18 Noyabr 2019









SÜBH NAMAZININ VƏ ORUCUN BAŞLANMASI HAQQINDA
Jurnalımızda namaz vaxtları ilə əlaqədar verilən cədvəl bəzi möminlərin etirazına, bəzilərinin isə təəccüb və heyrətinə səbəb olur. Etiraz edənlər bu cədvəlin ölkədə buraxılan cədvəllərə uyğun olmadığınıdavamı>>
A+ Balacalaşdır A+ Böyütmək

BƏDİÜZZAMAN SƏİD NURSİNİN HƏYATI

Bədiüzzaman Səid Nursi keçən yüzilliyin yetişdirdiyi qabaqcıl İslam mütəfək­kir­lə­rin­dən biridir. O, 1876-cı ildə Bitlis vilayətinin Hizan qəzasına aid olan İsparit nahiyəsinin Nurs kəndində dindar və saleh bir ailədə dünyaya gəlmişdir.

Qüvvətli zəkası, xariqəladə yaddaşı və üstün qabiliyyətləri ilə çox kiçik yaşlardan etibarən hamının diqqətini özünə cəlb edən Səid Nursi müəyyən şərtlər altında illərcə davam edən klassik mədrəsə təhsilini qısa bir zamanda – üç ay ərzində tamamlamışdır. Səid Nursi qardaşı Molla Abdullahdan və digər alimlərdən dərs alaraq az müddətdə sərf-nəhv (ərəb dili qrammatikası) bilgisini artırdı. Daha sonra müxtəlif alimlərdən elm öyrənə bilmək üçün kənd-kənd, qəsəbə-qəsəbə gəzməyə başladı. Bu əs­na­da ona qeyri-adi zəkası yardımçı olurdu. Onun bu xüsusiyyətini xocaları çox çətin imtahanlardan keçirdikdən sonra qəbul edərək etiraf edirdilər. Məsələn, başa düşülməsi çox çətin olan və üsuli-fiqh elmi sahəsində yazılan «Cəmul-Cəvami» («Mənalı kəlamların cəmi») adlı əsəri bir həftədə əzbərləyə bilmişdi. Xocası da kitabın üzərində «Cəmul-Cəvami» kitabının hamısını bir Cümədə əzbərlədi» – cümləsini yazaraq bu fikri bir daha təsdiq etmiş oldu.

O, bir çox məşhur məntiq alimləri ilə elmi mübahisələr aparmış və hər dəfə də onları susdur­mağı bacarmışdı. Buna görə də şöhrəti birdən-birə yayıldı və ona Səidul-Məşhur (Məşhur Səid) ləqəbi verildi. Bu əsnada Bitlisə getdi, oradan da Tilluya keçdi. Tilluda bir müddət inziva həyatı yaşadı və Firuzabadi tərəfindən qələmə alınan «əl-Qamusul-Muhit»i («Əhatəli lüğət») «Babus-Sin»ə («Sin Babı») qədər əzbərlədi.

1884-cü ildə Vana getdi. Burada riyaziyyat, astronomiya, kimya, fizika və geologiya kimi texniki elmləri, fəlsəfə, tarix və coğrafiya kimi sosial elmləri bu sahələrin mütəxəs­sisi olan alimləri susdura biləcək dərəcədə öyrəndi. Onun bu güclü zəkasını və bənzərsiz elmini qəbul etmək məcburiyyətində qalan o zamanın elm əhli onu «Bədiüzzaman» («Zamanın bənzərsiz gözəlliyi») ləqəbilə çağırmağa başladı.

Molla Səid 1892-ci ildə şəhərin cümə məscidində xalqa nəsihət vermək və onları maraqlandıran suallara cavab vermək üçün Mardinə gəldi. Lakin orada onun varlığına dözə bilməyənlər valiyə şikayət etdilər, buna görə də vali onun şəhərdən çıxması üçün əmr verdi. Bitlisə gedən Molla Səid Bitlis valisi tərəfindən çox yaxşı qarşılandı və vali ona öz evində qalmağı təklif etdi. Orada əksəriyyəti fəlsəfə, kəlam, məntiq, təfsir, hədis və fiqh elmləri sahəsində yazılmış İslamla bağlı bir çox kitabları araşdırmaq və mütaliə etmək imkanı qazandı. Hətta bu dönəmdə həmin elmlərlə əlaqədar səksən kitabı əzbərlədiyi söylənməkdədir. Bitlisdəki ən son elmi və dini təhsilini isə Şeyx Məhəmməd əl-Küfrəvidən aldı.

Bu əsnada yerli bir qəzetdə İngilis müstəmləkələr naziri Qladistonun İngilis Xalq Parlamentində (Palatası) Quranı əlində tutaraq belə dediyini oxudu: "Bu Quran müsəlmanların əlində olduğu müddətdə, biz onlara tam hakim ola bilməyəcəyik. Buna görə də Quranı ya tamamilə aradan götürməliyik, ya da müsəlmanlarla onun arasındakı bağlılığı qoparmalıyıq".

