatlar törətmək lazım gəldikdə müsəlmanları bir yerə yığsın. Ona görə də bütün toplantılarında, hətta axırıncı konfransı Tehranda çağırılsa belə, İKT heç bir şey həyata keçirə bilməmişdi. O, İslamın əsas müddəalarını cılızlaşdırmış, ona həyatilik və qüvvə verə bilməmişdi. Ona görə də görürük ki, sionist qurumu az qalıb ki, Qüdsün yəhudiləşdirilməsini başa çatdırsın. Sionist qurumu müsəlmanların və ya ərəblərin böyük çoxluqla təmsil olunduqlarını gördükdə, Qüdsü genişləndirmək üçün öz yeni planına başladı. Belə ki, Qüds administrativ cəhətdən yeni yaşayış məkanlarındakı yəhudiləri əhatə edəcəkdi ki, ərəblər və ya müsəlmanlar azlıq təşkil etsinlər və onlar faktiki olaraq heç bir şey edə bilməsinlər.

İKT indiyədək bir yerə toplaşmayıb. Əgər toplansa da, elə qərarlar çıxaracaqdır ki, konfrans zallarından çıxmamışdan əvvəl onlar qəbul etdiklərini unutmuş olacaqdılar, çünki onlar (yəni İslam Konfransı Təşkilatındakılar) və ya onların böyük əksəriyyəti dünyadakı Amerika siyasəti ilə bağlıdırlar.

Sonra İslamın iqtisadi sərvəti haradadır? Müsəlmanlar dünyada ən böyük neft ehtiyatlarına malikdir. Onlar yerin təkində mövcud olan sərvətlərin çoxuna sahibdirlər. Əgər biz bütün İslam ölkələrinin yaşayış vəziyyətini yaxından öyrənsək, görərik ki, onlar ehtiyac içində yaşayırlar və üzərlərinə iqtisadi şərtlər qoyan Beynəlxalq banka tabedirlər. Bu şərtlər İndoneziyada və başqa yerlərdə gördüyümüz kimi hər bir ölkədə problem yaradır. Müsəlmanlar heç bir başqa dövlətin malik olmadığı təbii sərvətlərə malikdir. Lakin şairin dediyi kimi:

Səhradakı dəvələr kimi susuzluq onları öldürür,

Halbuki suyu onların öz üstündə daşıyırlar .

Bu dövlətlərin çoxunun nefti böyük nüfuz sahibləri üçün girova çevrilib. Belə ki, sahibləri bu sərvətlərdən lazımi şəkildə istifadə etmirlər. Onlar (xaricilər) bizim üçün fitnə-fəsad, həmin fitnə-fəsaddan isə müharibə yaradırlar. Bir-birimizə qarşı olan müharibədə bizə kömək etmələrindən ötrü onların özlərini səfərbər etməyimizə çalışırlar. Biz bu fitnə-fəsadın, müharibənin, hərbi bazaların xərclərini ödəyirik. Bütün bu işlərdə onlar «xeyirxahdırlar», elə özləri həm müharibə törədir və sülhü də özləri yaradırlar, çünki müharibə bizim xeyirimizə olmayıb, onların xeyirinədir. Sülh də bizim xeyrimizə olmayıb, özlərinin xeyirinədir. Bu, siyasi reallıqdır. Bu, Liqanın bir yerə yığa bilmədiyi müsəlmanlardır. Şairin dediyi kimi:

Onlar qruplara parçalandılar,

Hər bir qrupun öz Əmirülmömini

Və öz minbəri vardır .