Bu xəbər Bədiüzzamanın içində fırtınalar qopardı. O, güclü zəkası, geniş bilgi yığımı və islami həyəcanı ilə məsələnin nə qədər təhlükəli olduğunu anlamışdı. İngilislərin rəhbərlik etdiyi Qərb dünyası İslam və müsəlmanların üzərinə böyük miqyaslı bir hücum üçün hazırlaşmaqda idi. Buna görə də Şərqi Anadoluda müsəlmanların elmi yöndən, maddi və mənəvi sahələrdə inkişaf etmələrini təmin edəcək modern bir İslam universitetinin qurulması planını gerçəkləşdirə bilmək üçün 1896-cı ildə İstanbula getdi. Çox təəssüflər olsun ki, burada dövlət böyüklərindən gözlədiyi dəstəyi ala bilmədi və əliboş olaraq geri qayıtdı.

1907-ci ildə təkrar İstanbula getdi. Bu dəfə şöhrəti əvvəlki gəlişindən daha çox yayıl­mışdı. Ətrafında toplanan tələbələr və alimlər ondan bir çox elmi suallar soruşur və hər suala çox ətraflı, dəqiq cavablar alırdılar.

Artıq onlar bu insanın elminə və zəkasına olan heyranlıqlarını etiraf etmək məc­bu­riyyətində qalmışdılar.

II Məşrutiyyətin elan edildiyi vaxtlarda Bədiüzzaman Səlanik Hürriyyət meydanında bir nitq söyləyərək həqiqi hürriyyətin nə olduğunu açıqladı. Onunfikrinəgörəhəqiqihürriyyət, həddiniİslamınçəkdiyişərihürriyyətdir, yoxsaheçbirməhdudiyyətinolmadığıanarxiyadeyildir. Qərbin sosial həyatına aid pis cəhətləri deyil, inkişaf etməsinə səbəb olan elmi dəyərlərin götürülməsi lazımdır. Osmanlının geri qalmasında bu üç qrup məsuldur: Üləma (alimlər), Qərbi tam mənası ilə qavraya bilməyən tələbələr və təriqət əhli. Bədiüz­zamana görə öz dar çərçivələrində qalıb hər biri digərini küfr və cəhalətdə ittiham etmişdir.

«İttihad və Tərəqqi»nin qurucularından bəzisi Səlanikdəki bir Yəhudi-Mason cəmiy­yətinə üzv olub Osmanlı dövlətinin məhv edilməsi üçün çalışmışdılar. Bunun nəticəsində də böyük dövlət müstəmləkəçi ölkələrin arasında paylaşdırılmış, Əbdülhəmidin sonuna qədər müqavimət göstərdiyi Fələstində müstəqil bir yəhudi dövləti qurma düşüncəsi yaranmışdı. Buna görə Bədiüzzaman, İttihadi-Muhəmmədi cəmiyyətinə aid bir qəzetdə İttihadçıları xəbərdar edəcək yazılar yazmağa başladı.

Divani-Hərbi-Ürfidəki bəraətindən sonra İstanbuldan ayrılıb Vana getdi, Vana çatdıqda buradakı qəbilələri gəzərək sosial, mədəni, elmi dərslərlə onları irşad etməyə çalışdı. Daha sonralar bu sahədəki fəaliyyətini sual-cavab şəklində «Münazarat» adlı əsərində toplamışdı.

1911-ci ildə Şama gedərək, oradakı Əməvi Camesində çox bəlağətli və elmi bir xütbə söyləmişdi. Bu xütbəsində o, müsəlmanları ümidlərini üzməməyə, oyanmağa və uca İslamın prinsiplərinə ciddi bir şəkildə bağlanmağa çağırırdı. Onun bu kitabı da «Xütbeyi-Şamiyyə» («Şam xütbəsi») adı altında nəşr olunmuşdur.

Şamdan ayrıldıqdan sonra əvvəl Beyruta, sonra İstanbula qayıtdı. Burada Sultan Rəşadla görüşdü. Ona Şərqdə bir İslam Universitetinin açılmasına dair əvvəlcədən layihələndirdiyi planını təqdim edərək dəstək tələb etdi. Padşah və hökumətdən bu plana dəstək sözü aldı. Lakin çox keçmədən partlayan I Dünya Müharibəsinə görə bu plan tətbiq edilə bilmədi.

1912-ci ildə və Balkan Müharibəsinin düz əvvəlində Bədiüzzaman Şərqi Anadoludakı könüllü tələbələrindən təşkil olunmuş fədailərinin başında komandir olaraq Ruslara qarşı müharibəyə qoşuldu.

Osmanlı Dövlətinin müharibəyə qoşulmasına qarşı olmasına baxmayaraq, müharibə­ başlandığı üçün mədrəsəsində üç yüz tələbəsinə əsgər təlimi verərək Qafqaz cəbhəsindən hücuma keçən ruslara qarşı amansız bir müharibə apardı. Rus əsgərləri Bitlisə girdikdə o və tələbələri ölümü göz önünə alaraq şəhəri müdafiə etdilər. Bu vaxt o, ağır yara alaraq ruslara əsir düşdü, daha sonra Rusiyanın Kosturmadakı bir əsir düşərgəsinə yerləşdirildi.

Yalqızlıq, vəhşət və qürbət içində keçən təxminən iki illik əsarət həyatından sonra Rusiyada baş verən qarışıqlıqdan istifadə edərək çox təəccüblü bir şəkildə qaçmağı bacardı. Peterburq və Varşavaya gəlməyə müvəffəq oldu. Daha sonra Vyana yolu ilə İstanbula çatdı. 1918-ci ildə isə «Darul-Ümmətil-İslamiyyə»yə üzv oldu. Bura yalnız özü­nü təsdiq etmiş alimlər qəbul edilirdi. Darul-Hikmə o zaman Məhəmməd Akif, İzmirli İsmail Haqqı və Əlmalılı Həmdi kimi İslam alimlərindən tərkib tapmış bir İslam akademiyası idi. Türk tarixçisi İsmail Haqqı, Bədiüzzamanın «Darul-Hikmətil-İslamiy­yə»yə üzv olaraq qəbulunun səbəbini son Osmanlı Şeyxülislamı Mustafa Səbri Əfəndidən soruşduqda onun cavabı belə olur: «O, hədis elmini çox yaxşı bilir».

Bu vaxt hökumətin onun üçün təyin etdiyi böyük məbləğdəki maaşın çox az bir qismini öz ehtiyacları üçün ayıran Bədiüzzaman, qalan hissəsini yazdığı islami kitabların və risalələrin çap edilməsi üçün xərcləyir, hətta bunları pulsuz paylayırdı.

İngilislərin İstanbulu işğal etmələri Bədiüzzamanı çox təsirləndirdi. Bu hadisə ilə İslam aləminə böyük bir zərbənin vurulduğunu hiss etdi. Bu işğala qarşı əlindən gələni etməyi qərarlaşdırdı və «Xütuvati-Sittə» adlı əsərini yazmağa başladı. Dostları və tələbələrinin də dəstəyi ilə gizlincə bu əsəri çoxaldaraq payladı. Həmin əsərdə ingilis müstəmləkəçilərə qarşı cihad edilməsinin vacibliyi, insanların üzərinə çökən ümidsizlik buludlarının dağıdılmasının lüzumu anladılırdı.

Anadoluda işğalçı güclərə qarşı başlayan qurtuluş hərəkatını dəstəkləyəcək mahiyyətdə, 112 müfti və alimin imzası ilə bir fitva çıxarıldı və paylandı. Bu arada İslam düşmənlərinə qarşı verdiyi amansız mücadilədən xəbərdar olan Ankara hökuməti Bədiüzzamanı dəfələrlə Ankaraya dəvət etmişdi. O, 1922-ci ildə Ankaraya gələrkən dəmiryol vağzalında böyük bir izdiham tərəfindən qarşılandı. Lakin burada axtardığını tapa bilməyən Səid Nursi dövlət böyükləri haqqında xəyal qırıqlığına uğramışdı, çünki dövlət adamlarının çoxu həm namaz, həm də digər dini mövzulara çox laqeyd yanaşırdılar. Daha da pisi o idi ki, türk xalqını islamiyyətdən uzaqlaşdırmaq istəyənlər də vardı. O, 19 yanvar 1923-cü ildə Milli Məclisdə bütün millət vəkillərinə ünvanlanmış mənalı bir xütbə söylədi. İndiyə qədər məclis protokollarında qorunan bu nitqin təsirilə 50-60 deputat namaza başladı, hətta məclisdəki məscid çatmadı, buna görə namaz üçün böyük bir otaq ayrıldı.

Bu xütbənin deputatlara, komandirlərə və alimlərə dərs verilməsi və belə bir inkişafın ortaya çıxması, Bədiüzzamanla Mustafa Kamal Atatürkü qarşı-qarşıya gətirdi.

Bədiüzzaman Ankarada səkkiz ay qalıb, burada İslama dəvət üçün çalışdıqdan sonra Vana qayıtmaq qərarına gəldi.

Bu şəkildə yeni bir həyata başlamaq üçün Ankara ilə vidalaşdı. Həyatının bu yeni bölümündə təfəkkür, etikaf və ibadətə üstünlük verəcəkdi. Lakin buraya gəldikdə onu böyük bir hüzn qarşıladı.

Səid Nursi nəfsini və ruhunu tərbiyə edə bilmək üçün bu şəkildə özünü ibadətlərə və təfəkkürə verdiyi bir vaxt şərqdə Ankara hökumətinə qarşı üsyan hazırlığında olan Şeyx Səid ona bir məktub göndərdi. Məktubu oxuyan Bədiüzzaman çox mənalı bir cavab verdi və bu hərəkata qarşı olduğunu bildirdi.

Şeyx Səid üsyanının partlaması və bu üsyanın qanlı bir şəkildə yatızdırılmasından sonra hökumət gücləri Kürd qəbilə rəislərinin və şeyxlərinin bir çoxunu həbs etdi. Hətta bu üsyanla uzaqdan-yaxından heç bir əlaqəsi olmayanlar da bu həbs olunanlar arasında yer aldı.

Bədiüzzaman da Vandan çıxarılıb jandarmlarla yola salınarkən küçələrə çıxıb: «Aman əfəndi həzrətləri, bizi buraxıb getmə! İcazə ver, sizi getməyə qoymayaq. İstəsəniz Ərəbistana aparaq», – deyə yalvaran silahlı qruplara, əhaliyə və qabaqcıl şəxslərə, «Mən Anadoluya gedəcəyəm, onları istəyirəm», – deyərək bütün təklifləri rədd etdi və hamısına təskinlik verdi. Əvvəl Burdura sürgün edildi. Orada bir qədər sıxıntılı və basqıdolu günlər yaşadı, lakin o burada da boş dayanmayıb on üç dərs olan «Nurun ilk qapısı» adlı kitabını yazaraq iman əhlinə gizlicə dərslər verməyə başladı. Bu vəziyyətdən narahat olan məmurlar kənar bir nöqtədə, məhrumiyyət, kimsəsizlik və qürbət həyatı içində öz-özünə ölsün getsin – deyə düşünərək, onu dağlar arasında tənha bir yer olan Ispartanın Barla nahiyəsinə göndərdilər.