TƏHLÜKƏSİZLİK FAKTINA DAİR

Təhlükəsizlik faktına gəlincə, biz artıq sionist qurumla olan mübarizəmizi dondurmuşuq. Və demişik ki, müharibə bitib. Biz Fələstin və Livandakı İslam müqavimətini dəstəklədikdə utanaraq və xəcalət çəkərək dəstəkləyirik, çünki bu mərhələnin reallığı ərəblərdən pozitiv şəkildə danışmağı tələb edir. Lakin onlar (yəhudi) bir-birinə pıçıldayırlar ki, ya biz bu qanuni ekstremistlərə son qoymalıyıq, ya da onları əhliləşdirməliyik. Artıq əhliləşdirmə əməliyyatı başlamışdır. Bu, müsəlmanların gerçəkliyidir. Əgər Peyğəmbər (s) bu mərhələdə gəlsəydi və bizim halımızı görsəydi o, bu dünyada müsəlmanlar üçün çəkdiyi surəti görərdimi:

«Möminlər öz nəcibliklərində, bir-birinə rəhm etməkdə, lütfkarlıq göstərməkdə sanki bir bədən kimidirlər. Əgər üzvlərdən biri ondan şikayət edərsə, digəri oyaq qalmaqla və qızdırma içində onun səsinə səs verər».

«Kim müsəlmanların işləri ilə maraqlanmadığı halda sübhə çıxarsa, müsəlman deyil!»

«Əgər bir kəs «Ey müsəlmanlar kömək edin!» çağıran insanı eşidib ona cavab verməzsə, o, müsəlman deyil!» [3]

Allah buyurur: «Hamınız bir yerdə Allahın ipindən yapışın, bir-birinizdən ayrılmayın! Allahın sizə verdiyi nemətini xatırlayın ki, siz bir-birinizə düşmən ikən, O sizin qəlblərinizi birləşdirdi və Onun neməti sayəsində bir-birinizlə qardaş oldunuz. Siz oddan ibarət uçurumun kənarında ikən, O sizi oradan xilas etdi ».[4] Lakin biz isə bu uçurumu getdikcə dərinləşdirməyə çalışırıq.


ƏHLİ-BEYT XƏTTİ ÜZƏRİNDƏ AÇILIŞ

Əhli-Beytin dəst-xəttinə nəzər salanda biz nə görürük? Bu xətdə birlik varmı? Biz bilirik ki, bu xətt onu yolunu azmaqda, kafirlikdə və s. bu kimi hallarda günahlandıran düşmənçilik həmləsinə məruz qalmışdı. Biz bu xətti gücləndirən və qüvvətləndirən vəhdət (birlik) yarada bildikmi? Bu xəttin təfsilatını və təbiətini öyrətsinlər deyə içində mütəxəssislərin olduğu bir şura yaratmağa nail ola bildikmi?

Elmi yollarda rəngarənglik təmsil etməsi etibarilə, haqqında «elmi işdə zənginlik nümayiş etdirir» deyilən mərcəliyin bolluğunda yaşadığımız vaxtda görürük ki, o (mərcəlik), bağlı dairələrə çevrilmişdir. Hər kəs həmin dairəni özü üçün bağlayır və öz dairəsindən başqa bir dairəyə pəncərə açmağa hazır deyildir. Beləliklə də, bu tərəfdən təəssübkeşlik məsələsi hər hansı bir xəttə və heç bir kəsə xidmət etməyən bir yolla irəliləyir. Vəziyyət belə olur ki, sən bir şəxsə, o da başqa bir şəxsə müraciət edir. Bundan da artığı odur ki, sənin məzhəbin onun məzhəbindən və ya sənin dinin onun dinindən fərqlənirsə, burada geniş aspektdə düşünməyən müxtəlif təəssübkeşlik ortaya çıxır. Bizim ən geniş üfüqümüz İslam və Əhli-Beytin öz dəst-xəttindəki dəyəridir. Onlar İslamın imamlarından olub İslama açılmışdılar.

İmam Sadiq (ə) şiələrə tövsiyə edirdi ki: «Bu camaatın içində və bu məscidlərdə namaz qılan şəxs Peyğəmbərin (s) arxasında namaz qılan şəxs kimidir. Bu, nə üçündür ki?» Lakin bəzi şiələr ona deyirdi ki, bu şəxs bizi şirkə və küfrə sürükləyər. O demişdi: «O, Allaha qarşı çıxsa da sən Allaha itaət et!»[5] Yəni sən əksinə hərəkət etmə. Məscidə daxil olanların birincisi ol. Belə sual ortaya çıxır: «İmamlar niyə bunu istəmişlər?» Onlar bunu ondan ötrü planlaşdırmışdılar ki, aralarında ixtilaf olsa belə, qovuşma faktı və ya dialoq yolu ilə müsəlmanlar məscidlərdə bir-birinə qaynayıb qarışsınlar.

İmam Sadiq (ə)-ın həyatını öyrəndikdə görürük ki, o, evində də, məscidlərdə də özünün məzhəbinə qulluq etməyən müsəlmanlar üçün müraciət obyekti olmuşdu.

Əbu Hənifə, Malik ibn Ənəs və başqalarının onun haqqında necə danışdıqlarını gördükdə hiss edirik ki, onlar İmamın haqqında sanki müraciət etdikləri bir mərcə kimi danışırlar. Hətta bəzi hənəfi qazıları deyirdilər ki, əgər fitva Cəfər ibn Mühəmməd Sadiqin fitvası olarsa, onu dəyişə bilmərik.

Burada İslami həyata dair bir açılış vardı. Müsəlmanlar bir (vahid) məsciddə ibadət edirdilər. İmamların zamanında belə, şiələr üçün bir, sünnilər üçün digər bir məscidin olduğu məlum deyil. Hamı eyni məsciddə namaz qılırdı. Bunun mənası odur ki, Peyğəmbər (s) və imamlar bir islami xətt təsis etmişlər. Onlar öz tərəfdarlarının yoldan azmalarını və ya bu işdə zəiflik göstərmələrini istəməmişlər. Onlar görmüşlər ki, müsəlmanların mədəni, siyasi, ictimai və iqtisadi qüvvəsi onlar bir yerə cəm olduqda ortaya çıxır. Bir yerə yığışanda əgər ixtilaf etsələr, bu ixtilaf ittifaqa çevrilər. Lakin sən tək bir tərəfdə, o da başqa tərəfdə oturduqda, sən onunla, o da səninlə danışa bilmir və bu uzaqlıq üzündən hər bir qrupun digərinə qarşı daşıdıqları uydurma və qorxulu surətlər üst-üstə yığılacaq. Bir xalq məsəlində deyildiyi kimi: «Uzaqlıq soyuqluqdur» .


HƏDƏ-QORXULARA QARŞI MÖVQE

Hazırda yaşadığımız bu günlərdə və gələcəkdə müsəlmanlar və İslam dünyası üçün dərin bir problemə gətirib çıxaracaq bu reallıq qarşısında, yəni hər bir yerdə İslama müharibə elan edən beynəlxalq sionizmin hədə-qorxuları, öz mövqeyinə, qanunlarına və əqidəsinə görə İslamı müharibəyə sövq edən beynəlxalq «nəhəng»lərin hədə-qorxuları, hər bir yerdə müsəlmanların mədəni mövqelərinə sirayət etməyə başlayan beynəlxalq küfrün qarşısında biz düşdüyümüz bu reallıq barəsində duşünməliyik.

Hər birimiz bir küncə qapılıb dünyanı təmsil etdiyini düşünərək öz yerində əyləşməməlidir. Heç bir insan öz şəxsiyyətinin daxilində boğularaq özünü öz varlığında həbs etdirməməlidir. O, belə hesab etməlidir ki, onun varlığı bütün ümməti təmsil edir. Həyatda hər kəsin öz mövqeyi və rolu vardır. Qarşımızdakı üfüqlər genişdir. Gəlin azad havada nəfəs alaq, çünki yaşadıqlarımızın çoxu pislik ab-havası ilə doludur. Gəlin yaradıcı şüur ilə hərəkət edək. Belə ki, həyatımıza müsəlman olaraq yaşamağımız üçün günəş işıq salar və bizə hərarətini və nurunu əta edər. İstəyirik ki, Rəsulullahın (s) əmanətini öz çiyinlərimizdə daşıyaq və onu bu dəst-xətt və reallıq səviyyəsində özümüzün əsas işi hesab edək.