Bədiüzzaman Barlada daim çox güclü bir basqı, zülm və nəzarət altında saxlandı.

1932-ci ildə azanı ərəbcə oxumaq yasaq edilir, türkcə oxunur. Lakin nə Bədiüzzaman, nə də tələbələri bu qərarı tətbiq etmirlər. Məscidin içərisində gizli olaraq ərəbcə oxumağa davam edirlər. Səlahiyyətli şəxslər bu vəziyyətdən xəbərdar olunca, Bədiüzzamanı Ispartaya aparırlar. Burada da Nur risalələrinin yazılması davam edir.

25 aprel 1935-ci ildə başda özü olmaqla bir çox tələbəsi də tutularaq həbs edilir. Sübh tezdən məsum və məzlum Bədiüzzaman evindən çıxarılaraq tələbələri ilə bərabər əlləri qandallı halda, yük maşınları ilə Əskişəhrə yola salınır.

Bədiüzzaman Əskişəhr həbsxanasında 9 ay qalandan sonra, yenə heç bir qanuni əsası olmadan Qəstəmuniyə (Kastamonu) sürgün edilir.

Lakin bu maneələrə baxmayaraq, Risaleyi-Nur başdan-başa bütün Türkiyəyə yayılır və hər səviyyədən insanlar tərəfindən oxunur.

24 yanvar 1948-ci ildə Bədiüzzamanın və yaxın tələbələrinin həbs olunmalarına dair bir əmr çıxarılır. Yenə də məhkum münasibətinə məruz qalırlar.

Xüsusilə Bədiüzzaman iyirmi aylıq həbs müddəti ərzində hər kəsdən ayrı olaraq, üstəlik qışın ən soyuq günlərində, pərişan bir vəziyyətdə yalnız buraxılır. Pəncərələrin iki millimetr buz bağladığı zamanlarda belə zəhər verilərək, 60 nəfərlik bir kamerada ölümün pəncəsinə atılır. Bu şərtlər altında belə Bədiüzzaman kisə kağızlarının və kiçik kağız parçalarının üzərinə Nur risalələrindən 15 Şüanı yazır. Bundan əvvəlki həbsxanalarda olduğu kimi Afyonda da bir çox dustaq Bədiüzzaman və tələbələrinin irşadı ilə doğru yolu tapıb islah olurlar. Bu vəziyyət­dən həbsxananın işçiləri, müdiri və keşikçiləri çox razı qaldıqlarını ifadə edirlər.

Məhkəmə iclasları uzun müddət davam edir və nəticədə 6 dekabr 1948-ci ildəBədiüzzamanın və iyirmiyə yaxın tələbəsinin 6 ay həbs olunmasına, yerdə qalan nur tələbələrinin də bəraətinə qərar verilir.

20 sentyabr 1949-cu ildə elan edilən əfv ilə Afyon həbsindən çıxan Bədiüzzaman üçün yeni bir həyat dövrü başlayır. Bu dönəmi Bədiüzzaman «Üçüncü Səid» olaraq adlandırmışdır.

Bu mərhələdə Bədiüzzaman siyasətlə bir az daha yaxından maraqlanır, çünki Xalq Partiyasının qarşısına müxalifət olaraq seçkilərə qoşulan Demokrat Partiyası seçkilərdə qalib gəlmişdi. Təxminən 25 il müddətində İslama və müsəlmanlara edilən təzyiqlər və haqsızlıqlar yüngülləşməyə başlamış, ilk dəfə Nur risalələrinin nəşrinə və yayımına və Bədiüzzamanın tələbələri ilə yaxından maraqlanmasına izn verilmişdir.

Nur tələbələri 1951-ci ildə «Gənclik Rəhbəri»ni yeni hərflərlə nəşr etdirirlər. Lakin bu inkişaf bəzi dairələri olduqca narahat edir, çünki Bədiüzzaman gəncliyə doğru üz tutmuşdu. Dinsiz təbəqə dərhal hərəkətə keçib Səid Nursini qarşılarına alaraq konstitusiyanın din əsaslarına dayanan bir dövlət qurmağı yasaq edən 163-cü maddəsini pozduğu ilə ittiham edərək, onu təsirsiz hala gətirməyə çalışırlar.

Səksən yaşında olan Bədiüzzaman qışın dondurucu bir havasında, məhkəmədə mühakimə olunmaq üçün İstanbula gəlir. Məhkəmənin ilk iclasında yaxşıca müdafiə olunur.

Bədiüzzaman 1960-cı ildə vəfat edənə qədər güclü təzyiqlərdən və məhkəmələrdən qurtula bilmədi. Dinsizliyi müdafiə edən kütləvi informasiya vasitələrinin də təəssübkeşliyinə baxmayaraq, Səid Nursi tələbələrinə dərs verməyə, əsərlərini və kitablarını çoxaldıb yaymağa davam etdi. Bütün bu əziyyətlərə dözərək iman xidmətini böyük bir mətinliklə davam etdirmiş, o çətin şərtlər altında yazdığı 6000 səhifəlik «Risaleyi-Nur» külliyyatını tamamlamağa və yaymağa müvəffəq olmuşdur. Quranı bu əsrin idrakına uyğun və qənaətbəxş bir üslubla izah və isbat edən, vəhbi olaraq ilhamla qələmə alınan bu əsərlər onun əzablı həyatının ən gözəl meyvəsidir.

Dinsizlik tərəfdarları olan səlahiyyətli şəxslər onu həyatının son anlarında belə rahat buraxmadılar. Ispartada bir müddət məcburi qaldıqdan sonra 20 mart 1960-cı ildə bəzi tələbələri ilə Urfaya getdi.

O, 23 mart 1960-cı ildə gecə yarısı kəmali sükunət içində Haqqın rəhmətinə qovuşdu. Vəfat xəbərini alan minlərlə Urfalı, axın-axın mehmanxananın önünə yığışdı. Bütün vilayətlərə teleqramlarla, telefonlarla Bədiüzzamanın vəfat xəbəri çatdırıldı.

Cənazə namazında böyük bir izdiham iştirak etdi. Ulu Camedə qılınan namazdan sonra Dərgaha gətirildi və burada dəfn edildi, lakin onu qəbrində də rahat buraxmadılar. Vəfatının üzərindən altı ay keçmədən qəbrindən çıxarılaraq bilinməyən bir məkana aparıldı. Qardaşı Əbdülməcidə güc tətbiq edilərək bu yerdəyişmə əməliyyatı başa çatdırıldı. Allahın rəhməti üzərinə olsun!

BƏDİÜZZAMANIN SİYASƏTƏ BAXIŞI

Ustadın əsərlərini ilk dəfə olaraq Azərbaycan türkcəsində sizə təqdim etməmişdən əvvəl onun siyasətə baxışını geniş təhlil etməyə ehtiyac vardır, çünki Ustadın «Ehtiyatlı olun, ehtiyatlı olun! Dünya cərəyanları, xüsusilə siyasət cərəyanları və məxsusən xariclə əlaqəli cərəyanlar sizi təfriqəyə salmasın. Qarşınızda birləşmiş zəlalət firqələri qarşısında pərişan etməsin! «əl-Hubbu filillah, vəl-Buğzu filillah» («Allah naminə sevmək, Allah naminə nifrət etmək!») rəhmani (ilahi) düstur yerinə «Siyasət naminə sevmək, siyasət naminə nifrət etmək» şeytani düsturunun hökm edib, mələk kimi bir həqiqət qardaşına ədavət və xənnas (Şeytan) kimi bir siyasət dostuna məhəbbət və tərəfdarlıq ilə zülmünə razılıq göstərib, cinayətinə şərik etməsin!» Və «Əuzu billahi minəş-Şeytani vəs-siyasə» («Şeytandan və siyasətdən Allaha pənah aparıram») kimi sözlərini düzgün başa düşməyən bir çox Risaleyi-Nur şagirdləri Bədiüzzamanın ümumi siyasəti tamamilə tərk edib, həyatdan əl çəkdiyini, zamanın idarəçilərinə haqqı və həqiqəti göstərmədiyini və müsəlmanların ictimai-siyasi proseslərə qoşulmayaraq yalnız iman həqiqətlərini öyrənmələrini tövsiyə etdiyini iddia etməkdədirlər.

Məsələnin daha yaxşı başa düşülməsi üçün "siyasət" sözünün mənasını və onun növlərini bilməyimiz zəruridir. "Sasə, yəsusu" sözündən yaranıb, lüğəvi baxımdan "heyvanların əhliləşdirilməsi və tərbiyə olunması, xalqın işlərinin idarə olunması və onlara rəhbərlik edilməsi" mənasını verən "siyasət" sözü, dini-şəri istilahda "xalqın irşad olunmaqla (düz yola çəkməklə) qısa, yaxud uzun zaman içində nicat yoluna doğru istiqamətləndirilməsi" mənasını verir. Siyasət əsasən üç hissəyə ayrılır:

1. Şeytani siyasət: Yalançılıq, xəyanət, hiylə, zülm, tamahkarlıq, cinayət və mənfəət kimi rəzilliklər üzərində bina olunmuş siyasətə şeytani siyasət deyilir. Siyasətin bu növünün islami siyasətlə heç bir bağlılığı yoxdur. Şeytani siyasətdə hakimiyyətin qorunub saxlanması üçün hər cür zülm və cinayətin edilməsi məqbul sayılır. Əxlaq və din məfhumlarından da iqtidara çatmaq, yaxud onu qoruyub saxlamaq üçün alət kimi istifadə olunur.

2. Heyvani siyasət: İnsanın və cəmiyyətin ictimai-maddi rifahının təmin olunması üçün şeytani dəyərlərdən uzaq bir şəkildə yürüdülən siyasətə heyvani siyasət deyilir. Bu növ siyasət peyğəmbərlər və övliyalar və indi də İslam alimləri üçün sabit olmuş siyasətin bir yönüdür, lakin unutmaq lazım deyildir ki, insan və cəmiyyət biryönlü varlıqlar deyildir və o da bütün işi-gücü yeməkdən və içməkdən ibarət olan bir heyvan deyildir. Bu siyasət səhih də olsa belə ümməti bir yöndə – heyvani və ictimai-maddi yöndə hidayət edə bilər. Bu növ siyasət İslamda peyğəmbərlər və övliyalar üçün sabit olmuş siyasətin naqis bir hissəsidir.