Əzizlərimiz! İmam Sadiq (ə) bəzi kəlamlarında demişdi: «Din yalnız məhəbbətdir!» [6] Allah-Taala bizə köklü məhəbbətin reallıqda nə cür olduğunu öyrədib. «De: «Əgər Allahı sevirsinizsə, onda mənə tabe olun» təbliğin hər addımında, «ki, Allah da sizi sevsin!» [7]

Nifrət yox, … Məhəbbət. Parçalanma yox, … Birlik. Düşmənçilik yox, … Qardaşlıq. Bütün bunlar o əməllərdir ki, Allah müsəlmanlardan bunların üzərində hərəkət etməyi istəyir. Peyğəmbər (s)-in və İmam Sadiq (ə)-ın mövludu günü biz onlara öz qəlbimizdən, ağlımızdan, taqətimizdən məhəbbət bəsləyən, sevən və açıq bir «İslam» əta etməliyik ki, o, müsəlmanları məhəbbət və məsuliyyət dairəsində birləşdirə bilsin. Peyğəmbərlik insanın hissiyyatında vəhy üçün bir çıxışdır. İmamlıq isə peyğəmbərlik yolunda bir hərəkətdir. Bu da ondan ötrüdür ki, bu hərəkətin ağıl, ruh və qəlbdə kök salmış bir İslam olması üçün insanın islami hissiyyatını dərinləşdirsin.

Bu, mövlud dərsidir…

Yalnız xarici formasına görə deyil, missiyaya görə mövluda məna verin.

«Mühəmməd yalnız Peyğəmbərdir. Ondan əvvəl peyğəmbərlər gəlib getmişdir. Əgər o ölsə və ya öldürülsə siz gerimi dönəcəksiniz? Halbuki geri dönən şəxs Allaha heç bir zərər yetirməz. Lakin Allah şükr edənlərə mükafat verər».[8]

«Mühəmməd Allahın Peyğəmbəridir. Onunla birlikdə olanlar kafirlərə qarşı sərt, bir-birinə qarşı isə mərhəmətlidirlər. Sən onları rüku edən, səcdəyə qapanan, Allahdan riza (razılıq) və lütf diləyən görərsən. Onların əlaməti üzlərində olan səcdə nişanəsidir. Bu, onların Tövratdakı və İncildəki vəsfidir. …» [9]

Görürsənmi ki, zaman bizi ondan ayırsa belə, bu xətlə gedirik, əqidəsində, şəriətində, hərəkətində onunla birlikdə olmaq üçün o dünyada və bu dünyada onunla olmaq üçün bu yolla gedirik. «... Qoy yarışanlar onun üçün yarışsınlar!» [10]

Allaha – Aləmlərin Rəbbinə həmd olsun!

Mütərcim: Salman Süleymanov

Təshih: Xəyyam Qurbanzadə

[1] «Nisa»; 59

[2] «Biharul-Ənvar»; c. 75, f.64, 212-ci hədis.


[3] «Müstədrəkul-Vəsail», c.12, f.32, 6-145-ci hədis.

[4] «Ali-İmran»; 103

[5] «Biharul-Ənvar; c.74, b.20, 120-ci hədis.

[6] «Biharul-Ənvar»; c. 27, b. 4, f. 57

[7] «Ali-İmran», 31

[8] «Ali-İmran»; 144

[9] «Fəth»; 29

[10] «Mutəffifin»; 26





  Şərhlər / 0 Şərh




 Şərh yazın


Ad və soyadınız* :
E-mail* :
Ölkə / Şəhər* :
Şərhiniz* :


ƏLLAMƏ BURQUİ


11

free counters

Sabiqun 2011-2019 © Bütün hüquqlar qorunur
Məlumatlardan istifadə zamanı istinad zəruridir!
Telefon: (+994 50) 429-20-99
Site by: azDesign.ws
 

Yeniliklərə abunə olun