3. İslami siyasət: Cəmiyyətin fərdlər və cəmiyyət üçün məsləhətli olan nöqtəyə doğru istiqamətləndirilməsi və yönləndirilməsinə İslami siyasət deyilir. Belə bir siyasət peyğəmbərlər, övliyalar və ruhanilər üçün rəvayətlərdə sabit olmuş bir haldır.

Bütün bu deyilənlərdən sonra Bədiüzzamanın həyatını və əsərlərini diqqətlə oxusaq, başa düşərik ki, o, islami siyasətdən yox, bəlkə, bu gün olduğu kimi hər şeyin mənfəət üzərində bina olunduğu makyavelist siyasət anlayışından qaçmış və belə bir siyasət anlayışına Şeytana lənət etdiyi kimi lənət etmiş və bunun şərindən Allaha sığınmışdır. Lakin eyni zamanda kitab və risalələrini yazarkən çox incə bir siyasi üsluba riayət edərək küfr və şirk qarşısında müsəlmanların fəaliyyətini formalaşdırmış və onlara yön göstərmişdir. O, dövrünün böyük fironuna qarşı mübarizə aparmış bir İslam qəhrəmanıdır. İslam düşmənlərinin Türkiyədə hakimiyyətdə olduğu bir vaxtda onların arzularına alət olub onlara yaltaqlana bilmək üçün batil fitvalar və sözlərlə onları dəstəkləyənlərdən fərqli olaraq, son dərəcə təmkinli, planlı, proqramlı və sakit tərzdə hərəkət edərək bu küfr gedişatına «Dayan!» deməsi, kökündən uzaqlaşmış İslam ümmətinin xəstəliklərini müalicə etməsi, pozulan ictimai həyatı düzəltmək istəməsi, mücadiləsində dərin düşüncə platformasına yer verməsi, idrakları gücləndirməsi və xülasə müsəlmanları yenidən təşkilatlandırması, siz deyin siyasət deyil, bəs nədir? Məgər siyasət sözü «xalqın irşad olunmaqla qısa, yaxud uzun zaman içində nicat yoluna doğru istiqamətləndirilməsi» mənasını vermirmi? Bəli, Risaleyi-Nur müəyyən şərtlər çərçivəsində və müəyyən bir üslubla müsəlmanların fəaliyyətinin formalaşdırılması və onların istiqamətləndirilməsi üçün yazılmışdır. O, bütün siyasət kitablarının fövqündə dayanan bir hidayət və siyasət kitabıdır.

Çoxları Ustadın öz həyatını «Köhnə Səid», «Yeni Səid» və «Üçüncü Səid» dövrlərinə ayırmasındakı incəliyi anlaya bilmirlər. «Köhnə Səid» insanların arasına qarışır, onların dərdlərini dinləyir və sıxıntılarına şərik olmağa çalışır. «Yeni Səid» mərhələsi ilə bu vəziyyətdən sıyrılıb, öz aləminə dönərək bütünlüklə Allaha yönəlir.

«Köhnə Səid» dünyanın zahiri görünüşü ilə daha çox əlaqədardır. Elmdə dərinləşir, mədəni fəaliyyətləri təqib etməyi sevir və fəlsəfə oxuyur. Xülasə, böyük şəhərlərdə həyat axınının gur nöqtələrindədir. «Yeni Səid» Allahda fani olmuş qüvvətli bir mömindir. Kainat kitabı ilə bütünləşmiş, həqiqəti axtaran bir yolçu israrla və mətanətlə müsəlmanları küfr qaranlığından, nifaq çuxurundan, inkar bataqlığından, cəhalət qaranlığından qurtarmağa çalışan bir komandir kimidir.

«Köhnə Səid» heç bir güc və qüvvədən çəkinmədən hərəkət edən bir mütəfəkkirdir. Onu heç kim din və vətən mövzusunda qorxutmamışdır. Buna görə də siyasətin tam ortasında, təhlükələrlə iç-içə, düşmənləri ilə üz-üzə olmuş, ən qabaq sıralarda düşmənlə savaşan bir ordu koman­di­ri kimi yetişdirdiyi tələbələrini imanın müdafiəsinə istiqamətləndir­miş­dir. Beləliklə, zalımları rahat yataqlarında yuxusuz buraxmış, qafilləri, münafiqləri, mülhidləri və səfahət əhlini parça-parça edərək məğlub etmişdir.

«Köhnə Səid» bütün bu halları yaşadıqdan sonra «Yeni Səid» siyasəti tamamilə tərk etdimi?

Əgər bu mövzuda zehinlərdə bir şübhə vardırsa, Risaleyi-Nur bağçasını birlikdə gəzib Səid Nursinin siyasət və siyasətçilər haqqında nə dediyinə, nələr etdiyinə və nələr yazdığına baxaq:

Bədiüzzaman müsəlmanları mədəniyyət adı altında pis yola istiqa­mət­ləndirən idarəçiləri belə tənqid edir:

«Sizin cəbrən belə iman əhlini mimsiz mədəniyyətə (ədəniyyətə, yəni alçaqlığa) sövq etməkdəki məqsədiniz, əgər məmləkətdə asayiş və əmniyyət yaratmaq və asanca idarə etməkdirsə, onu bilin ki, xəta edirsiniz, səhv yola sövq edirsiniz, çünki etiqadı sarsılmış, əxlaqı pozulmuş yüz fasiqin idarəsi və onların içində asayişin təmin olunması, minlərcə saleh əməlli insanların idarəsindən daha çətindir». («Ləmələr» )

– 22-ci Ləmənin hamısı siyasi mövzularda soruşulan suallar və verilən cavablardan meydana gəlmişdir. Bu Ləmədə Bədiüzzaman İslamiyyətin yolunda apardığı fəaliyyəti, müsəlmanların səadəti üçün etdiyi xidmətləri anladır. Dövlətin və dövlət adamlarının haqlının yanında olmadıqlarından, İslam yolunda xidmət edənlərə etdikləri zülmlərdən, qanunları necə istəyirlərsə, elə də tətbiq etdiklərindən bəhs edərək onları qanunsuzluqda fironlaşan zalım və təkəbbürlü tüğyan əhli olaraq vəsfləndirir. («Ləmələr»)

– Zəmanəsindəki tüğyan əhlinin, bidət, ilhad, fəsad və zəlalət içində olduqlarını söyləyərək, onların işlərinə müdaxilə etməyə çalışan rəisləri isə münafiqlər olaraq vəsfləndirir. İmana təcavüzün ən çox bu zamanda olduğunu bildirərək, hər şeydən əvvəl imanın xilas edilməsi və iman şüurunun yaradılması üçün çalışır. Beləliklə, ad çəkmədən, bəzi məqamlara və şəxslərə nələrsə başa salmağa çalışdığı açıqca görülməkdədir. («Ləmələr» )

– 13-cü Ləmədə iman əhli ilə zəlalət əhli arasındakı mübarizə ilə əlaqədar olaraq, zəlalət əhlinin haqq əhlinə qalib gəlməsindəki hikməti açıqlayır. Bədiüzzamanın verdiyi cavab belədir:

«Mütləq çoxluğa görə zəlalət və şər mənfidir, təxribdir (dağıtmadır), ədəmdir (yoxluqdur) və pozğunçuluqdur. Mütləq çoxluğa görə hidayət və xeyir müsbətdir, vücudidir (varlıqdır), imar (abadlaşdırma) və təmirdir. Ona görə də «ət-Təxribu əshəl» («Dağıtmaq daha asandır») sözü zərbi-məsəl hökmünə keçmişdir».

«Məhz buna görədir ki, zəlalət əhli, həqiqətən, zəif bir qüvvə ilə çox güclü haqq əhlinə bəzən qalib gəlir. Lakin haqq əhlinin elə möhkəm bir qalası vardır ki, ona sığındıqları vaxt o dəhşətli düşmənlər onlara yanaşa bilməz və münasibətsiz bir iş görə bilməzlər. Əgər müvəqqəti bir zərər versələr də, «Vəl-Aqibətu lil-muttəqin» («Aqibət (son) müttəqilərindir») ayəsinin ən incə yönü ilə, əbədi bir savab və mənfəətlə o zərərin əvəzi ödənilir».

– 4-cü Ləmədə Bədiüzzaman bütün İslam cəmiyyətlərini birləşməyə, yaxınlaşmağa dəvət edir və belə deyir: «Tez bu mənasız və həqiqətsiz, haqsız və zərərli olan çəkişmə və qalmaqalı aranızdan götürün, yoxsa hal-hazırda qüvvətli bir şəkildə hökm edən zindiqə (küfr) cərəyanı, birinizi digəri əleyhinə alət edib, onu əzməsində istifadə edəcək. Bunu məğlub etdikdən sonra o, aləti də qıracaq. Siz tövhid əhli olduğunuz üçün aranızda uxuvvəti (qardaşlığı) və ittihadı (vəhdəti) əmr edən yüzlərlə əsaslı müqəddəs bağlılıq olduğu halda, ayrılığı tələb edən cüzi məsələləri buraxmaq daha çox lazımdır».

Bədiüzzaman mənfi millətçiliyin öldürücü bir zəhər və Qərbin pis xəstəliklərindən biri olduğunu belə ifadə edir:

«Millətçilik fikri bu əsrdə çox inkişaf etmişdir. Xüsusilə hiyləgər Av­ro­pa zalımları bunu müsəlmanlar içində mənfi bir şəkildə oyandı­rır­lar, ta ki, parçalayıb onları udsunlar». («Məktubat»; 298)

– 26-cı Məktubun 3-cü Məbhəsində (Fəslində) mənfi millətçilik fikrinə çox şiddətli bir şəkildə qarşı çıxaraq, kökünün Avropaya qədər uzandığından və İslam cəmiyyətinə gətirəcəyi zərərlərindən söz açır və dövlət məmurlarının şərqdə yaşayan Kürdlər və cənubdakı Ərəblərlə əlaqədar yanlış siyasətini tənqid edir. («Məktubat»; 297-303)

– Dövlət adamlarının bəzilərinin sırf kafirləri razı sala bilmək üçün gördüyü işlərinin yanlışlığından gileylənir. («Məktubat»; 335)

– Namaz qıldığı məscidində rahat namaz qılma imkanı verməyən dövlət məmurlarına etdikləri bu hərəkətlərinin yenə kafirləri razı edə bilmək məqsədinə xidmət etdiyini söyləyir.

– İslami prinsiplərin görüntüləri olan bəzi vəzifələri dəyişdirmədə dövlət məmurlarına dəstək olan və bu mövzuda rejimin istədiyi kimi bəzi fitvalar verən mənfur «alim»lərə şiddətlə qarşı çıxır. («Məktubat»; 370-371)

– Qabaqcıl tələbələrinə belə xəbərdarlıq edir:

«Ey qardaşlarım, əgər əhli-ilhada (kafirlərə) yaltaqlıq edənlər sizi qorxutmaqla müqəddəs mənəvi cihaddan vaz keçirmək üçün sizə hücum etsələr, onlara deyin: «Biz hizbul-Quranıq (Qurana xidmət edən dəstələrik) və Quran qalasındayıq». («Məktubat»; 389)

Buraya qədər anlatdıqlarımız istiqamətində deyə bilərik ki, Bədiüzza­man islami siyasətdən qaçmadan dinsiz siyasəti və siyasətçiləri çox açıq bir şəkildə tənqid etmiş, lazım olan sözləri deməkdən əsla çəkinməmişdir. Əgər Bədiüzzaman din düşmənlərinin gözündə təhlükəli bir siyasətçi qəbul edilməsəydi, 25 illik zaman boyunca onunla məşğul olub, sürgün və həbs edib işgəncə və təzyiq altında saxlayardılarmı? Həbsdən həbsə, məhkəmədən məhkəməyə, sürgündən sürgünə göndərərdilərmi? Ən şiddətli zülm və basqılar altında saxlayardılarmı? Ona edilən bu qədər haqsızlıqları nə üçün sükut edən alimlərə, baş əyən şeyxlərə, özlərini gizlədən xocalara etmədilər? Bəli, bütün bunların hamısını sadəcə Bədiüzzamana və onun kimi düşünənlərə etdilər, çünki bilirdilər ki, o, müsəlmanları oyandırıb İslam mədəniyyətini yenidən quracaq yeni bir proqrama sahibdir. Buna görə də onlar Səid Nursinin ağzından çıxan hər bir sözdən, etdiyi hər bir hərəkətdən qorxdular. İmkan tapdıqca onun tələbələrini əzməyə başladılar, tutub həbs etdilər. Bədiüzzamanı istibdad və diktaturaya dayanan laik (dünyəvi) nizama müxalif olan İslamı təmsil edən siyasi bir təhlükə gördülər.

Bədiüzzaman siyasəti tərk etdiyini söyləməklə bu ifadəsində «dövlə­tin hər istədiyini yerinə yetirmək, onu hər vəziyyətdə dəstəkləmək və məq­sədlərinə alət olmaq» mənasını nəzərdə tutmuşdur. Bu isə həqiqətdə onun təməl siyasi dünyagörüşünə ziddir. Buna görə də düşmənləri və müxalifləri bilmədən öz siyasətini yürüdərkən «Hərb hiylədir!» prinsipinə əsasən hərəkət etmişdir.

Bəli, onun yazdığı əsərlərin bu qədər mənəvi gücə sahib olduğunu bi­lən dövrün kafirləri, Bədiüzzamanın şagirdliyini iddia edən, əslində məs­ləyini başa düşməyən bəzi mason kölələri vasitəsilə onun siya­sət­dən uzaqlaşdığı fikrini, siyasətə nifrət etdiyini və müsəlmanlara cəmiyyətdə cərəyan edən ictimai-siyasi proseslərə qoşulmamasını tövsiyə etdiyini müsəlmanlara təlqin etməkdədirlər. Lakin onun əsərlərindən və həyatının qısa təhlilindən başa düşülür ki, o, əslində şeytani siyasət anlayışına müxalif bir mütəfəkkir olmuşdur.

Aldanmamalıyıq! Çünki aldanan heyvandır. Bədiüzzamanı olduğu kimi başa düşməli və qəbul etməliyik. Əgər onun yazdığı Risaleyi-Nurunun şagirdləriyiksə, eyni ilə onun kimi küfrə, şirkə, fəsada, bidətə və laikliyə (dünyəviliyə) qarşı son nəfəsimizədək vuruşmalıyıq. Məsləyimiz uğrunda qətiyyən güzəştə getməməliyik. Onun kimi İslam və iman uğrunda ölümün qucağına atılmağa hazır olmalıyıq. Əgər əqidə və amalımız uğrunda biz də onun kimi həbsdən-həbsə atılmırıqsa, onun kimi biz də əzablı günlər yaşamırıqsa, onun tələbəsi olduğumuzu iddia etməyə qətiyyən haqqımız yoxdur.

Tərcümə etdi: Xəyyam Qurbanzadə


  Şərhlər / 0 Şərh




 Şərh yazın


Ad və soyadınız* :
E-mail* :
Ölkə / Şəhər* :
Şərhiniz* :


ƏLLAMƏ BURQUİ


11

free counters

Sabiqun 2011-2019 © Bütün hüquqlar qorunur
Məlumatlardan istifadə zamanı istinad zəruridir!
Telefon: (+994 50) 429-20-99
Site by: azDesign.ws
 

Yeniliklərə abunə olun